2017-ci il yanvarın 1-dən Gürcüstana gətirilən avtomobillərə aksiz vergisi artırılacaq və illik gəliri 40 min larini aşan ailələrin avtonəqliyyat vasitələrindən vergi tutulacaq
Gələn il yanvarın 1-dən Gürcüstan ölkəyə idxal olunan avtomobillərə aksiz vergisini artıracaq. İllik gəliri 40 min larini (təxminən 27 min 200 manat) aşan ailələrin avtonəqliyyat vasitələrindən də vergi tutulacaq. Ekspertlərin fikrincə, bu addımlar vətəndaşların büdcəsinə ciddi təsir göstərəcək.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin avtomobil parkında 1 milyon 200 min avtomobil var. Bunun 91 faizinin istifadə müddəti 11 ili aşır. Maşın parkının yarısı istehsal tarixi 20 ili ötən avtomobillərdir. Yollardakı avtomobillərin üçdə biri (təxminən 400 mini) sükanı sağ tərəfdə olanlardır.
Köhnə avtomobil almaq sərfəli olmamalıdır
Hökumət bildirir ki, avtomobil parkı durmadan artdığından və nəticədə yollarda sıxlıq yarandığından, yeni fiskal tədbirlərə əl atmaq məcburiyyətindədir. Rəsmilərin fikrincə, şəxsi nəqliyyatın mövcud strukturu ekologiyaya da ciddi zərər vurur. O səbəbdən, ilk növbədə, aksiz vergisini yüksəltmək qərarı verilib ki, köhnə avtomobil almaq heç kimə sərf etməsin.
Misal üçün, hazırda xaricdən yaşı 14-ü aşan, mühərrik həcmi 2 min kub olan avtomobil gətirən şəxs, sadəcə, 1600 lari (təxminən 1080 manat) aksiz vergisi ödəyirsə, yanvardan bu məbləğ 4 min 600 lariyə (təxminən 3100 manat) qalxacaq. Gətirilən avtomobilin sükanı sağ tərəfdə olsa, aksiz vergisi 13 min 800 lariyə (təxminən 9300 manat) yüksələcək.
“Hökumətin fikri mübahisəli görünür”
Yol hərəkəti təhlükəsizliyi ekspert Gela Kvashilava bu tədbirlərin avtoparkda köhnə avtomobillərin sayca azalmasını hədəflədiyini düşünür:
“Vergi Məcəlləsinə dəyişikliklər daha çox istehsal müddəti 9 ili aşan avtomobillərə təsir göstərəcək və bu sahədə balansı köklü şəkildə dəyişəcək. Ancaq bu tədbirlərin şəhər yollarında sıxlığın azalmasına töhfə verəcəyi barədə hokumətin fikri mübahisəli görünür. İctimai nəqliyyatı inkişaf etdirmədən, yol infrastrukturunu yeniləmədən nəqliyyat sıxlığı məsələsində arzulanan nəticəni əldə etmək mümkün olmayacaq. Yaxşı olardı ki, yığılan vəsaiti məhz bu problemlərin həllinə yönəltsinlər. Əks halda, normal ictimai nəqliyyat sistemindən faydalana bilməyən vətəndaş yenə şəxsi avtomobil almağa üstünlük verəcək”.
İqtisadi məsələlər üzrə ekspert Mate Gardava-nın fikrincə, yeni tədbirlər vətəndaşların dolanışıq səviyyəsini pisləşdirəcək:
“Bu, köhnə avtomobillərin sayını azaltmayacaq”
“Hakimiyyət, faktik olaraq, vətəndaşı, köhnə də olsa, normal işləyən avtomobil saxlamaq imkanından məhrum edir. Bu, köhnə avtomobillərin sayını azaltmayacaq. Yerli avtomobil sənayemiz olsaydı, yenə bu tədbirləri daxili bazarı qorumaq cəhdi kimi anlardım. İndiki halda isə bu, hökumətin vətəndaşın cibinə girməsindən, baş nazirin başlatdığı yeni iqtisadi modelə pul toplamasından başqa bir şey deyil”.
Verginin qaldırılması ilə yanaşı, hökumət illik gəliri 40 min larini aşan ailələrdəki avtomobil sahibini əmlak vergisinə cəlb etmək fikrindədir. Vergi Xidmətinin məlumatına əsasən, ölkədə təxminən 26 min belə vətəndaş var.
“Uyğunsuzluq aradan qaldırılmalıdır”
Bir məqam təəccüb doğurur:
Sözügedən əmlak vergisi hökumətin avtomobil parkını gəncləşdirmək düşüncəsi ilə uzlaşmır. Axı avtomobilin yaşı artdıqca əmlak vergisinin məbləğinin çoxalması deyil, azalması nəzərdə tutulub. Məsələn, istehsal tarixi 1 ili ötməyən avtomobilə əmak vergisi 500 lari (təxminən 340 manat) olduğu halda, 1-5 yaş arası avtomobillərə – 240 (təxminən 163 manat); 5-10 yaşlı avtomobillərə – 120 (təxminən 82 manat), nəhayət, yaşı 10 ili aşan avtomobillərə cəmi 60 laridir (təxminən 41 manat).
Gela Kvashilava-nın sözlərinə görə, hökumət məsələyə yenidən baxmalı və uyğunsuzluqları aradan qaldırmalıdır. Əks halda, əsas vergi yükü yeni avtomobillərə sahib olan vətəndaşların üzərinə düşəcək və bu zaman məmurların avtomobil parkını gəncləşdirmək məntiqini əsaslandırmaq çətin olacaq.