“Heç bir ölkə Amerika kimi təkbaşına dünya lideri rolunda oynaya bilməz”

0
722

Henri Kissincerin son kitabının çox sadə adı var: ”Dünya nizamı” (World Order). Bəlkə də bu ad müəyyən mənada kinayəli səslənir, çünki Kissincerin özünün söylədiyi kimi, hazırda dünya nizamı, sadəcə olaraq, mövcud deyil.
Kissincer bildirir: “Bizim müasirlərimiz inadkarcasına və hərdən isə çarəsizcəsinə dünya nizamı konsepsiyası axtarırlar. Əsasən də ABŞ və Çin, onların dünya arenasındakı rolları ilə bağlı öz aralarında hər hansı razılaşmaya gəlməyincə, xaos hamı üçün təhlükəli olacaq”.

Bu razılaşmanın detalları hələ ki, aydın deyil və siyasətçilərdən onların bacardıqları qədər siyasi yaradıcılıq potensialı tələb edir. Lakin Kissincer bir məsələdə tamamilə əmindir:“Heç bir ölkə – istər Çin, istərsə də ABŞ olsun, soyuq müharibdən sonra Amerika kimi təkbaşına dünya lideri rolunda oynaya bilməz”.

Milyonlarla amerikalı və elə bizim əksər siyasətçilər də, hələlik bunu anlamayıblar. Çox güman ki, bu, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Amerikanın dünyada hərbi, siyasi, iqtisadi və mədəni hökmranlığına olan nostalgiya ilə izah olunur. Amma çoxları onu nəzərə almır ki, həmin hökmranlığın səbəbi dünyanın digər hissəsinin xarabalıqlar altında qalması ilə bağlı idi.

Özündənrazılıq o dövr üçün tamamilə təbii idi, çünki Amerikan baxışları və idealları bütün dünyada kök salırdı. Liberal iqtisadiyyat, demokratiya, insan hüquqları və şəxsiyyətə hörmət – Amerikan sisteminin əsasını təşkil edib. ABŞ, inanılmaz dərəcədə konquryentlik əldə edə bilib: onların milli maraqları və idealları tarixin hərəkəti ilə üst-üstə düşüb. Hamı amerikalı olub.

Bəlkədə amerikanların incəsənətdəki özünəməxsus inkişafı üçün britaniyalılar daha çox şeylər ediblər. Amma bunun elə də əhəmiyyəti yoxdur, çünki rokn-roll məhz Amerikada möhkəmlənmişdi.

Qızıl əsr heç zaman bizim üçün indi təsəvvür etdiyimiz qədər “qızıllı” olmayıb. 1962-ci ildə iki nəhəg dövlət – ABŞ və Sovet İttifaqı dünyanın məhv edilməsinin bir addımlığına gəlib çıxmışdılar. Anti-kommunizm həmişə liberal hücumla sıx bağlı şəkildə Amerikanın müdafiə kredosunun əks üzü olub. Lakin Amerikanın dünyaya baxışında xeyli sayda xoşagəlməz ziddiyyətlər mövcud idi. “Azad dünya” özünə Səudiyyə Ərəbistanı, Pakistan və İran kimi dövlətləri də daxil edib, baxmayaraq ki, bu dövlətlərdə azad və ya liberal heç nə yoxdur. Daimi olaraq hərbi diktatura ilə zəifləmiş demokratiya arasında ilişib qalmış Türkiyə isə, özünü yaxşı NATO üzvü kimi göstərib.

Amerikan düşüncəsindəki liberal dünya nizamına görə, belə dövlətlər qəbulolunmazdır. Bu cür əlverişli və qarşılıqlı hesablar əsasında qurulmuş ittifaqların xeyrinə xeyli sayda məntiqli arqumentlər söylənilib, lakin onlardan daima ikiüzlülük qoxusu gəlib. Ona görə də, mövcud vəziyyətlə əlaqədar rasional izah tələb olunub. Həmin izahlarda adətən belə bir ideya öncüllük edib ki, marifpərvər amerikanların təsiri altında anti-kommunist diktaturalar tədricən Qərb istiqamətində “təkamülə uğrayırlar”. Yəni başlıca arqument ondan ibarət olub ki, bu ölkələr marksizmin cəlbediciliyini inkar edib kənara itələyərək, yalnız Qərb istiqamətində inkişaf edə bilərlər.

