Rusiyanın Ermənistana göndərdiyi qaz Gürcüstanda qalmaqal doğurub
Gürcüstanda hökumətin bu yaxınlarda Rusiyanın “Gasprom” şirkəti ilə bağladığı müqavilə ətrafında yaranmış qalmaqal səngimək bilmir. Söhbət Rusiyanın Gürcüstandan keçməklə Ermənistana nəql etdiyi təbii qaza görə Gürcüstana ödədiyi tranzit haqqının ödəniş formasının dəyişdirilməsi barədə sazişdən gedir.
Müxalifət və bəzi qeyri-hökumət təşkilatları iki il müddətinə bağlanmış bu sazişi ölkənin milli maraqlarına zidd sayır və bundan narahatlıqlarını bildirir. Onlar sazişin təfərrüatlarının ictimaiyyətə açıqlanmasını tələb edirlər.
Parlamentdəki müxalifət nümayəndələri energetika naziri Kakha Kaladze-ni danışıqlar zamanı lazımi prinsipiallıq və çeviklik nümayiş etdirməməkdə və Gürcüstana sərfəli olmadığı əvvəlcədən bəlli olan bir sənədə imza atmaqda suçlayırlar. Tənqidçilərin fikrincə, “Gasprom”la imzalanmış müqavilənin yeni şərtləri Gürcüstanı Rusiyanın nəhəng qaz inhisarçısından asılı vəziyyətə salır.
“Rusiyadan asılı vəziyyətə düşmüşük”
Vahid Milli Hərəkat Partiyasının keçmiş üzvü, hazırda “Avropa Gürcüstanı” fraksiyasının nümayəndəsi olan Yelena Khoshtariya məsələ barədə bunları deyib:
“Rusiyanın ərazimizdən Ermənistana ötürdüyü qazın 10 faizini almaq kimi sərfəli və yüzdəyüz təminatlı bir şərti mübarizəsiz-filansız əldən vermişik. İndi artıq bizim mövqeyimiz zəifdir. Rusiya gələcəkdə istənilən vaxt bizə öz şərtlərini diktə edə biləcək. Qısası, 10 ildir vaxtını heç bir problem yaşamadan uzatdığımız bir məsələdə Rusiyadan asılı vəziyyətə düşmüşük”.
Hökumət nümayəndələri isə israrla bildirirlər ki, Tbilisinin Moskvadan hər hansı asılılığının yaranmasından söhbət gedə bilməz. Onlar müqavilə detallarının ictimai müzakirəsinə də zərurət görmürlər. Hakim partiyanın fikrincə, sənəd artıq imzalandığından, hər hansı müzakirəyə ehtiyac da yoxdur.
“Gürcüstan Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze deyir:
“Bu məsələdə ictimaiyyət onu maraqlandıran bütün suallara cavab alıb. Sadəcə, ana müxalifət partiyası diqqəti bugünlərdə yaşamış olduğu parçalanmadan yayındırmaq üçün “Gasprom”la müqavilənin detallarını ictimailəşdirmək tələbini irəli sürür. Bu səbəbdən onların tələbi qeyri-legitimdir”.
Qeyri-legitimlik bir yana qalsın, hökumət sənədin təfərrüatlarının konfidensial olduğunu və buna görə də onları açıqlamayacağını bildirir.
Gürcüstan “Gasprom”dan güzəşt də qoparıb?
Energetika nazirinin müavini Mariam Valishvili ötən il söylədiklərini bir daha təkrarlayıb. Deyib ki, Gürcüstan Rusiya tərəfinin şərtindən imtina etsəydi, Moskva Ermənistana qazı İran vasitəsilə nəql edəcəkdi. Bu səbəbdən də Tbilisinin təqdim olunan kontraktı imzalamaqdan başqa yolu qalmayıb. Üstəlik, nazir müavini onu da əlavə edib ki, guya Gürcüstan “Gasprom”dan güzəşt də qopara bilib:
“Biz ona nail olduq ki, Rusiya istənilən halda ildə 2 milyard kubmetr qazın tranzit haqqını bizə ödəyəcək – bu qədər qazı heç nəql etməsə də”.
Ancaq bu cavablar nə müxalifəti, nə də qeyri-hökumət sektorunu qane edir. Özündə 22 QHT-ni birləşdirən “Avroatlantika Gürcüstanı Koalisiyası” bəyanatla çıxış edərək, yeni şərtlərin ölkənin enerji təhlükəsizliyini zəiflətdiyini bildiri
Bəyanat müəlliflərindən biri, “Transparency İnternational” təşkilatı-nın Gürcüstan bölməsi direktorunun müavini Georgy Oniani-nin dediyinə görə, dünənədək hökumət üzvləri də yeni şərtlərin əlverişsiz olduğunu söylədikləri halda, sazişin qəfildən imzalanması xeyli sual doğurur:
“Tranzitə görə ödəniş üsulunun qarşılıqlı hesablaşmadan pul ödənişinə çevrilməsi ötən il qəti şəkildə qəbuledilməz sayıldığı halda, bu il nə baş verdi ki, buna razılıq verildi? Daha əlverişli şərtləri təmin etmək üçün danışıqlara beynəlxalq tərəfdaşlar cəlb olunmuşdumu? Belə suallar cavabsız qalır. İctimaiyyətin həmin suallara cavab istəməsi tam legitim istəkdir. Hakimiyyət bunlara cavab verməli olacaq”.