Flynn-in istefası Rusiya ‘analitiklərini’ qeyzləndirib

0
658

2015-ci il, Moskva. ABŞ-ın təqaüddə olan ordu generalı Michael Flynn Rusiya prezidenti Vladimir Putinlə eyni ziyafət masası arxasında

2015-ci il, Moskva. ABŞ-ın təqaüddə olan ordu generalı Michael Flynn Rusiya prezidenti Vladimir Putinlə eyni ziyafət masası arxasında

AzadlıqRadiosunun müxbiri Robert Coalson yazır ki, Kreml ABŞ milli təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiya ilə “xoşagəlməz” münasibətləri barədə iddialarla bağlı istefasını Vaşiqntonun “daxili işi” adlandırsa də, Kremlə bağlı siyasətçilər və analitiklər bir ağızdan bunu Amerika “qırğılarının” ABŞ-Rusiya yaxınlaşması perspektivlərinə zərbəsi kimi qiymətləndiriblər.

Onlar bu zərbənin arxasında ABŞ mediasının, demokratların, kəşfiyyatın və onların təbirincə deyilərsə, “rusofob” respublikaçıların dayandığını deyirlər.

Rusiya prezidentinin mətbuat katibi Peskovun, Rusiya Xarici İşlər Nazirliyinin “hər hansı bir şərhdən” çəkinməsinə baxmayaraq? hökumətə bağlı siyasətçilər bu istefanı çox qızğın müzakirə edirlər.

Rusiya Federasiya Şurasının üzvü və Dövlət Dumasının Xarici İşlər Komitəsinin keçmiş başçısı Aleksey Puşkov yazdığı tvitə New York Daily Mail q’zetinin ön səhifəsinin şəklini əlavə edib: “Rusiya çıx get”.

Onun fikrincə bu, ABŞ-ın əsas media qurumlarının Flynn-i yox, Rusiya ilə münasibətləri aqressiv şəkildə hədəfləməsinin göstəricisidir.

Dumanın Xarici İşlər Komitəsinin hazırkı başçısı Leonid Slutski də Interfax agentliyinə təxminən eyni fikri bildirib.

O deyib ki, Flynn-in istefaya məcbur edilməsindən məqsəd ABŞ-ın yeni administrasiyasının gözdən salınması və Rusiya-Amerika münasibətlərinin hədəflənməsidir.

Rusiya Elmlər Akademiyasının Şimali Amerika eksperti Sergei Kislitsin isə deyib ki, Flynn Britaniya və ya Fransa səfiri ilə telefon söhbəti etsəydi, buna anormal baxılmazdı.

Ekspert bildirib ki, Flynn Trump administrasiyası ilə onun opponentləri arasında gedən çarpışmanın qurbanı olub.

Federasiya Şurasının üzvü və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçyov isə deyib ki, Birləşmiş Ştatlarda Rusiya ilə hətta dialoqa can atılmasına da cinayət əməli kimi baxılır.

Kosaçyovun fikrincə Flynn-in Rusiya ilə dialoqa can atması, McCain və onun kimi başqa respublikaçıların münasibətindən qat-qat yaxşı idi.

Rusiyanın Birləşmiş Ştatlar və Kanada İnstitutunun eksperti Vladimir Batyukun fikrincə, Flynn-in istefası “Moskvanın yeni ABŞ administrasiyasına inamına vurulmuş ciddi zərbədir”.

Ekspert deyib ki, “Rusiya səfiri Kislyakla söhbət edərkən Flynn prezidentin adından danışdığına əmin olub, amma indi bunun belə olmadığı deyilir”.

Batyuk hesab edir ki, Rusiya-Amerika münasibətlərinin perspektivlərinə güclü zərbə dəyib.

Maraqlıdır ki, son vaxtlar Rusiyanın əlində alətə çevrildiyi deyilən WikiLeaks saytı Flynn-in istefasına elə Rusiya ekspertləri kimi reaksiya verib. Saytın postladığı tvitdə deyilir ki, “Flynn ABŞ casuslarının, demokratların və medianın apardığı pozucu kampaniyaya görə istefaya gedib”.

Populyar Moskovski Komsomolets qəzeti isə yazır ki, Flynn-in süqutunda əsas rolu onun Rusiya səfiri ilə telefon söhbəti yox, 2015-ci ildə Moskvada RT-nin 10 illiyinə həsr edilmiş təntənəli ziyafətdə Putinlə eyni masada oturması oynayıb.

Qəzet Flynn-in hərəkətini təsvir etmək üçün 18-ci əsr fransız xarici işlər naziri Talleyrand-ın məşhur ifadəsini misal gətirir: “Bu cinayətdən də pisdir. Çünki bu səhvdir”.

BIR CAVAB BURAXIN