.
Axar.az araşdımaçı-jurnalist Aqil Mehdinin Fransanın ötən əsrlərdə törətdiyi dəhşətli qətliamlardan bəhs edən yazısını təqdim edir:
Fransada protestant qırğını
445 il əvvəl, şirin bir yay gecəsi katolik könüllülər əllərində bıçaq və qılınclarla protestantları evlərindən bayıra çıxarıb, boğazlarını kəsərək, Parisi yuxudan oyatdılar. Minlərlə cəsəd 24 avqust 1572-ci il səhəri Fransanın qan gölünə dönmüş küçələrində uzanmışdı. Yelisey Sarayı bu qətliamı dayandırmağa çalışsa da, cəhdlər uğursuzluqla nəticələndi. “Varfolomey gecəsi” qırğını kimi tarixə düşən bu hadisə hələ də Fransa tarixinin ən qaranlıq səhifələrindən birini təşkil edir və həmin gecə 30 min nəfərin öldürüldüyü tarixi sənədlərdə qeyd olunub.
Bu qətliamın arxasında Fransa və İspaniyanın Flanders bölgəsini öz nəzarəti altına salmaq səyləri vardı. Başqa bir səbəb də katoliklər və huqenot adlandırılan fransız protestantları arasında on illik zadəganlar müharibəsinin davam etməsi idi.
20 avqust 1572-ci ildə Fransanın katolik kralı IX Çarlzın ispan tərəfdarı olan anası Katerina de Medikis (Catherine de Medicis) İspaniya ilə müharibə edilməsinə çalışan protestant müavin admiral Qaspard de Koliqniyə (Gaspard de Coligny) qarşı ustalıqla sui-qəsd hazırlayır. Ağır yaralanan Kolinqi krala anası barədə xəbərdarlıq edir.
Çarlzın bacısı yeni ailə qurmuş Fransa taxt-tacının gələcək sahibi Henri de Navarre Koliqniyə hücum təşkil edənlərin cəzalandırılmasını istəyir. Buna görə də Katerina de Medikis Koliqninin məhv edilməsi üçün qətliam həyata keçirir. Duk de Quisenin də aralarında olduğu Katerina de Medikisnin güclü tərəfdarları Koliqninin evinə basqın təşkil edib, boğazını kəsərək öldürürlər və cəsədini evinin həyətinə atırlar. Kilsənin zəngləri katolik könüllülərinin silahlanması üçün çalınır. Bundan sonra qətliam nəzarətdən çıxır. Beləliklə, “dinlər müharibəsi” yenidən alovlanır. Henri de Navarrenin krallığı zamanı 1598-ci il tarixli Nant Fərmanı dərc olunur. Bu fərman huquenotları bağışlayır və onlara bütün haqlarını geri verir. Fərman kral XIV Lüdovik tərəfindən 1 əsrdən sonra qüvvədən qaldırılır və protestantlara qarşı hücumlar yenidən başlayır.
Çoxlu sayda huquenot Cənubi Fransanın uzaq dağ kəndlərinə sığınır. Təxminən 400 minə qədəri də İngiltərə, Hollandiya, Almaniya və İsveçrəyə sürgün olunurlar. Protestantların əzilməsi 1764-cü ildə başa çatır. 1789-cu il Fransa inqilabında tam vətəndaşlıq hüquqlarını bərpa edirlər. Hazırda 58 milyon əhalisi olan Fransada 1 milyon protestant yaşayır. Prezident Jak Şirakın dövründə baş nazir olmuş Lionel Jospin, keçmiş sosialist baş nazir Mişel Roçard, Nobel mükafatlı yazıçı Andre Gid və Jan-Pol Sartr protestant mənşəlidir.
Nasist qaz otaqlarının ilham mənbəyi: fransızlar
Bu gün insan haqlarının qorunmasından danışan Fransanın əcdadlarının törətdikləri əməllər barədə hər gün yeni faktlar ortaya çıxır. “Napoleonun günahı” adlı kitabda fransız liderin Haitidə 100 min afrikalı köləni qazla qətlə yetirərək nasistlərə ilham mənbəyi olduğu həqiqətindən danışılır.
