Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Iclas zərərçəkmiş Sabir Fərzəliyevin ifadəsi ilə başladı.
“Mən zərərçəkmiş deyiləm, şahidəm”
Sabir Fərzəliyev bildirdi ki, 1990-cı illərdən bəri Rusiyadan Azərbaycana qonşu ölkədə istehsal edilmiş avtomobillərin ehtiyat hissələrini və mühərrik yağlarını gətirməklə məşğuldur. Onun sözlərinə görə, 2015-ci ilin yay aylarından birində ofisinin yerləşdiyi, Bakı-Sumqayıt yolundakı “Ovqat” restoranına bir qrup tanımadığı şəxs daxil olub.
“Səhər yeməyinə oturmuşduq, içəri 4 nəfər daxil oldu. MTN işçiləri idi, onlardan yalnız Natıq Alıyevi tanıyıram, o birilərini xatırlamıram. Daha sonra başqa 4 nəfər gəldi, səkkiz nəfər oldular. Bizimlə oturub çay içdilər. Bildirdilər ki, mənim barəmdə onlarda məlumat var və nazirliyə getmək lazımdır. Ofisdəki sənədləri və kompüteri götürdülər. Mən Natiq Alıyevin idarə etdiyi “Audi Q7” avtomobilinə oturdum, sürücüm öz maşını ilə, başqa bir işçim isə MTN əməkdaşlarının maşını ilə aparıldılar”, – zərərçəkmiş deyib.
Onun sözlərinə görə, MTN-də Natiq Alıyevlə söhbət edib, izahatı alınıb. Hər şey məlum olduqdan sonra ona bildirilib ki, yanlışlıq baş verib, zərərçəkmişə qarşı qaçaqmalçılıqla bağlı heç bir məlumat özünü doğrultmayıb.
Sabir Fərzəliyev onu da qeyd edib ki, onunla nazirliyə gətirilən əməkdaşlardan heç biri dindirilməyib və təxminən 1 saatdan sonra onları sərbəst buraxıblar. Zərərçəkmiş əslində heç bir zərər çəkmədiyini, təqsirləndirilənlərə qarşı iddiasının və şikayətinin olmadığını sözlərinə əlavə etdi.
MTN əməkdaşları 200 min manat istəyiblər, ya yox?
Dövlət ittihamçısı qeyd etdi ki, zərərçəkmişin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında xeyli ziddiyyətlər var. Onun sualına cavab olaraq, Sabir Fərzəliyev MTN-də Natiq Alıyevlə söhbəti zamanı zarafatyana məbləğlərdən söhbət getdiyini bildirdi: “Gülə-gülə zarafatlaşırdıq, mənə dedi ki, 200 min manat verə bilərsən? Mən də qayıtdım ki, o qədər pulum yoxdur, 3 min verərəm. Natiq müəllim güldü və bildirdi ki, bura girən 50 min verməmiş çıxa bilmir. Sonra otağa Füzuli Əliyev daxil oldu, dedi ki, heç nə lazım deyil, gedə bilərsən”.
Zərərçəkmiş suallara cavab olaraq, onu da xatırlatdı ki, həmin hadisənin ertəsi günü MTN-in yaxınlığında yerləşən “Sultan” kafesinə gəlib və orada təqsirləndirilən Natiq Alıyevlə görüşüb. N.Alıyev ondan bağ evinin tikintisinə kömək edə bilib-bilməyəcəyini xəbər alıb və bundan sonra S.Fərzəliyev 7000 manata yaxın vəsait xərcləyərək, taxta materialı alaraq, MTN əməkdaşının bağ evinə göndərib. “Bunu mən hədiyyə kimi, öz xoşuma etmişəm. Məni heç kim məcbur etməyib”, – zərərçəkmiş qeyd edib.
Zərərçəkmiş istintaqın gedişindən şikayətləndi
Sabir Fərzəliyev ifadəsində bildirdi ki, 5 dəfə prokurorluğa ifadə verməyə çağırılıb. “Axırda o qədər hirsləndim ki, dedim daha getməyəcəyəm, şikayətim də yoxdur. Zəng etdilər ki, gəlməlisən, əsəbi idim. Elə binanın girişində mənə sənədləri verdilər, oxumadan-baxmadan nə verdilərsə, imzaladım. Mənə dedilər ki, ifadəmdə səhv olub, düzəlişlər ediblər, imzalamalıyam, – zərərçəkmiş bildirib. – Prokurorlar mənə qarşı sanki qərəzli idilər, elə bil cinayətkar mənəm”.
