Heydər Əliyevin Moskvadan KQB-ni necə aldadaraq Azərbaycana gəlməsi hələ də məlum olmayan müəmmaya çevrilib. Hələ o zaman – 1987-ci ildə Sovet İKP MK-nın Baş katibi Qorbaçov onu işdən uzaqlaşdırır və Moskvadan çıxmağına imkan vermir. Bu, həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi olacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərini çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi. Ötən il Rusiyanın “Tam məxfi” verilişi maraqlı məqamları ortaya çıxartmışdı.
Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə deyilir ki, 1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər.
Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirilirdi: “Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə “Times” qəzeti məni hətta SSRİ-nin “parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.
Təbii ki, bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət 1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: “Sən getməlisən”.
Daha sonra Əliyev “səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlərin məzunu və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.
Azərbaycanda vəziyyət çox ağır oldu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyirdi. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.
Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımı nəzarət olunan, qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi.
Adının açıqlanmasını istəməyən MTN-nin keçmiş yüksək vəzifəli şəxsi bu barədə Publika.az-a bildirir ki, Heydər Əliyevin həmin vaxt KQB-nin nəzarətindən çıxaraq Moskvanı tərk etməsinin bir neçə yolları ola bilərdi. Onun sözlərinə görə, ilkin versiya KQB daxilində kimlərində ona yardım etməsidir: “İkinci versiya KQB-də çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər Əliyevin özü uzun müddət KQB-də çalışmışdı və əməliyyat işini praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci variantda isə ən yaxşı hazırlanmış əməliyyatdır”.
Keçmiş MTN-çi qeyd edib ki, Heydər Əliyev bu iki variantdan istifadə etmiş olmalıdır: “Amma hesab edirəm ki, onun Moskvadan çıxmağına özünün təşkil etdiyi xüsusi əməliyyat səbəb ola bilərdi. Çünki həmin vaxt vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi inandırcı görünmür. Güman ki, müəyyən dəstək olub, lakin bu dəstəyin miqyası onun KQB-ni azdırmağına yetərli olduğunu demək çətindir. Adətən peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən versiyadan istifadəyə üstünlük verirlər”.
Sabiq kəşfiyyatçının fikrincə, Heydər Əliyev zahiri görünüşünü dəyişdirərək Moskvanı tərk edib.
“Xüsusi əməliyyat dediyim də budur. Güman ki, o, zahiri görünüşü tanınmaz hala salaraq, bu addımı atıb. Bu Moskvanın ağılına gəlməzdi. Çünki Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı. Moskva inanmazdı ki, bu yaşda və bu nüfuzda olan şəxs belə bir addımı ata bilər. Amma bütün versiyaları analiz etdikdə daha çox bunu üzərində dayanmaq mümkündür”, – deyə o bildirib.
Digər maraqlı məqam Moskvadan Azərbaycana qədər olan uzun məsafənin necə qət edilməsidir. Sabiq kəşfiyyatçı hesab edir ki, ağıllı kəşfiyyatçı belə məqamlarda təyyarədən istifadə etməz. Onun sözlərinə görə, Heydər Əliyev də bunu etməzdi: “Maşınla başqa yerə gedib, ordan qatar, yaxud digər nəqliyyat vasitəsilə Azərbaycana gələ bilərdi. Yəni məsələnin tam tərsi – ən çox gözlənilən yox, ən az ehtimal olunan nəqliyyatdan istifadə etmiş olmalıdır”.
Hər halda Heydər Əliyev KQB-ni özünəməxsus olaraq aldadaraq Bakıya gəldi və bu, Azərbaycan üçün çox lazımlı idi. Amma onun gəlişi sirr olaraq qalır və bunun belə olacağı daha inandırıcı görünür.
Asif Nərimanlı