Bu barədə Fransanın Qəraib dənizinin şərq hissəsindəki regionu və dəniz departamenti olan Qvadelupadan olan fransız tarixçi Klod Ribben yazıb. 62 yaşlı tarixçinin bildirdiyinə görə, fransız imperator XIX əsrin əvvəlində Haitidə başlayan qara qul qiyamını yatırmaq üçün kölələri öldürmək, əvəzinə isə Afrikadan gətiriləcək üzüyola zənci qulların yerləşdirilməsini planlaşdırıbmış. Kitabda yazılır ki, üsyançılar qruplar şəklində gəmi anbarlarına doldurulub və üstlərinə zəhərli sulfid-dioksid qazı püskürdülüb: “O vaxt San Dominqo adı verilən və Fransa imperiyasının incisi kimi tanınan ərazidə aparılan kütləvi qırğın kampaniyası zamanı 12 yaşından böyük bütün kölələr öldürülüb”.
Tarixçi Klod Ribbe bildirib ki, bu tarixi faktları qırğına qarışmayan fransız zabitlərinin notlarına əsaslandırıb.
Əlcəzair işğalı, soyqırımı və işgəncələr
Avropa ölkələri Afrika işğalından sonra 10 minlərlə afrikalını qul kimi ABŞ-a və Avropa ölkələrinə daşıyıblar. Kölə ticarətinin dayanmasından sonra da afrikalıları əsgər kimi müxtəlif döyüşlərdə istifadə ediblər. Təkcə Fransanın Birinci Dünya müharibəsində 900 min afrikalının ölümünə səbəb olduğu sənədlərlə təsdiqlənib.
1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ilə qədər davam edən 132 illik işğal zamanı 100 minlərlə müsəlmanı qətlə yetirib. Fransızlar 1830-cu ildə Əlcəzairi işğal zamanı bəzi müsəlman qəbiristanlıqlarını qazaraq, oradakı ölülərin sümüklərini çıxarıb və maltalı tacirlərə satıblar. Tarixi mənbələrdə qeyd edildiyinə görə, maltalı tacirlər həmin sümükləri Marselə göndəriblər və Marseldə bu sümüklər müxtəlif sahələrdə, o cümlədən şəkər zavodunda istifadə olunurmuş.
8 may 1945-ci ildə Əlcəzairin şimal-şərqində yerləşən Setif şəhərində İkinci Dünya müharibəsinin müttəfiqlərin qələbəsi ilə nəticələnməsi böyük sevinc aksiyaları ilə qarşılanır. Minlərlə əlcəzairli gənc fransız ordusunda nasistlərə qarşı qəhrəmancasına döyüşmüşdü. Əslində, Əlcəzairdəki fransızlar müharibədə özlərini çox da yaxşı göstərməmişdilər. Onların əksəriyyəti Fransada yaradılan Vişi rejimi üçün işləmişdi. (Vişi rejimi İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kukla dövlət idi. Vişi rejimi Fransanın Vişi şəhərində yaradılıdığından bu şəhərin adına adlandırılmışdı. 1940-cı ilin iyul ayında yaradılan dövlət 1944-cü ilin sentyabr ayında dağılmışdı. Vişi rejiminə Fransanın tanınmış hərbçilərindən olan Filip Peten rəhbərlik etməkdə idi.)
Qələbəni bayram edən əlcəzairlilər Əlcəzairin milli bayraqlarını qaldırdıqdan və müstəqillik şüarlarını səsləndirdikdən sonra Fransa onları şiddətli şəkildə cəzalandırmaq qərarı verir. Setif şəhəri əvvəlcə təyyarələr tərəfindən bombalanır. Daha sonra isə piyada qoşunu qarşılarına çıxan hər kəsi güllələyir. Ölkənin şimal-şərqində yerləşən Gelma şəhərində də oxşar hadisələr baş verir. Fransanın açıqladığı rəsmi ölü sayı 10 min nəfər olub, əslində isə bu rəqəm 45 min imiş.
