Fransanın “Air France” milli aviaşirkəti əmək haqqının ixtisarı, işəgötürmə və əməkdaşların işdən azad edilməsi prosedurunun sadələşdirilməsi, həmçinin yeni əmək qanunvericiliyinin ləğvini tələb edən pilotların tətili ilə əlaqədar 30%-ə qədər reysləri ləğv edib.
Virtualaz.org xəbər verir ki, aksiyanın iyunun 14-ə kimi davam edəcəyi gözlənilir. Bu da Fransada keçirilən və iyulun 10-dan başlayan futbol üzrə Avropanın Çempionatını izləməyə gələn minlərlə futbol azarkeşinə narahatlıq yaradacaq.
Aviaşirkət nümayəndələrinin məlumatına görə, indi prioritet “EURO-2016”nın matçları keçirilən şəhər reyslərinə verilir. “Air France” rəhbəri Frederik Qajinin sözlərinə görə, şirkət çalışacaq ki, bu şəhərlərə olan reyslərdə dəyişiklik olmasın.
Qeyd edək ki, tətil nəticəsində aviaşirkətin güman edilən itkiləri artıq hər gün 5 milyon avro dəyərində qiymətləndirilir. Yeri gəlmişkən, “Air France” şirkəti 2014-cü ildə baş tutan tətilə görə 400 milyon avro itirmişdi.
Demək lazımdır ki, bu aksiya son üç ayda bütün ölkəni titrədən ümumi tətil hərəkatının bir hissəsidir. Ölkənin ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası da tələb edib ki, hökumət şirkətlərə maliyyə çətinlikləri olduqda əməkdaşları çıxarmağa imkan verən əmək islahatını ləğv etsin.