Hadi Rəcəbli: “Mən belə söz deməmişəm”

0
663

Sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin adından tirajlanan bir xəbər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, Milli Məclisin son iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı H.Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və deyib ki, “143 manata bir ay normal yaşamaq olar”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az saytına açıqlamasında bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Yəqin ki, həmin iclası izləyən parlament jurnalistləri də təsdiqləyər ki, mən belə bir söz deməmişəm. Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur.  Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir.  Belə bir söz deməmişəm. Bir öyrənin daha sonra yazın da… Ehtiyac meyarının həddi onun üçündür ki, ünvanlı sosial yardım müəyyənləşdirilən zaman bu rəqəm əsas götürülsün”.

Hadi Rəcəbli sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.