Gənc Bülbül Cabbar Qaryağdıoğlunu necə heyrətləndirdi?

0
717


Bülbülü əslində, ilk dəfə böyük bəstəkar Fikrət Əmirovun atası tarzən, bəstəkar Məşədi Cəmil kəşf etmişdi. O zaman Bülbül 13-14 yaşı olan bir yeniyetmə idi. Bütün Qarabağın sevimlisi olan Məşədi Cəmil getdiyi toyların birinə onu da aparır. Xanəndə istirahət edən zaman Bülbül ( o zaman üçün Murtuza) muğam oxuyur. Qeyri-adi səsindən valeh olan dinləyicilər ondan “Bayatı şiraz” xahiş edirlər. Bülbül yenə də ustalıqla oxuyur. Lakin toyun davamında Bülbülün qohumlarından birinin yaratdığı qan-qaralıq müğənnini pərt edir ( Bu fakt musiqişünas Firudin Şuşinskinin araşdırma kitabından götürülüb).
Bülbülü ikinci dəfə kəşf edən isə “Cabbar əmi” dediyi məşhur xanəndə Cabbar Qaryağdıoğlu olur.
Moderator.az xəbər verir ki, bir gün Cabbar Qaryağdıoğlu Gəncəyə el məclisinə çağırılır. Ev sahibi Bülbülü də həmin məclisə dəvət edir. Lakin onu Cabbar Qaryağdı oğlu olan məclisdə oturtmurlar, camaxatanda gizlədirlər. Camaxatanın pərdəsi qabağında qrammofon qoyulur. Ev sahibi Cabbarın “Mahur”unu oxudur. Qrammofon susduqdan sonra Bülbül camaxatandan “Mahur” valının o biri üzünü – “Vilayəti” şöbəsini oxumağa başlayır. Cabbar Qaryağdı oğlu heyrətlə qrammofona baxır. Lakin səsin haradan gəldiyini anlaya bilmir. Nəhayət, bu sirr açıldıqda böyük müğənni çox sevinir. O, Bülbülə məsləhət görür ki, onunla Bakıya gedib orada xanəndəlik sənətini öyrənsin.
Amma bununla belə Bülbülün ən böyük müəllimi təbii ki, Üzeyir bəydir. Üzeyir bəy Bülbülün böyük vokal ustası kimi formalaşmasının əsasını qoyur. Onun xaricdə, İtaliyada musiqi təhsili almasına yardımçı olur. Sonradan bu əməllərinə görə xeyli məmnunluq duyur. O, Bülbül haqqında deyirdi:
“Mən Bülbülün oxuması haqqında nə deyə bilərəm? Müğənninin ilk konsertini dinləyərkən mən məftun oldum, teatrdan son dərəcə məmnun çıxdım.
 Teatra gələrkən qorxurdum ki, konsert maraqsız keçə. Lakin o zaman ki, sənətkar vokal mədəniyyətini ciddi öyrənir və bu qədər gözəl oxuyur, ondan əsl zövq alırsan. Bülbülün Avropa üslubunda oxumasının kimə nə dərəcədə xoş gəldiyini deyə bilmərəm, lakin mənim xoşuma gəlir; o, Şərq üslubunda da çox gözəl oxuyur. Lakin belə bir sual ortaya çıxır: Bülbül Avropada olduğu üçünmü belə gözəl oxuyur, yoxsa ona Şərq mahnılarını yaxşı oxumağa imkan verən başqa səbəblər vardır? Əgər Bülbüllə yanaşı, muğamatla heç bir əlaqəsi olmayan hər hansı bir şəxs də Avropada təhsil alsaydı, zənnimcə o, ancaq Avropa havalarını çox yaxşı oxuya bilərdi. Deməli, Bülbülün üstünlüyü ondadır ki, o, hələ sinədən, boğazdan oxuması bir yana qalsın, hər şeydən əvvəl, ifaçılıq mədəniyyətinə yiyələnmişdir… Bülbül kimi mədəni tərbiyə alan, Şərq üslubunda oxumağı bacaran ifaçılar opera və konsert üçün qiymətli kadr olar”.
Elmin Nuri

BIR CAVAB BURAXIN