Gürcüstanın baş prokurorluğu ölkənin 84 yaşlı patriarxına qarşı sui-qəsdin qarşısının alındığı və 2-ci İliyanı zəhərləməyi planlaşdıran baş keşişlərdən birinin həbs olunduğu barədə bəyanat yayıb.
Gürcüstan patriarxı 2-ci İliya hazırda Almaniyada müalicə olunur.
AzadlıqRadiosunun məlumatına görə baş prokuror İrakli Şotadze fevralın 13-də bildirib ki, Gürcü Partriarxlığının Mülkiyyət Vəqfinin rəhbəri, baş keşiş Giorgi Mamaladze fevralın 10-da Tbilisi hava limanında Berlinə uçan təyyarəyə minərkən həbs olunub.
Xəbərlərə görə Mamaladze öd kisəsinin cərrahiyyəsi əməliyyatına hazırlanan patriarxa baş çəkməli idi, lakin həbs vaxtı çantasında sianid maddəsi tapılıb.
Baş prokuror Mamaladzenin iddia olunan hədəfinin kimliyi barədə danışmayıb, lakin deyib ki, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin başçısı Anzor Çubinidze Gürcüstan patriarxının təhlükəsizliyini təmin etmək üçün Berlinə ezam olunub.
2-ci İliya Gürcü Kilsəsinə 1977-ci ildən başçılıq edib və ölkənin sosial-siyasi həyatında mühüm rol oynayır.
Bütün rəy sorğuları onun Gürcüstanda ən çox hörmət edilən fiqur olduğunu göstərir.
Onun Gürcüstanda hər bir ailədə doğulan ikinci uşağı şəxsən xaç suyuna salması əhalisi azalmaqda olan ölkənin demoqrafik vəziyyətini dirçəldib.
Bu da xəbər verilir ki, patriarxın fevralın 13-də keçirilən cərrahiyyə əməliyyatı uğurlu olub.
Gürcüstan patriarxının həyatına sui-qəsd cəhdi barədə xəbəri ilk dəfə Rustavi-2 telekanalı yaymışdı.