1954-cü ildə Əlcəzairdə daha bir üsyan olur. Başında Əhməd bin Bellanın olduğu Milli Azadlıq Cəbhəsi Fransa ordusuna qarşı müharibə aparır. Nəhayət, 1962-ci ildə Əlcəzairdə 132 ildən bəri davam edən Fransız rəhbərliyinə son qoyulur. Ölkə müstəqillik qazanır və ilk prezidenti də Əhməd Bin Bella olur.
Fransızlar Əlcəzairi işğal zamanı verdikləri itkilərə qarşılıq olaraq ölkədəki məscidlərin çoxunu katolik kilsəsinə çeviriblərmiş. Əlcəzair işğal altında saxlamadığı müddət ərzində də daim müsəlmanlar qətlə yetirilir, adi səbəblərdən edam edilirmiş. 1954-1962-ci illər ərzində Əlcəzair Azadlıq Müharibəsi zamanı qətlə yetirilən əlcəzairli sayı 1,5 milyon olub.
Fransızlar bu müharibədə xalqın gözünü qorxutmaq üçün əsir götürdükləri liderləri təyyarələrdən atırlarmış. Fransızlar eyni qətliamı Tunis və Mərakeşdə da həyata keçiriblər. Fransız əsgərlərin törətdiyi qətliam görüntülərinin bu gün İŞİD terror təşkilatının törətdiyi qətliamla heç bir fərqi yoxdur. Eyni başkəsmə, eyni edam səhnələri.
Aradan illər keçdi, amma dünyada insan haqlarını müdafiə etdiyini söyləyən nə Birləşmiş Millətlər Təşkilatı, nə Avropa Şurası, nə “sərhəd tanımadığını” söyləyən həkimlər, nə Beynəlxalq Amnistiya Təşkilatı – bir sözlə, heç kəs Fransanın törətdiyi soyqırımı üçün heç kimdən hesab soruşmadı.
Azadlıq müharibəsi zamanı Əlcəzairdə yüksək vəzifədə – Xüsusi Xidmət Orqanının rəhbəri olmuş general Pol Aussaresses 2000-ci ildə xatirələrindən ibarət kitabını satışa çıxarır. “Əlcəzair Gizli Kəşfiyyat Xidməti 1955-1957” adlı kitabda Aussaresses əlcəzairlilərə necə işgəncə verdiklərini bütün sənədləri ilə açıqlayır. Kitabda bu işdə əli olanlardan biri kimi Mitteranın da adı çəkilir. O dövrdə ədliyyə naziri olan Mitteranın işgəncəyə göz yumduğu bildirilir.
Paris Apelyasiya Məhkəməsi Əlcəzairdə törətdiyi qırğın və işgəncələri yazdığı kitabda etiraf edən 84 yaşlı fransız general Pol Aussaressesi 7 min 500 avro pul cəzasına məhkum edir. Kitabı çap edən “Plon və Perren” adlı nəşriyyat isə 15 min avro məbləğində cərimələnir. Bundan əlavə, 2000-ci ildə kitab satışa çıxdıqdan sonra dövrün Fransa prezidenti Jak Şirakın göstərişi ilə general Pol Aussaressesin rütbəsi və Fəxri Legion Ordeni geri alınır, ona verilən aylıq müavinət kəsilir.
Kitabın Fransa ictimaiyyətində böyük əks-səda doğurmasından sonra Kommunist Partiyası parlamentdə istintaq komissiyası yaradılmasını istəyir, ancaq keçmiş baş nazir Lionel Jospin tarixin tarixçilər tərəfindən araşdırılması lazım olduğunu söyləyərək, bu işə etiraz edir və iş dayanır.
Fransadan üzr istəyinə şok reaksiya
İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümünü böyük təntənə ilə qeyd edən Qərb ölkələri Əlcəzair prezidenti Əbdül Əziz Buteflikanın çağırışından şoka düşdülər. Buteflika Fransanın Setif və Gelmada törətdiyi soyqırımı qəbul edərək üzr istəməsini tələb edirdi. O, Fransanın bu barədə arxivlərinin açılmasını istəyirdi. Buteflikanın fəryadını “humanist (!)” Qərb mediası nə işıqlandırdı, nə də münasibət bildirdi. Çünki zavallı Əlcəzairin ermənilər kimi ABŞ-da, Fransada, İsveçrədə milyoner lobbiçiləri yox idi.