Vəkil Adil İsmayılovun sualına cavab olaraq zərərçəkmiş heç bir idarəyə ərizə ilə müraciət etmədiyini, prokurorluğa telefon zəngi ilə çağırılaraq, ifadəsinin alındığını dedi.
Epizod üzrə ifadə vermiş digər zərərçəkmişlər Fikrət Teymurxanov və Zamin Məhərrəmov MTN-ə aparılsalar da, dindirilmədiklərini, bir müddət sonra sərbəst buraxılaraq, geri qayıtdıqlarını dedilər. Onlar da özlərini zərərçəkmiş hesab etmədiklərini və təqsirləndirilənlərə qarşı heç bir şikayət və iddialarının olmadığını bildirdilər.
Baxılan epizod üzrə keçmiş MTN əməkdaşı Şamxal Rəhimov şahid qismində ifadə verdi. Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsində əməliyyat sirlərinin olduğunu səbəb kimi göstərərək, iclasın bu hissəsinin qapalı keçirilməsini istədi. Prosesə sədrlik edən hakim Həbib Həsənov şahidin qapalı iclas rejimində dindirilməsinə razılıq verdi.
Məsələ üzrə təqsirləndirilən Zaur Məmmədov ifadəsində bildirdi ki, epizoda heç bir aidiyyatı olmasa da, cinayət işində bir neçə yerdə onun da adı çəkilir. “Bildirmək istəyirəm ki, mənim bu epizoda heç bir aidiyyatım yoxdur və sözügedən dindirilmədə və əməliyyatda iştirakım olmayıb”, – deyən təqsirləndirilən məhkəmədən bunu nəzərə almağı xahiş etdi.
Təqsirləndirilən Natiq Alıyev da ifadə vermək istədiyini, lakin bəzi əməliyyat sirlərinin açılması ehtimalı olduğu üçün iclasın bu hissəsinin də qapalı keçirilməsini istədi. Hakim H.Həsənov ona da qapalı iclasda ifadə vermək imkanı yaratdı.
Azad İbadov: “Məni niyə zərərçəkmiş kimi tanıyıblar, anlamıram”
Məhkəmədə baxılan növbəti epizod üzrə ifadə vermiş zərərçəkmiş Azad İbadov bildirdi ki, hazırda “GünayBank”ın 5 saylı filialının müdiridir.
A.İbadov ifadəsinə belə başladı: “Mən prokurorluqda verdiyim ifadədə də qeyd etmişəm ki, məni MTN-ə yarım saatlıq söhbət üçün dəvət ediblər və mən orada heç bir zərər çəkməmişəm. Məni niyə zərərçəkmiş kimi tanıyıblar, anlamıram”.
“Mənə MTN-dən zəng olundu ki, siz Arif müəllimi tanıyırsınız? Dedim ki, bəli. Sonra bildirdilər ki, MTN-ə gəlməyim tələb olunur. Orada məndən soruşdular ki, Arif müəllimi haradan tanıyıram, cavab verdim ki, 25 ildir tanıyıram. Bu məsələ ətrafında sorğu-sual oldu, sərbəst buraxıldım”, – zərərçəkmiş sözlərinə davam edib.
Dövlət ittihamçısının suallarına cavab olaraq, zərərçəkmiş bildirib ki, hadisənin baş verdiyi vaxt işsiz olub. “Zaminbank”da işlədiyi vaxtdan tanıdığı Arif ona zəng edərək, iri məbləğdə valyuta almaq istədiyini deyib. Lakin bu məqsədlə xahişlə müraciət etdiyi valyuta mübadiləsi məntəqəsində həmin məbləğdə valyuta olmayıb.
Zərərçəkmiş təqsirləndirilənlərə dair heç bir şikayətinin və iddiasının olmadığını sözlərinə əlavə etdi.
Epizod üzrə ifadə vermiş şahid Anar Əhmədov qeyd etdi ki, zərərçəkmiş Azad İbadov ona zəng edərək, Arif adlı tanışının gələcəyini və valyuta dəyişmək istədiyini deyib. Lakin Arifin istədiyi qədər məbləğ məntəqədə olmadığı üçün sövdələşmə baş tutmayıb.
Mağaza sahibi Gürcüstan xüsusi xidmət orqanlarına işləyib?
