Son dövrlərdə beynəlxalq aləmdə qarşıdurmaların artmaqda davam etməsi siyasi gərginliyin Avropa və Afrikadan Asiyaya keçməsi bəşəriyyətin hər an yeni müharibələrə sürüklənməsi təhlükəsini əmələ gətirib. Bu baxımdan dünyanın nüvə müharibəsi təhlükəsi qarşısında olduğunu bu yaxınlarda Çin ilə Hindistan arasında baş verən sərhəd toqquşmaları da bir daha təsdiq etməkdədir. Amma Hindistan-Çin gərginliyi səngiməmiş ona Dehli-İslamad qarşıdurması da əlavə olunub. Buna da səbəb son günlərdə Kəşmirin yenidən qanlı toqquşmalar meydanına çevrilməsidir. Dehlidə belə hesab edirlər ki, Pakistan tərəfindən dəstəklənən qüvvələr Kəşmirin Hindistan hissəsində baş verənlərdə günahkardırlar. Ona görə də, Hindistan tələb edib ki, Pakistan öz səfirliyinin tərkibini iki dəfə azaltsın və onun əməkdaşlarının casusluqla məşğul olmasını etiraf etsin. Hindistanın da İslamabadda missiyasının sayı azaldılacaq. Yəni faktiki olaraq Çinlə sərhəddə əmələ gələn gərginlikdən sonra Hindistan indi də Pakistanla müharibə təhlükəsi il üz-üzə qalıb. Dehlinin Hindistan ilə Çin arasında Himalaylarda bu yaxınlarda baş vermiş silahlı toqquşmaların fonunda Pakistanla da hərbi qarşıdurma yolu seçməsi isə faktiki olaraq Çinin xeyrinə işləyən amillərdən birinə çevrilmək üzrədir. Faktiki olaraq ortada acı bir həqiqət var: Hindistanın demək olar ki, bütün qonşuları ilə münasibətləri korlanmışdır. Bu da Pekinin xeyrinədir.
Qeyd edək ki, Pakistan Dehlidəki səfirliyinin beynəlxalq hüquq və diplomatik normalara uyğun fəaliyyət göstərdiyini söyləyərək, Hindistanın casusluq ittihamını rədd etdi. Məsələ ilə bağlı onu da xatırladaq ki, iki ölkə arasında xoşagəlməz ittihamların səsləndirilməsindən əvvəl İslamabadda iki Hind diplomatı ilə bağlı insident baş vermişdi.
Hindistanlı diplomatlar yol hərəkəti qaydalarını pozmaqda, piyadaya ziyan vurmaqda və hətta saxta əsginazlardan istifadə etməkdə şübhəli bilinərək həbs olunmuşdular. Həbsdən azad edildikdən sonra diplomatlar Hindistana qayıtdılar və sonda onlara işgəncə verildiyini söylədilər.
Buna görə də, XİN-in bəyanatında bildirilir ki, Hindistan hökuməti Pakistan nümayəndəliyinin ştatını 50% azaltmağa qərar verib. Qarşılıqlı olaraq Hindistan da İslamabadda öz nümayəndəliyini eyni nisbətdə azaldacaq. Onu da deyək ki, Pakistanın Hindistandakı səfirliyi Böyük Moğollar dövrünün arxitekturası üslubunda tikilmiş sarayda, Nyu-Dehlinin imtiyazlı diplomatik anklavında yerləşir. Hindistan mətbuatının yazdığına görə, Pakistanın Hindistandakı səfirliyində 80 nəfər çalışır.
AFP agentliyi qeyd edir ki, Hindistan-Pakistan münasibətlərindəki gərginlik Dehlinin Cəmmu və Kəşmir ştatının yarı-muxtar statusunu ləğv etməsindən sonra kəskin artıb və onu Mərkəzin birbaşa idarəsi altında yerləşən ərazilərə bölüb. Bu, da bölgənin əhalisi arasında narazılıqlara və etirazlara səbəb oldu. Yenə də Kəşmirdə baş verən son hadisələrdə günahkarın Hindistan olmasına baxmayaraq Dehlidə belə hesab edirlər ki, baş verənlərdə təqsirkar Kəşmiri dəstəkləyən İslamaddır və onun arxasında nəinki ideoloji baxımdan, həm də ərazisində yaraqlıları hazırlamaqla Pakistan dayanır.
Lakin son günlər Kəşmirdə Hind və Pakistan hissələrinin təmas xəttindən o qədər də uzaq olmayan Himalayalarda yeni qaynar nöqtə yaranıb. Hindistan və Çin əsgərləri strateji əhəmiyyətli Galvan vadisinə nəzarət uğrunda mübarizədə əlbəyaxa savaşa başladılar. Əlbəyaxa toqquşmalar zamanı da hər iki tərəfdən qanlar axıdıldı, yaralananlar oldu. Bu qanlı toqquşmalar xoşbəxtlikdən, atəşsiz ötüşdü və tərəflər arasında müharibəyə səbəb olmadı. Ancaq baş verən hadisələr Hindistanın qonşuları arasında böyük əks-səda doğurdu. Hindistanın hər bir qonşusu iki Asiya nəhənginə qarşı öz maraqlarını qorumağa cəhd edir. Bu məsələdə Pakistanın mövqeyi aydındır. Pakistan Hindistana qarşı mübarizədə Çinin əsas müttəfiqlərindəndir. Buna paralel olaraq Banqladeş, Nepal, Şri-Lanka kimi ölkələr də Hindistanın bölgədə yeritdiyi siyasətdən narazı olduqlarını gizlətmirlər.
