Hasan Şaşı araq dalınca göndərən şairimiz… – LƏTİFƏLƏR

0
736

 

Akif Səmədə yaxın bir həkim araq içməyi qəti qadağan edir. Akif müəllim israrla yüz qram içməyə icazə ala bilir. Bir gün yüz qramdan artıq içdiyini görən dostlarından biri soruşur:

 

– Bəs həkim yüz qaramdan artığını qadağan eləmişdi?

 

Akif Səməd cavab verir:

 

– Üç həkim dostum var. Hərəsindən yüz qramın icazəsini almışam…

 

***

 

Akif Səməd Bilgəhdə ürəyindən müalicə alırmış. Dostları ziyarətinə gedir. Kabab, bozartma, hər cür yemək alırlar… Akif müəllim araq içmək istəyir. Dostları irad bildirəndə deyir:

 

– Heç olmasa yarım litrlik arağın balacasından birini alaq…

 

***

 

Şair M.Nağıyev adına xəstəxanada yatırmış. Bir neçə içki içməyən dostu əllərində mer-meyvə ona baş çəkir. Dostlardan biri soruşur:

 

– Akif müəlim, o araq vurduğun adamlardan biri gəlib sənə baş çəkdi?

 

Akif Səməd ciddi-ciddi cavab verir:

 

– Yox. Yaxşı da elədilər. – əlini onlar alan meyvəyə uzadır – arağın pulunu belə axmaq-axmaq şeylərə vermək olmaz!

 

***   

 

 

Akif Səməd paxmel vaxtı Türkiyə-Braziliya oyununa baxırmış. Hasan Şaşın performansını görüb heyrətlə deyir:

 

– Çox qəşəng qaçır. Araq dalınca göndərmək olar.

 

***

 

Akif qağa dəm vəziyyətdə metroya girmək istəyir, polis bunu saxlayır.

 

Akif Səməd:

 

– Məni niyə saxlamısız? Qatarı mən sürməyəcəm ha!

 

***

 

“Azadlıq” meydanına yaxın, “Köhnə Dəyirman”ın yanındakı “Nərgiz” kafesində yeyib-içən Akif Səməd Meydan hərəkatından danışan məclis əhlinə deyir:

 

– Mən də o vaxt milli hərəkata qoşulmuşdum. Amma hər dəfə buracan gəlirdim.

 

***

 

Məclislərin birində Akif Səməddən soruşurlar:

 

– Ehtiram İlham 10 ballıq şkala ilə neçəlik şairdir?

 

– O, şkalaya sığmaz! – deyə Akif Səməd cavab verib.

 

***

 

Başqa bir məclisdə daha bir sual verirlər:

 

– Akif müəllim, sizdən nə qalacaq?

 

– Ağamalı Sadiq imkan versə, iki-üç gəraylı…

 

***

 

Akif Səmədin dahiyanə deyimlərindən biri: “Bilirsiniz, biz vətəni niyə yarımçıq sevirik? Çünki vətən özü də yarımçıqdır; 20 faizi işğaldadır.”

 

***

 

Türkiyədə ciddi tədbirlərin birində türk qardaşlarımız Akif Səməddən soruşurlar:

 

– Şair, erməni nədir ki, onun qabağından qaçdınız?

 

Akif Səməd qeyri-adi cavab verir:

 

– Erməni nədir? Biz rus imperiyasından 80 faiz torpağımızı azad eləmişik, 20 faiz qalıb. Bizə kömək eləməkdən iynəli suallar verirsiz.

 

***

 

Akif müəllim cavan vaxtı da xeyli yaşlı görünürdü. Xüsusən qoyduğu buxara papağa görə ona bəzən öz yaşıdları da əmi, ya dayı deyirdi. Buna görə dostları onunla zarafatlaşırdılar və təbii ki, Akif Səməd də vecinə almırdı. Ancaq həmişə belə olmurdu.

 

Bir dəfə taksiylə gedirmişlər, dostlarından biri sürücüyə müraciət edib qabaqda oturan Akif Səmədi göstərir:

 

– Bu adama neçə yaş verərsiz?

 

Taksi sürücüsü gözlərini qıyaraq şairə baxır və düşünüb-düşünüb dillənir:

 

– 73!

 

Dostlar gülüşür.

 

Taksidən düşüb xeyli aralanırlar, hamı taksidəki söhbəti unudur və düşünürlər ki, Akif Səməd də unudub. Ancaq şairin dodaqaltı taksi sürücüsünün qarasına deyindiyini görəndə yanıldıqlarına əmin olurlar:

 

– Köpəyoğlu! Elə də 73 deyir, guya çox dəqiq tapıb! Heç olmasa yuvarlaq rəqəm denən də! Ya 70, ya 75! 73 nəydi day…

Kulis.az

BIR CAVAB BURAXIN