Gənc nəsildə milli mənlik şüurunun formalaşdırılmasında əsas məsuliyyət məktəblərin üzərinə düşür

0
951

Sovet Rusiyası Azərbaycanın bir hissəsini işğal etdi və işğal etdiyi bu xalqdan özünəməxsus bir xalq formalaşdırmağa çalışdı

 Bu gün insanlar arasında formalaşan fikr ondan ibarətdir ki, müasir texnika və texnologiyalar, o cümlədən internet-informasiya bolluğu insanlarda milli mənlimk şüurunun deqradasiyasına səbəb olur. İnsanlar daha çox həmin texnalogiyalar üzərindən ünsiyyət qurduqlarından, şəxsi təmas, dialoq məsələlərində, daha dəqiq desək, özünün milli mənlik şüurunun formalaşdırılmasında çətinlik çəkir.  

Bütün bu məsələlərə aydınlıq gətimək üçün fəlsəfə doktoru, türkoloq Faiq Qəzənfəroğlu Ələkbərova müraciət etdik. Bu mövzunun aktuallığını və bir çoxlarının bu gün onu anlamaqda çətinlik çəkdiyini nəzərə alarq ilk sualımız belə oldu.

 Faiq müəllim, gəlin ilk əvvəl ona aydınlıq gəltirək ki, ümumiyyətlə milli mənlik şüuru dedikdə insan nələri bilməlidir. Milli mənlik şüuru nələri özündə ehtiva edir?

– Milli mənlik şüurunun ilk növbədə bir ideoloji anlamı var. Hər bir xalqın, yaxud dövlətin təmsilçiləri milli mənlik şüurunu dərk etməlidirlər. Milli mənlik şüuru üç əsas mahiyyət kəsb edir. Bunlar dini, insani və milli kimlikdir. Əslində, bunların üçü də bir-birinə sıx bağlıdır. Şübhəsiz ki, milli, dini və insani kimliyin biri-digərini necə tamamlamasından çox şey asılıdır. Ancaq fikirimcə, ilk növbədə milli kimlik, dini və insani kimlikdən bir addım öndədir. Bəziləri elə başa düşür ki, milli kimliyi önə çəkmək millətçilikdir. Bunu da dini və insani kimlik baxımından belə qiymətləndirirlər. Lakin türk filosofu Əhməd Yəsəvinin bu barədə dediyi çox gözəl bir fikri var: ,,Türklük qədərimiz, din seçimimizdir”.

 Onda belə demək mümkündürmü ki, milli mənlik şüurumuz bizə qenetik olaraq verilir və burada seçim imkanımız yoxdur?

– İnsanlığın özü də bir vəzfədir, yəni insani keyfiyyəti daşımaq millətindən, dinindən asılı olmayaraq, hər bir kəsdə ola bilər. Ancaq insan gərək milli kimliyini də unutmasın. Əslində, din də seçimdir. Məsələn, Azərbaycanımızın bir hissəsində müstəqilliyimizi ikinci dəfə bərpa etmişik. Ancaq milli mənlik şüurunda yenə də problemlər var. (Çünki biz bunu sovet dövründən anlayırıq, yaxud da Çar Rusiyasından. Mən ancaq Azərbaycanın birliyini nəzərdə tuturam) Çar Rusiyası və sovet Rusiyası Azərbaycanımızın bir hissəsini işğal etdi və işğal etdiyi bu xalqdan özünəməxsus bir xalq formalaşdırmağa çalışdı. Burada xristianlaşdırma işi apardı, rus-tatar məktəblərinin fəaliyyəti də, əslində burdan meydana gəldilər.

– Ruslaşdırma, xristianlaşdırma- burada əsas məsələ nə idi?

– Keçmiş milli kimliyimizdən qoparılıb, necə deyərlər, bir növ qarışıq bir formada yarı iranlı, yarı osmanlıya, yarı tatar bir millət formalaşdırmaq iddiası var idi ortada. Ona görə də adımızı da tez-tez dəyişib bizə gah tatar deyirdilər, gah türk, gah da iranlı. Yəni milli mənlik şüurumuz Çar Rusiyası dövründə müəyyən dərəcədə dolaşdırıldı. Azərbaycan 1920 -ci ilin 27 aprelində Sovet Rusiyası tərəfindən işğal olunsa da, təxminən 30-cu illərin ortalarına qədər milli mənlik şüurunun adaptasiyası istiqamətində kəskin addımlar atılmadı.

 Biz bilirik ki, o dövrə qədər dilimiz türk dili idi, insanlar da öz kimliklərini türk kimi ifadə edirdilər. Əlbəttə ki, başqa etnik qruplar öz kimliklərini yazırdılar. Ancaq biz bilirik ki, 37-38-ci ildən sonra milli mənlik şüurumuzun xeyli dərəcədə dolaşdırılması prosesi yenidən ortaya gəldi.

 Necə?