Sovet İttifaqının dağılması və onun ardınca gələn böhranlar aydın şəkildə göstərdi ki, inkişaf üçün istiqamətlər əslində kifayət qədər çoxdur. Nə zaman ki, imperiyalar dağılır və onların siyasi legitimliyi sual altına düşür, onda bəzən nəticələr qanlı olur. Böyük Britaniya, Fransa, Osmanlı və Avstriya-Macarıstan imperiyaları dağılanda, burada öz müqəddəratını həll edərək, müstəqillik qazanmaq uğrunda qonşular arasındakı çəkişmələrdə milyonlarla insan məhv olub. Hansısa möcüzə ilə Sovet İttifaqı minimal itkilərlə çökdü. Çexlər və slovaklar sülh yolunu seçdilər. Sovet İttifaqının dağılmasının nəticəsi kimi, Yuqoslaviyanın parçalanması isə bizə tanış olan etnik təmizləmələr və böyük qırğınlarla sonlandı. Çeçenlər gecə qaranlığında itib getmək istəmədilər. İndi bütün dünya köks ötürərək, Ukraynadakı böhranın inkişafını izləyir. Tənəzzül qətiyyən xoş tamaşa deyil.

O ki qaldı ABŞ hökmranlığına, Rusiya və ya Britaniya imperializmini xatırlayanda, Amerikan imperializmindən danışmaq, haradasa səhv olardı. Amma beynəlxalq işlərdə əhəmiyyətli gücə malik anti-kommunizmin sonu dünya arenasında Vaşinqtonun təsir imkanlarının və nüfuzunun azalmasına gətirib çıxarıb ki, bunun da nəticəsi ənənəvi imperiyaların dağılmasına bənzəyir.

Amerikanın öncüllüyünün əsası olmuş liberal ruh, indi hətta Qərb alyansının daxilində də, milli, etnik və ya dini kimliklər qarşısında kifayət qədər zəif müdafiə kimi görünür. Nə vaxt ki, insan qrupları qəzəblidirlər və bir-birlərinə qarşı üsyana qalxırlar, onda demokratiya vəziyyəti dəyişməyə kömək etmək imkanında olmur. Afrikadakı və Yaxın Şərqdəki dəhşətlər – bu yalnız tənəzzül gücünün nəticələrindən biridir. Bu tənəzzül həmçinin Birləşmiş Krallığın Avropa Birliyindən cıxması məsələsində də yatır. Belçika iki yerə parçalana, Şotlandiya və Kataloniya isə müstəqillik əldə edə bilərlər. Təkcə Allah bilir ki, Avropa Birliyinin hansı küncündə hansı narazılıqlar gizlənir. Ona görə də, təlaşla söyləmək olar ki, indi Suriyada baş verənlər, siyasi institutların zəif və daha az sabit regionlarında, qorxulu gələcəyin çox saylı variantlarından biri kimi görünə bilər.

Bütün bunlar ona şahidlik edir ki, Amerikanın üstünlüyü bizim bildiyimiz kimi, artıq mövcud deyil. Kimsə Amerikanın yenidən böyük dövlət olmasını, qarma-qarışıq və iğtişaşlarla dolu regionlardakı “demokratlar”ın dəstəklənməsini gücləndirməklə bərpa etmək istəyirsə, o haradasa ilğım görür. Amerika böyük ölkədir. Böyük ölkə olaraq da qalır. Ancaq İkinci Dünya Müharibəsindən sonra onun istifadə etdiyi nüfuz və qüdrət, bir daha heç vaxt olmayacaq. Əgər Vaşinqton əlində qaldığı indiki mövcud hakimiyyəti saxlamağa cəhd edərsə, onda o, böyük müdriklik göstərmiş olar.

