Göyçay sakini `’gec olacaq’` deyir

0
632

Göyçay rayonunun Cəyirli kəndində yaşayan Vahid Adıgözəlov yerli bələdiyyədən şikayətçidir. Deyir ki, bələdiyyə sədri onun da, kəndin başqa sakinlərinin də torpaqlarını satır.

“Bir də xəbər tutursan ki…”

“Torpaqlarımızı ürəkləri kimə və necə istəyirsə, satırlar. Bir də xəbər tutursan ki, sənin torpağını başqası əkir. Kənardan gəlirlər, hektarlarla yeri alıb əkirlər, iş qururlar. Kəndli öz torpağına yaxın düşə bilmir”.

 

Vahid Adıgözəlovun sözlərinə görə, pay torpaqları ilə bağlı çəkişmələrə məhkəmələrdə baxırlar. Ancaq hakimlər əksər hallarda ya işi illərlə uzadır, ya da vətəndaşın iddia ərizəsini hər dəfə bir bəhanə ilə özünə qaytarırlar:

“Qiymət cüzi göstərilir”

“Bələdiyyə sədrinin tamahı ucbatından, vətəndaşlar üz-üzə qalıblar. Cəyirli bələdiyyəsinə məxsus torpaqları, kimə gəldi, satıb pulunu şəxsi vəsaiti kimi xərcləyir, heç kəsə hesabat vermir. Alqı-satqı müqaviləsində 50-60 minlik real qiymət cüzi göstərilir. Kəndimizin torpaqları məhsuldar və keyfiyyətli olduğundan, başqa yerlərə nisbətən qiyməti də bahadır. Bizim ailəyə 1998-ci ildə – aqrar islahatlar gedərkən, əkib başımızı dolandırmağa 20 sot torpaq sahəsi verilsə də, sahəmiz satılıb, başqa yerdənsə gəlirimiz yoxdur. Kənddə işsizlik hökm sürür. Kəndlinin tək ümid yeri pay torpağıdır”.

Deputat qohum?

Kəndin bələdiyyə sədri Fuad Nəbiyev, onun qardaşı Fərhad Nəbiyev isə icra nümayəndəsidir. Vahid Adıgözəlovun sözlərinə görə, bu iki qardaşa, üstəlik, bir deputat qohumları da arxa durur və arxayınçılıqları da elə bundan qaynaqlanır.

 

“Prezidentdən xahiş edirik ki…”

O, bələdiyyə sədrinin hərəkətlərindən Göyçay Regional Ədliyyə Şöbəsinə şikayət etdiyini, ancaq nəticəsi olmadığını da bildirir və son çıxış yolunu ölkə prezidentinə üz tutmaqda görür: “Cənab İlham Əliyevdən xahiş edirik ki, torpaqlarımızı əlimizdən alıb satanlara və onların himayədarlarına qarşı ciddi tədbirlər görsün. Bıçaq sümüyə dirənib. Çarəsiz kəndlilər ayağa qalxsa, gec olacaq”.

“Kəndlinin özü pay torpağını satırsa…”

Cəyirli bələdiyyəsindən AzadlıqRadiosu-na bildiriblər ki, Vahid Adıgözəlovun söylədikləri həqiqəti əks etdirmir: “Kimin torpağını əlindən alıb satmaq olar? Kəndli özü pay torpağını satırsa, buna bələdiyyə sədri neyləsin? Sizə deyilənlərin əsası yoxdur”.

Vahid Adıgözəlov bələdiyyə sədri ilə mübahisəsini hüquq müstəvisində davam etdirəcəyini söyləyir.

BIR CAVAB BURAXIN