General Mövlam Şıxəliyev məhkəmədə: “Bu adam həbs olunmasa özümü yandıracam…”

0
785
 

Dünən fevralın 23-dəMTN-in Baş istintaq idarəsinin müstəntiqi Vüsal Ələkbərovun işi üzrə məhkəmə prosesinin növbəti dinləmələri keçirilib.

Dinləmələrdə MTN-in Baş istintaq idarəsinin rəisi olmuş general, Eldar Mahmudovun cəlladı və “sağ əli” hesab olunan Mövlam Şıxəliyev də nəhayət ifadə verib.

Xatırladaq ki, Vüsal Ələkbərovun işi üzrə zərərçəkənlər hazırda fəaliyyəti dayandırılmış “Texnikabank”ın iri əmanətçiləridir. MTN bu banka basqın edib rəhbəri Etibar Əliyevi həbs edəndən sonra bankın iri əmanətçilərini də bir-bir tutaraq hədə-qorxu, işgəncə yoluyla onların milyonlarla dollarını alıb. İndi zərərçəkənlər vaxtilə Mövlam Şıxəliyevin onlardan aldıqları milyonların geri qaytarılmasını, generalın həbs olunmasını tələb edirlər.

Və bu günkü dindirmə zamanı generalla zərərçəkənlər arasında kəskin mübahisələr yaşanıb. Mövlam Şıxəliyev deyib ki, nə özü kimsədən pul alıb, nə də tabeliyində işləmiş müstəntiq Vüsal Ələkbərovun rüşvət aldığını eşidib. Heç biri də kimsəni sifarişlə, saxta ittihamla nə həbs elətdirib, nə də pulu alandan sonra azadlığa buraxdırıb. General məsuliyyəti prokurorluğun üzərinə ataraq bildirib ki, kiminsə həbsinə təqdimatı prokurorluq verir, məhkəmə də qərar çıxarır. Bu cür məsələlərdə onlarlıq bir şey yoxdur: “Qərarları prokurorluq araşdırıb. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səalhiyyətlərimə aid olmayıb”.

Zərərçəkənlər isə məhkəmədə ifadə verərkən deyiblər ki, pul məsələsini şəxsən Mövlam Şıxəliyev də onlarla müzakirə edib. Amma Şıxəliyev bu adamlarla görüşmədiyini deyib. Bu da məhkəmədə zərərçəkənləri əsəbiləşdirib.

“Mən buna söz deməyə xəcalət çəkirəm, amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu “OBXSS”də işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min istədi, axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”, – zərərçəkən Namil Rzayev məhkəmədə general dindirilərkən belə deyib.

Şıxəliyev isə Eldar Mahmudovu “satmaqdan” imtina edib, rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını söyləyib. Bu yerdə başqa bir zərərçəkmiş Hüseyn Səfərov hiddətlənərək deyib ki, Şıxəliyev həbs olunmasa, intihara əl atacaq: “Vicdanıma and içirəm, Mövlam Şıxəliyev həbs edilməsə, özümü yandıracağam. Biz məhkəməyə gəlməyəcəyik, Prezident Aparatına şikayətə gedəcəyik. Mövlam Şıxəliyev burada yalan danışır, hamını aldadır. Qürurunuz olsun, pulumuzu qaytarın. Necə olub ki, bu adama general rütbəsi veriblər? Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb”.

Zərərçəkən Nizami Kazımov da Şıxəliyevdən soruşub ki, necə olub, hər tərəfinə kamera quraşdırılan MTN-də çanta-çanta pul daşınmasını görməyib?

Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu iddia ediblər. General bunu təkzib etməyib və bildirib ki, işindən əlavə bizneslə məşğul olub və özünə mülk salıb. Vüsal Ələkbərovun Namiq Abbasov nazir olduğu dövrdə işə götürüldüyünü yada salan general məhkəmədə onu tərifləyib. Deyib ki, Vüsal Ələkbərov “Meşə qardaşları”, “Sumqayıt camaatı”, “Sahil qardaşları” kimi ağır cinayət işlərinin istintaqını aparıb, əqidəli işçi olub, heç vaxt qanunsuzluğa yol verməyib.

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov da Vüsal Ələkbərovun məhkəməsində dindirilib. O, özü ilə yanaşı, oğlu İslam və qardaşı Camalın da həbs olunduğunu bildirib. Onun sözlərinə görə, oğlunu həbsdən buraxmaq üçün ondan 300 min dollar alıblar.

Vüsal Ələkbərov isə onun oğlunun buraxılmasını başqa cür izah edib: “Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər. Biz də onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bu barədə baş prokurorun da göstərişi vardı. Prokurorluğun idarə rəisi mənim xidməti otağımda Zal Yusifovla görüşdü. Ona təklif olundu ki, camaatın pulu ödənilsin. Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlu bilir, həbsdən azad edilsə, pullar ödəniləcək. Biz də oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirdik. Amma hökmədək pul ödənilmədi. Buna görə də hökmdə Zal Yusifovun oğlu həbs edildi”.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

Virtualaz.org

BIR CAVAB BURAXIN