– Azərbaycanlı, Azərbaycan dili anlayışı ortaya atıldı, bununla da, əslində dilimizin əlifbası dəyişdirildi. Əvvəlcə biz ərəb əlifbasından latın əlifbasına, latın əlifbasından isə kiril əlifbasına keçdik. Yəni bütün bunların hamısı, əslində bizim milli mənlik şüurumuzu xeyli dərəcədə dolaşdırdı. Bir əsrdə millətimizi dörd cür adlandırdılar. Ona görə də, Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində deyirdi: ,,Sən müsəlman deyilsən, sən tatar deyilsən, sən türksən”. Yəni digər adlarla yanaşı, bir çoxları müsəlman da deyirdilər. Baxın, tatar sonradan türk adlandı, daha sonra yenidən azərbaycanlı, yəni türk adlanmaq artıq transfor və panturanizm, panturkizm kimi qiymətləndirildi.

1991-ci ildən yenidən tüklüyə dönüş oldu. 1995-ci il Konsitutsiyasında Azərbaycan xalqı Azərbaycan dili ifadəsi yenidən bərqərar oldu. Baxın, bütün bunlar bizim milli mənlik şüurumuza, xüsusilə yeni nəslin yetişməsində xeyli dolaşıqlara yol açdı.

 Faiq müəllim, bütün bu problemlərin çözülməsi üçün maarifləndirmə, yoxsa nümunə-hansının təsiretmə gücü daha çoxdur?

– Bunların ikisi də önəmlidir. Keçmişimizə dönüb baxanda son iki əsrdə Azərbaycanımızın (qüzeyini deyirəm, güneyində demirəm hələ) nə qədər ziddiyyətli məsələləri olub. Nəyə görə olduğu da bəllidir. Çünki, bizi o dövürlərdə, əsasən çar və sovet Rusiyası idarə edib. Bizim o dövrdə deyək ki, 30 illik müstəqilliyimiz olmamışdı. Ona görə də maarifləndirmə məsələsində biz milli mənlik şüurumuzda hələ də Məhəmməd Şah Qacara, Nadir Şah Əfşara, Abbas Mirzəyə münasibətdə, onlar yağmaçıdırlar, onlar düşməndi kimi ifadələrlə İran adı altında xüsusi təqdim olunurdular. Yazıqlar olsun ki, bu proses hələ də gedir. Düzdür, son illərdə akademik Ramiz Mehdiyevin, Oktay Əfəndiyevin və başqalarının timsalında xüsusən də, Nadir Şah Əfşara, Ağa Məhəmməd şah Qacara münasibətdə müsbət meyillər artıb, onlar müəyyən mənada müsbət formada görməyə başlanılıb. Ancaq bu bizim şüurumuzdan tam silinməyib.

– Bunun səbəbi nəldir, çıxış yolu varmı bu vəziyyətdən?

– Əsas səbəb bizim orta və ali məktəblərimizdə bu mövzunu tədris edənlərin xeyli bir qisminin sovet dövrünün müəllimləri, elm adamları olmasıdır. Onlar isə, hələ də bu məsələdə bir çox ziddiyyətlərdən çıxış edirlər.Yəni nə öz yazdıqlarının üzərindən xətt çəkə bilirlər, nə də onu yeni formada ortaya da qoya bilmirlər.

Hörmətli akademik Ramiz Mehdiyevin yazılarından sonra müəyyən mənada cəsarətə gəlib onlar da milli mənlik şüurunu yeni formada təqdim etməyə çalışırlar. Əks tədqirdə, biz yenə də sovet və qərb metodologiyasından çox da kənara çıxa bilmərik. Bu məsələ orta məktəbdə özünü daha qabarıq formada biruzə verir. Çünki orta məktəblərdə də sovet dövrünün müəllimləri, yəni yaşlı müəllimlər çoxluq təşkil edir. Baxın, əslində yaşlıların təcrübəsi, gənclərin deyək ki, milli ruhu, bunlar müəyyən mənada bir-birlərini tamamlayır və bizim milli mənlik şüurumuzu ortaya qoymalıdırlar.

– Hesab edirsiniz ki, milli mənlik şüurunun formalaşmasında əsas yeri məktəblər tutur?

– Xüsusilə də, ibtidai sinif müəllimlərimiz Təhsil Nazirliyimiz tərəfindən bir-bir və çox dəqiqliklə seçilməlidir. İbtidai sinif müəllimlərini işə qəbul etməzdən əvvəl onun kimliyi barədə, insanlığa münasibəti haqqında, islam dininə, türklüyə münasibəti haqqında dəqiq məlumatlar əldə edilməli, onun maarifləndirməni necə aşılayacağını bilmək lazımdır. Çox təəsüflər olsun ki, bu gün valideyinlər ibtidai sinif müəllimlərini seçərkən yalnız bir məsələni düşünürlər- uşağı yaşlı müəllimlərin sinifinə verək, onların təcrübəsi çoxdur. Ancaq onların düşünmədikləri və unutduqları ciddi bir məsələ var. Heç demirlər baxaq, görək bu yaşlı müəllimdə milli ruh varmı, Azərbaycanı, Vətəni, torpağı sevirmi? Bunlara bir çox valideyn önəm vermir. Gənc müəllimlərə gəldikdə isə onlar milli ruh məsələsini daha tez dərk etməyə başlayırlar. Ancaq onlar da 80-ci illərin sonu 90-cı illərin əvvəllərində, ölkəmizin bir qarışıq dönəmini yaşadıqlarına görə, o dövrün yetirmələri olduğundan, onlarda da müəyyən mənada problemləri var. Bütün bunlara baxmayaraq, maarifləndirmə məsələsində yenə də ümid gənc müəllimlərədir. Zənnimcə, onlar milli mənlik şüurunu daha yaxşı anlaya bilərlər. Çünki onların şüurunda sovet dövrü, sovet psixologiyası yoxdur. Bəzən görürsən deyirlər o dövrdə hər şey yaxşı idi, maaşımız çox idi. Hər şey maaddiyatla ölçülməməlidir. Yeni nəsl yetişir və mən ümid edirəm ki, bu nəsil milli mənlik şüurunu istər orta məktəbdə, istərsə də ali məktəbdə ciddi şəkildə mənimsəyəcək.

