“Gecə həyatına qurşanmağıma dair xəbərlər boş-boş söhbətlərdir”

0
544

“Bizim üçün ağır oyun oldu. “Sportinq”ə məğlubiyyətdən sonra qələbə qazanmaq çox vacib idi. Biz də bunu bacardıq. Məncə, bugünkü (dünənki-red) qələbə motivasiya baxımından komandamıza çox kömək edəcək”.

“Report” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Con Delarj evdə “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Konqolu hücumçu jurnalistlərin suallarını da cavablandırıb:

– Hələ gözlədiyimiz Delarjı görmürük. Öz oyununuz haqda nə deyə bilərsiniz?

– “Qarabağ”a gələnədək uzun müddətdir çıxış etmirdim. Burada fərdi oyunumu ortaya qoymağım üçün mənə müəyyən vaxt lazımdır. Yavaş-yavaş o səviyyəyə qalxıram. Avropa Liqasında oynayıb-oynamamağım isə baş məşqçinin qərarından asılıdır. Heyətdə 25 futbolçu var. Ötən oyunda meydana çıxmamışamsa, növbəti qarşılaşmada meydana start heyətdə çıxa bilərəm.

– Türkiyə mətbuatında adınız qalmaqallı futbolçu kimi hallanır…

– Bunu Türkiyə yox, “Bursaspor” mətbuatı yazıb. Özü də məqsədli şəkildə belə xəbərlər yayıblar. Keçmiş komandama hörmətlə yanaşıram. Amma bu cür məlumatlar düzgün deyildi. “Bursaspor”dan gedişimə əsas səbəb maliyyə problemləri oldu. Gecə həyatına qurşanmağıma dair xəbərlər isə boş-boş söhbətlərdir.

– “Bursaspor” satdığı futbolçuların hamısından xeyir götürsə də, yalnız sizin satışınızdan ziyana düşdü…

– 5-6 aydır maaş almırdıq. Qalan oyunçular bu haqda danışmırdı. Mən isə danışırdım və bu, haqqım idi. 5000 avroyadək borcları hələ də qalıb. Aramızdakı maliyyə probleminə görə orada oynamaq istəmirdim. “Bursaspor” haqda çox danışmaq istəmirəm. Orada cəmi 1 oyunda qələbə qazanmışdıqsa, burada 3 matçdan qalib ayrılmışıq. Mənim hansı özəl həyatımdan yazmışdılar? Orada 6 oyuna 4 xal qazanıblar, burada isə 4 oyuna 10 xal əldə etmişik. İndi “Bursaspor”a televiziya vasitəsilə baxıram. Əsas fikrim isə “Qarabağ”dadır. Gecə yatanda da indiki komandamı düşünürəm. Mənim haqda yazdıqları isə yalandan başqa bir şey deyildi.

– Azərbaycan futbolu barədə nə deyə bilərsiniz?

– Burada Türkiyə Super Liqasındakı kimi 18 komanda yoxdur, amma 8 komandalı Azərbaycan Premyer Liqası yaxşı səviyyədədir. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, bu, səviyyədən xəbər verir. Düzdür, meydanlardan bəziləri süni örtüklüdür, amma onların sayı çox deyil. Çempionatın səviyyəsi normaldır.

BIR CAVAB BURAXIN