Fuad Poladovun bu qəhrəmanı kimliyini niyə gizləyirdi?

0
742

 

Arazinfo.com Kulis.az-a istinadən “Naməlum kino” layihəsində Şamil Əliyevin 1999-cu ildə çəkdiyi “Təsadüfi görüş” qısametrajlı bədii filmini təqdim edir.

 

Orta yaşlı bir qadın Tamara (Sənubər İsgəndərli) bahalı geyim dükanına girəndə qəzet satıcısı ilə toqquşur. Tamara kasıb geyimli, yaşından daha qoca görünən adamı – on il bir yerdə oxuduğu, sevdiyi oğlan Muradı (Fuad Poladov) tanıyır. Ancaq qadın əvvəlcə tərəddüd eləyir, onun Murad olub-olmadığını kəsdirə bilmir. Söhbətləşəndə təxminlərində yanılmadığını anlayır. Tamara ehtiyatla ona tanışlıq versə də Murad özünü bilməməzliyə vurur. Özünü Əli Musayeviç kimi təqdim eləyir. Bununla belə kişinin ölçülü-biçili davranışından onun qadının təxmin etdiyi adamın olub-olmadığı yenə anlaşılmır.

 

Qadın kişiylə bir şəkildə ünsiyyət qurmağa çalışır, onu evinə dəvət eləyir. Ona evində bəzi təmir işlərinin olduğunu deyir. Və onun satmalı olduğu bütün qəzet-jurnalları alır.

 

Kişi qadının evində təmir işlərini həll edir. Qadınıın məqsədi isə başqadır. O, kişiyə məktəb illərindəki bir neçə məqamı xatırlatsa da Murad özünü bilməməzliyə vurur. Ancaq Tamara inadından dönmür. O, kişini hamama salır, yuyunandan sonra vəfat etmiş ərinin kostyumunu geyindirir. Kişinin üzündəki əzablı ifadədən aydın oxunur: O, Murad olduğunu etiraf etsinmi, etməsinmi?

 

O, hamamdan üzü qırxılmış, kostyumda çıxanda, masada özünü laqeyd aparanda aydın olur ki, bu təsadüfi görüşü bir oyuna çevirəcək.

 

Qadın düzənlədiyi romantik şam süfrəsində səmimiyyəti, sevgisi ilə buzları əritməyə çalışır.

 

Muradın yadına uşaqlıq, yeniyetməlik xatirələrini salır, birgə fotolarını göstərir. Kişi isə soyuqqanlı, biganə ifadəylə bunları xatırlamadığını, onu kimləsə səhv saldığını deyir. Əhvalatın bir yerində o hisslərinə tabe olaraq cızdığı oyundan kənara çıxsa da, özünü tez ələ alır.

 

Murad keçmiş sevgilisindən yad kimi ayrılır.

 

Sonra biz Muradı şəhərin dar küçələrində elə əvvəlki geyimində pəjmürdə dolaşdığını görürük. O, kasıb evinə gəlir, sevimli pişiyinə süd verir. Məktəb illərində Tamara ilə bərabər çəkdirdiyi şəkillərə baxır və intihar edir.

 

“Təsadüfi görüş” hər şeydən əvvəl Sovet İttifaqı dağılandan sonra yeni iqtisadi, sosial, ictimai münasibətlər sistemində özünü heç cürə tapa bilməyən sovet insanının faciəsini anladır.

 

Murad məktəbi bitirəndən sonra Rusiyaya təhsil almaq üçün gedib, mühəndis ixtisasına yiyələnib. Orda rus qadınla ailə qurub, iki övladı var. Yenidənqurma illərindən sonra işləri tərs gətirib, ailəsi dağılıb və o vətənə dönərək qəzet satmaqla məşğul olub. O, ziyalı statusunu vətənində də bərpa edə bilmir, biliyinə, təcrübəsinə rəğmən layiq olduğu yeri tapa bilmir.

 

İlk məhəbbəti ilə təsadüfi görüş isə ona sevinc yox, məyusluq gətirir. Yoxsul həyat tərzi keçirən Murad zəngin olan keçmiş sevgilisinin qarşısında daxilən əzilir. Ancaq sarsıntısını büruzə vermir, qadının ona acımasını, onun qarşısında sınmaq istəmir. Ona görə bütün görüş boyu özünü tox tutur.

 

Vəziyyətdən çıxış yolunu isə intiharda görür.

 

“Təsadüfi görüş” yuxarıda dediyim kimi, mahiyyəti dəyişən sistemdə, toplumda özünü tapa bilməyən, əzilən sovet ziyalısının faciəsini təsvir edir.

 

“Debüt” studiyasında çəkilən filmin ssenari müəllifi Nərminə Quliyeva, operatoru Kənan Məmmədov, bəstəkarı Rauf Əliyevdir.

 

Film Amerikada, Polşada, Rusiyada, Türkiyədə və digər ölkələrdə  keçirilən festivallarda nümayiş olunub, bir neçə mükafata layiq görülüb.

 

 

 

BIR CAVAB BURAXIN