ABŞ-ın Foreign Policy jurnalı Dehlini regiondakı bütün siyasətinin iflasa uğradığını etiraf etməyə çağırır. Amma 2014-cü ildə keçirilmiş seçkidə qazandığı qələbədən sonra Baş nazir Narendra Modi “Qonşular hər şeydən əvvəl”kursunu elan etdi. Onun mahiyyəti qonşularla münasibətlərin yaxşılaşdırılmasıdır. Yeni seçilmiş hökumət başçısının səfər etdiyi ilk ölkə Butan idi. Lakin dini-etnik, ərazi münaqişələri silsiləsi Dehliyə bu siyasəti əməli surətdə həyata keçirməyə imkan vermədi. Yenə də Hindistanı əhatə edən kiçik və orta ölçülü dövlətlər Dehlinin bölgə siyasətindən narazı olduqlarını gizlətmirlər. Həmin dövlətlər Dehlinin onlara qayğı göstərmək əvəzinə özünü böyük qardaş kimi aparmasını həzm edə bilmir bə bundan təşviş keçirirlər. Məsələn, Hindistanın ən yaxın qonşusu olan Nepalla münasibətləri heç də yaxşı deyil. Buna səbəb Hindistanın Nepala məxsus ərazinin bir hissəsinin ona məxsus olduğunu iddia etməsidir. Bu da iki ölkə münasibətlərini gərginləşdirib. Hindistan, Banqladeşin müstəqilliyini elan etdiyi ilk günlərdən onu dəstəklədi. Lakin bu ölkə ilə də münasibətlər çox sayda müsəlman miqrantların Hindistana daxil olması üzündən gərginləşib. Şri-Lanka ada dövləti də Hindistan təsirinin orbitindən çıxır.
Bütün bu fəsadlar Çinin qarşısında Hindistanın buraxdığı boşluğu doldurmaq üçün gözəl imkan açırlar. Təsadüfi deyil ki, Hindistanın qonşuları ÇXR – in həyata keçirdiyi “bir kəmər-bir yol” proqramında həvəslə iştirak edirlər. Ekspertlərin fikrincə, həqiqətən, Hindistan qonşu dövlətlərlə müəyyən dərəcədə böyük qardaş kimi davranır. Yəni bu məsələdə Hindistan Rusiyanın MDB ölkələrinə münasibətdə olduğu kimi hərəkət edir. Yəni Hindistan qonşu dövlətləri tamhüquqlu tərəfdaş kimi qəbul etmir. Dehli bu gün də regionda dominant mövqe tutmağa cəhd edir. Doğrudur, Hindistanın Cənubi Asiyanın bütün ölkələri ilə pis münasibətləri olduğunu söyləmək də şişirtmə olardı. Məsələn, Banqladeşdə “Avami liq” Partiyası hakimiyyətdə olub. Lakin bu ölkə ilə də Hindistan arasında son dövrlərdə gərginlik özünü göstərməkdədir. Hələlik iri dövlətlərdən yalnız ABŞ və Rusiya Çinin müttəfiqi rolunda çıxış edirlər.
Pekin də bundan məharətlə istifadə edir. Çin Hindistandan narazı olan bölgə ölkələrini öz tərəfinə çəkməkdədir. Pekin Hindistanın düşməni olan ölkələri, ilk növbədə Pakistan və Banqladeşi silahlandırır. Hindilər deyirlər ki, Çin Pakistana məxsus Qvadar limanında hərbi dəniz bazası yaradır. Həqiqətən, orada iki Çin hərbi gəmisi uzun müddət lövbər salmışdı. Lakin Qərb mətbuatı bu məsələ ilə bağlı hay-küy qaldıranda çinlilər gəmiləri İslamabada verdilər və onlar Pakistan Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil oldular.
Çinin Cənubi Asiyada ekspansiyası danılmaz faktdır. Lakin, Şanxay Universiteti Cənubi Asiya Araşdırmalar Mərkəzinin direktoru Zhang Jyadongun dediyi kimi, Çinin imkanlarının miqyası müəyyən çərçivə daxilindədir. Əlbəttə Pekin üçün Dehlidən gələn təhlükəni aradan qaldırmaq o qədər də çətin deyil. Bunu Çin Hindistana düşmən qonşu ölkələrin ələ ilə də edə bilər. Lakin hazırda Çin bütün diqqətini ABŞ-la aralarında əmələ gələn gərginliyin aradan qaldırılmasına yönəldib və ona görə də Hindistanla haqq-hesab çəkilməsini sonrakı mərhələyə saxlayıb…
Əziz Mustafa
Arazinfo.com