Göyərçinə görə qan tökdülər: biri öldü, digəri 14 il cəza aldı

0
623

Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsində qətl törətməkdə ittiham olunan Qüdrət Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən Q.Kərimovun vəkili Mərzalı Süleymanov müdafiə nitqi ilə çıxış edib. Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, sözügedən cinayət hadisəsinin baş verməsinə səbəb mərhumun qanunsuz hərəkətləri olub. O, müdafiə etdiyi şəxsin himayəsində azyaşlı övladı olmasını, əvvəllər məhkum edilməməsini, baş vermiş hadisədən peşmanlıq hissi keçirdiyini deyib: “Qətl hadisəsi çox cüzi bir şeyə görə – göyərçin üstündə baş verib. Kamran Qüdrəti söyüb, təhqir edib. Bu, normal bir şey deyil. Onun təhqirlərindən sonra bu hadisə baş verib. Qüdrətin onu öldürmək niyyəti olmayıb. “Makarov” silahı Qüdrətin mərhum atasından yadigar qalıb. Həmin gün atasına məxsus silahı qisas almaq üçün deyil, Kamran Babayevdən ehtiyatlanaraq götürüb. Çünki mərhum Kamran dəfələrlə məhkum edilib, qeyri-adekvat şəxs olub.

Hadisədən sonra könüllü olaraq Abşeron rayon Polis Şöbəsinə gedərək təslim olub. Üstündəki silahı polis əməkdaşlarına təqdim edib”.

Bundan sonra məhkəmədə hökm elan olunub. Hökmə görə, Q.Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevral ayının 2-də baş verib. Saray qəsəbə sakini Qüdrət Kərimov 34 yaşlı Kamran Babayevi “Makarov” markalı odlu silahdan açdığı atəşlə vurub.

Kamran Babayev fevralın 6-da xəstəxanada vəfat edib. Məlum olub ki, hadisəyə səbəb göyərçin üstündə yaranan münaqişə olub. Hadisədən bir gün əvvəl göyərçin saxlayan Kamran Babayevlə Qüdrət Kərimov arasında mübahisə qanlı insidentə səbəb olub. Belə ki, göyərçinlərin kimə məxsus olması üstündə yaranan mübahisə qətllə sonuclanıb.

Cinayəti törədən Qüdrət Kərimov polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham edilib.

Virtualaz.org

BIR CAVAB BURAXIN