Bu gün məhkəmədə baxılan sonuncu epizod üzrə zərərçəkmiş Fuad Hüseynov ifadə verərək bildirdi ki, “28 May” metro stansiyasının yaxınlığında kiçik mağazası var və günlərin birində dükana 3 nəfər MTN işçisi gələrək, onu nazirliyin Səbail rayon şöbəsinə aparıblar.
Zərərçəkmişin sözlərinə görə, MTN əməkdaşları bildiriblər ki, onun barəsində qaçaqmalçılıq və Gürcüstanın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat var. Müəyyən söhbətlərdən sonra bu məlumatların yanlış olduğu üzə çıxıb.
“Bundan sonra məndən pul istəməyə başladılar. Əvvəl 100 min manat dedilər. Cavab verdim ki, gəlin, mağazanın açarını verim sizə, orada heç üst-üstə yığsanız, 100 min manatlıq mal yoxdur. Sonra endirimlər başladı və 12 min manatda razılaşdıq”, – zərərçəkmiş deyib.
Ertəsi gün MTN əməkdaşlarından biri mağazaya gəlib və 12 min manatı götürərək gedib.
Qeyd edək ki, zərərçəkmiş məhkəmə zalındakı təqsirləndirilənlərdən heç birini tanımadı və ondan pul tələb etmiş adamların burada olmadığını qeyd etdi.
Epizod üzrə ifadə vermiş şahidlər Rövşən Əhmədov və Bəhruz Mustafayev mağazada işlədiklərini və məsələnin təfərrüatlarından xəbərsiz olduqlarını dedilər.
Vəkillərin sorğu-sualından aydın oldu ki, zərərçəkmiş tamamilə başqa adamlar tərəfindən dindirilib, pulu alınıb və onların adları istintaqa məlumdur ki, həmin MTN əməkdaşlarından biri Fuad Sədrəddinovdur.
Qapalı iclasda nələrdən danışıldı?
Əvvəllər MTN-də çalışmış, hazırda DTX-də fəaliyyətini davam etdirən Zaur Axundov epizodla bağlı şahid ifadəsi verdi. İfadəsində əməliyyatın təfərrüatları ilə bağlı məsələlərə toxunula biləcəyini nəzərə alaraq, hakim iclasın bu hissəsinin qapalı keçirilməsini təmin etdi.
Virtualaz.org-un əməkdaşı xəbər verir ki, iclasın qapalı hissəsində Adil İsmayılovun suallarına Z.Axundovun cavablarından bəzi məqamlar aydın olub. Belə ki, zərərçəkmiş Fuad Hüseynovla bağlı siqnal işini başlamış və əməliyyata bilavasitə rəhbərlik edən şahidin Fuad Hüseynovun MTN əməkdaşları tərəfindən nazirliyin rayon şöbəsinə aparılmasından və ondan pul tələb edilməsindən xəbəri olmayıb.
Zərərçəkmişin telefonlarının dinlənilməsi zamanı məlum olub ki, Fuad Hüseynovun Gürcüstanla əlaqələri əhəmiyyət kəsb etmir və iş bağlanıb.
Niyə məhz “Sultan” kafesi?
“MTN işi” ilə əlaqədar bir çox epizodlarda nazirliyin yaxınlığında yerləşən “Sultan” kafesinin adı çəkilir. Həmin kafedə, ittiham aktında qeyd olunanlara görə, zərərçəkmişlərdən külli miqdarda pullar alınıb və bu iaşə obyekti bir növ MTN əməkdaşlarının qeyri-rəsmi “qəbul otağı” olub.
Bugünkü iclasda təqsirləndirilən Füzuli Əliyev bu kafe ilə bağlı deyilənlərə aydınlıq gətirib.
O deyib: “Nazirliyin yaxınlığında yerləşən “Sultan” kafesini hacılar işlədirdilər və bütün ət məhsullarını özləri halallıqla kəsib hazırlayırdılar. Hətta mən onların mətbəxinə daxil olaraq, soyuducunu-filanı da yoxlayırdım ki, görüm nə təzədir, nə yox. Qiymətlər də münasib idi, ona görə də, çox vaxt naharımızı orada edirdik.
Qonaqlarımızı, ifadə vermək üçün nazirliyə dəvət olunanları da oraya dəvət etmişik, bir yerdə yemək yemişik, çay içmişik. MTN-də heç kim döyülməyib və söyülməyib. Əksinə, hamını “Sultan” kafesində yedirib, yola salmışıq”.
Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının cümə axşamı, mayın 11-də keçiriləcəyini elan etdi.
Virtualaz.org