Gerasimovun Qarabağda şok müharibə mesajı – Hədəf nədir?

0
656

Gerasimovun son çıxışı müharibəyə çağırış notları ilə doludur.

Bu sözləri axar.az-a Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun çıxışını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Gerasimovun çıxışında rus ordusunun hər an müxtəlif istiqamətlərdə müharibəyə qadir olduğu və müasir müharibənin bütün metodlarından istifadə edəcəyi bildirilir:

“Maraqlıdır, mümkün müharibə əməliyyatları sırasında Azərbaycanın da adı çəkilir. Ermənistanla Azərbaycan arasında müharibə ilə bağlı cavab tədbirində ordunun hərəkəti və istifadə ediləcək taktikaların mümkün variantları açıqlanır. Gerasimov rus ordusunun kifayət qədər təkmilləşmiş və müasir şəraitə uyğunlaşdırılmış müharibə taktikaları üzərində işlədiyini bildirib. Söhbət ordunun vahid istiqamətdə hücum taktikasının həyata keçirilməsindən, bu zaman müxtəlif səpələnmiş dağınıq ordu hissələri arasında rabitə əlaqələrinin düzgün qurulmasından gedir. Gerasimov bununla rus ordusunun hibrid müharibəyə tam hazır olduğunu iddia edir. O, hibrid müharibə dedikdə, müxtəlif növlü döyüş qüvvələrindən və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən döyüş hissələrindən vahid hədəfə doğru əlaqələndirilən müharibə növünü nəzərədə tutur”.

Politoloq Gerasimovun müharibə əməliyyatlarında Baş Qərargahın rolundan danışmasına da münasibət bildirib:

“O qeyd edib ki, Baş Qərargah bütün döyüş əməliyyatlarını eyni mərkəzdən idarə edəcək və əlaqələndirəcək. Zənnimcə, bunlar çox təhlükəli çağırışlardır. Üstəlik, müharibə hədəflərinin birbaşa göstərilməsi və bunların içərisində Ermənistan-Azərbaycan müharibəsinin də yer alması çox ciddi məsələlərdən xəbər verir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi uğrunda apardığı mübarizəyə əngəllər yaradılır. Gerasimovun nəzərdə tutduğu Ermənistan-Azərbaycan müharibəsi Qarabağ müharibəsinə aid deyil. İrəvan “müharibə” dedikdə, guya bunun Ermənistana aid olmadığını, bütün proseslərin Dağlıq Qarabağ özünümüdafiə qüvvələri tərəfindən həyata keçirildiyini iddia edir. Azərbaycan birmənalı şəkildə Dağlıq Qarabağa tərkib hissəsi kimi baxır və müharibəni öz ərazisində anti-terror əməliyyatları şəklində həyata keçirəcək. Belə şəraitdə Gerasimovun Ermənistan-Azərbaycan müharibəsi barədə fikirləri həqiqəti əks etdirmir. Bakı Ermənistan ərazisinin də qədim Azərbaycan torpaqları olduğu haqqında fikirlər səsləndirib. Bu, ermənilərin bölgəyə gəlmə olduqlarını və ərazi iddialarının əsassızlığını sübut etmək üçündür. Bütövlükdə Azərbaycanın mövcud və BMT tərəfindən tanınan sərhədlərə toxunmaq fikri yoxdur. Müharibə ancaq Azərbaycanın öz daxili ərazisində gedəcək, ona görə də Gerasimovun dedikləri qətiyyən Azərbaycanın apardığı anti-terror əməliyyatlarına aid edilə bilməz”.

Q.Hüseynlinin sözlərinə görə, bu prosesə müdaxilə isə Rusiyanın ziyanına işləyə bilər:

“Bu, Azərbaycana beynəlxalq təşklatlara şikayət imkanı verəcək. İnanmıram ki, Dağlıq Qarabağ ərazisində, məsələn, Sərsəng su anbarı üzərində Azərbaycanın öz nəzarətini təmin etmək uğrunda keçirəcəyi lokal əməliyyata Rusiya qarışsın. Çünki bu indiki şəraitdə heç də təklənmiş Rusiyanın xeyrinə olmaz. Əks təqridə Moskva çox şey itirə bilər”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında keçirilən elmi-praktik konfransda çıxış edib.

“Müxtəlif teatrlarda zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbasda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Və bütün bunlara hazır olmaq lazımdır”, – o bildirib.

BIR CAVAB BURAXIN