Hans Morqentau yazırdı ki, Amerikan siyasətçiləri iki şeyi bir-birindən ayırmağı öyrənməlidirlər: birincisi – xarici siyasətdə lazımlı şeyləri arzulananlardan fərqləndirməyi,ikincisi isə, arzu edilənləri həyata keçirilənlərdən fərqləndirməyi bacarmalıdırlar.

İndi ABŞ-ın digər böyük dövlətlərlə – hal-hazırda Rusiya və Çinlə, gələcəkdə isə Hindistan, İndoneziya, Yaponiya və Braziliya ilə birgə yaşamaq yollarını tapması hədsiz dərəcədə vacibdir.

Bunun üçün başa düşmək gərəkdir ki,həmin ölkələrin öz milli maraqları var və hətta əgər bu maraqlar Amerikan dəyərləri ilə ziddiyyət təşkil edirsə də belə, onları inkar etmək olmaz. Kompromis və razılığa gəlmək cəhdlərini hakimiyyətin zəifləməsi hesab etmək və eyni zamanda da Münxen sövdələşməsi obrazına istinad etmək – təhlükəli praktikadır.

Bu arada isə, ola bilər ki, indi tənəzzül dalğasını ləngitməyə cəhd göstərməyə dəyər. Əgər ABŞ oturub Avropa Birliyinin dezinteqrasiyasını passiv şəkildə müşahidə edərsə, onda şübhəsiz ki, Amerikanın milli maraqları ziyan çəkəcək. Bəzi hallarda tənəzzül xüsusi bir təlaş yaratmır. Məgər kimsə Vaşinqtonda Şotlandiyanın müstəqillik əldə edə biləcəyindən gecələr narahat yatır? Digər vəziyyətlərdə isə, arzuolunan nəticəni müəyyənləşdirmək çətindir. Görəsən hansı halda Amerikan maraqları daha artıq dərəcədə uduş əldə edər? Yəni, məsələn Yaxın Şərqdə kürd dövlətinin yaradılması prosesini müdafiə edən zaman, yoxsa bunun əleyhinə olanda və ya hansısa kompromis variant seçildiyi haldamı?

Lakin kimlərinsə uzunmüddətli perspektivdə öz müqəddəratını həll etməyə və müstəqilliyə can atmasını, yalnız şübhə və həyəcanla qarşılamalayıq. Nə qədər ki, dünyadakı dövlətlərin və muxtar regionların sayı artır, bununla birlikdə münaqişələrin və sabitsizliyin artması ehtimalı da çoxalır. İndiki məsələdə İsraili nümunə göstərmək olar. Düşmən əhval-ruhiyyəli qonşularla əhatə olunmuş İsrail dövləti, öz təhlükəsizliyini qorumaq üçün lazım gələn bütün tədbirlərə əl atıb və onun ən böyük üstünlüyü nüvə silahıdır. Digər yeni yaranmış dövlətlər də bu cür oxşar vəziyyətlərə düşə bilərlər. Və biz onların tam müstəqil olmaq istəklərində yanlışlığa yol verməməliyik. Çünki bu yol nüvə silahının yayılmasına doğru aparır. Çox böyük ehtimalla yalnız texnoloji bazanın çatışmaması Cənubi Sudana və Eritriyaya özünün nüvə silahını yaratmağa mane olur və hansısa bir anda hər şey büsbütün dəyişə də bilər.

Beləliklə, ən məntiqlisi dövlətin tənəzzülə uğramasının qarşısının alınması olardı. Müəyyən bir dövr üçün, sadəcə bu çox vacibdir. Amma problem, reallıqda bunun həyata keçirilməsinin böyük ehtimalla mümkünsüz olmasındadır.

(“The National İnterest”-ABŞ)

BIR CAVAB BURAXIN