– Demək istəyirsiniz ki, maarifləndirmənin bir nəticəsi olacaq?

– Maarifləndirmə nümunəsi çox doğru yoldur. Artıq biz Məhəmməd Şah Qacarı sovet dövründəki kimi ancaq baş kəsən, qan içən kimi görmürük. Biz Ağa Məhəmməd Şah Qacarın, Abbas Mirzənin apardığı işləri,  yekaterinaların, pavellərin işğalçılıq siyasətilə eyniləşdirə bilmərik. Onlar işğalçılar da ola bilərdilər, yəni dediyimiz kimi, çar Rusiyası, sovet Rusiyasının işi yalnız Qacarlarla deyildi. O başqa məsələdir ki, Qacarlar dövləti, sonra Pəhləvilər rejimi gəldi, bu gün isə İran-İslam rejimi, bunlar başqa məsələlərdi. Bir sözlə, fiikirimcə, biz həm maarifləndirmə, həm də nümunələrimizi gözəl şəkildə göstərməliyik. Məsələn, Uzun Həsən,Tomris Xatun. Bunlar gənc nəsilə, xüsusilə də qızlarımız üçün gözəl nümunədir. Qazaxıstanda Tomris Xatunla bağlı film çəkilir. Azərbaycanda da Tomris Xatuna, Sara Xatuna, Ceyran Xatuna film çəkilməlidir. Ceyran Xatun Ağa Məhəmməd Şah Qacarın anası olub. Çox irdəli, cəsarətli xanımdı. Zeynəb paşamız, Azərbaycanımızın qüzeyində Tahirə xanım var idi. Bunlar haqqında gənc nəsl bilsələr doğurdan da, sözün əsl mənasında onlardan nümunə götürərlər, nəinki hansısa Amerika qəhrəmanından. Baxın, bunlar çox önəmlidir. Həm maarfləndirmə, həm də nümunə, hər ikisi önəmlidir.

 Bəzən deyirik, milli mənlik şüuru ailədən başlayır. Lakin belə bir sual yaranır-əgər bu keyfiyyət ailənin özündə yoxdursa, formalaşmayıbsa, o zaman vəziyyətdən çıxış yolu nədədir?

– Ailə müəyyən qədər istiqamət verir. Çünki ailənin hamısı eyni dərəcədə biliyə sahib deyil. Onun fəhləsi var, mühəndisi, həkimi, əkinçisi, təsərrüfarla məşğul olanı var. Ailələr müəyyən mənada öz övladlarına bacardıqları qədər milli şüuru aşılaya bilərlər.Yəni mən hesab edirəm ki, milli mənlik şüurunun formalaşmasında məsuliyyətin 30% ailənin üzərinə düşür. Yerdə qalan əsas yük orta məktəbin üzərindədir. Ona görə, az öncə dedim ki, xüsusən də ibtidai sinif müəllimləri, tarix müəllimləri, Azərbaycan dili-ədəbiyyat müəllimləri özləri sözün həqiqi mənasında milli mənlik şüurunun mahiyyətini bilməlidir, dərk etməlidirlər. Hesab edirəm gənclərin milli mənlik şüurunun formalaşmasında məhz məktəblərin rolu çox böyükdür. Valideyn uşağı yanlış yönə çəkə bilər, amma dövlət, müəllim o uşaqlara sahib çıxmalı, onları əsl Azərbaycanlı ruhunda, türklük ruhunda yetişdirməlidir. Mənim düşüncəm budur-Azərbaycan ruhlu, Türklük ruhlu. Müəllim bizim bayrağımızın fəlsəfəsini aydın şəkildə açıqlayıb öyrətməlidir. O bayrağın fəlsəfəsini bilməyən yeniyetmə, gənc, şübhəsiz, asanlıqla ölkəni tərk edib başqa yerlərə qaçar. Maddi çətinliklərə və digər məsələlərə dözümsüzlük nümayiş etdirər. Ancaq Azərbaycan bayrağının fəlsəfəsini dərk edən bir gənc vətən torpağını əlində istər qələm, istər silah fərq etməz, qoruyar, nə olur olsun, o ruhla hər şeyə hazırdı və öz milləti üçün də yaşamağa hazırdır.

 Söhbətləşdi: Şahnaz Salehqızı