Azərbaycan Respublikasında XX əsrin sonu milli şüurun oyanışının yeni mərhələsi ilə xarakterizə olunur. Soy-kökünə, milli tarixə qayıdış tarixi tədqiqatların istiqamətinə də təsir göstərdi. Yeni tarixi tədqiqatlar dalğası başladı. Elmi və publisistik yazılarda tariximizə olan yad münasibət tənqid olunur, təhrif və saxtalaşdırılmalar arxiv sənədlərinə əsasən təhlil edilirdi. Azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət də yeni məzmun aldı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Ermənistan arasında Qarabağ müharibəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.
Azərbaycan xalqının təxminən otuz illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə sədr seçiləndən sonrakı ilk çıxışında demişdir: “Ali sovetin sədri kimi xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.
Bu çıxışdan sonrakı tarixi dövrə nəzər saldıqda bu ifadələrin müasir Azərbaycan cəmiyyətinin, dövlətinin simasında reallaşdırılmasının əyani şahidi oluruq.
Şübhəsiz, bu qayıdışın məna və əhəmiyyəti ondadır ki, Heydər Əliyevin qayıdışdan əvvəlki 24 illik fəaliyyəti dövründə və qayıdışdan sonra gördüyü işlər tarixçi nəsillərin həmişəlik tədqiqat obyekti olacaqdır.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.
Keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində növbəti və ən vacib addımlardan biri 1918-ci il mart soyqırımını öz siyasi qiymətini tapması oldu. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Bu məsələyə münasibətdə 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycanın təəssübkeş lideri Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günüdür. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik”.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri