ABŞ-da keçirilən prezident seçkilərində Rusiya meyilliyiliyi ilə seçilən Donald Trampın qələbə çalmasından sonra analoji hadisələr Fransada və digər Avropa ölkələrində də baş verməyə başlayıb. Bu baxımdan Fransada Rusiya tərəfdarı kimi tanınan Fransaua Fiyon gözlənilmədən siyasi səhnəyə çıxaraq prezident kürsüsü uğrunda mübarizəyə qoşulub. Fiyonun bu uğuru siyasi müşahidəçilər tərəfindən onun qarşıdan gələn prezident seçkilərində qələbəyə əsas namizəd kimi adının hallandırılmasına gətirib çıxarıb. Belə bir fikir vurğulanır ki, Fiyonun seçkilərdə əsas rəqibi Marin Le Pen olacaq və o rəqibini böyük səs çoxluğu ilə üstələyəcək. Təbii ki, Fiyonun qarşıdan gələn prezident seçkilərində qələbəyə əsas namizədlərdən biri olması Rusiyada sevinclə qarşılanıb. Bu da əsassız deyil. Fiyon Rusiya ilə münasibətləri normallaşdırmaq və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyi barədə dəfələrlə açıqlama verib. Bu da hər dəfə Rusiyada məmnunluqla qarşılanıb və yerli mətbuat Fiyonun simasında reallığı nəzərə alan ən böyük siyasətçi imici formalaşdırmağa cəhd edib. Hər halda Fiyonun Respublikaçılar Partiyasından prezidentliyə ən güclü namizədlər hesab edilən Alen Jyuppe və Nikola Sarkozini praymerizdə məğlub etməsi çoxları üçün gözlənilməz oldu. Çünki praymerizdən öncə Fiyon partiya tərəfdaşları olan Sarkozi və Jyuppe ilə müqayisədə zəif təsir bağışlayırdı və onlardan geridə qalırdı. Lakin Fiyon prezidentliyə namizədlik uğrunda mübarizədə məhz Sarkozini və Jyuppeni özündən geridə buraxaraq Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağı bacardı.
Fiyonun əsas uğuru onun dəqiq proqrama malik olması hesab edilir. Bu məsələdə o Fransa elitasının dəstəyini almaq üçün iş saatının 36 saatdan 39 saata kimi artırılmasını, pensiya yaşının 62-dən 65-ə qaldırılmasını, məmurların sayının 500 min nəfər azaldılmasını təklif edir. O bununla Fransa iqtisadiyyatının yüksəlişinə nail olacağını vurğulayır. Fiyon eynicinsli şəxslərin ailə həyatı qurmasının, ölkədə abortların qadağan edilməsinin əleyhinə çıxış edir. Fiyonun miqrantlara münasibəti, də özünəməxsusdur. O miqrantların qısa müddətdə assimilyasiya edilməsinin vacibliyini vurğulayır. Bu baxımdan onun miqrantlara münasibəti Li Penin mövqeyi ilə üst-üstə düşür.
Rusiyanın dostu
2014-cü ilin yanvar ayında Ukrayna böhranının qızğın çağında “L’Express” qəzetində “Fransanın bütün siyasətçilərindən daha çox Fiyon Putini yaxşı tanıyır” adlı məqalə çıxdı. Bu məqalədə Fiyon Rusiyanın ən yaxın dostu kimi təriflənirdi. Həqiqətən də Fiyon 1986-cı ildən başlayaraq dəfələrlə Rusiyaya səfər edib və bu ölkəni öyrənməklə məşğul olub. O, Rusiya ilə əməkdaşlğın ən yüksək səviyyədə davam etdirilməsinin qızğın tərəfdarı hesab edilir. Ötən həftə “Le Monde” qəzetində gedən məqaləsində Fiyon Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb və bundan Qərbin milyardlarla dollar gəlir götürəcyini bildirib. O Ukrayna münaqişəsinə görə bütün günahların Rusiyanın üzərinə qoyulmasının düzgün olmadığını yazıb. Krımı isə Kosovo ilə müqayisə edən Fiyon bu məsələdə də Rusiyanı müdafiə edib. Suriyaya münasibətdə də rusmeyilli mövqedən çıxış edən fiyon yazır: “Suriyada 3 tərəf deyil, iki tərəf döyüşür. Onlardan biri islamçılar, o birisi isə başqalarıdır. Mən başqalarının tərəfindəyəm”.
Şübhəsiz ki, Fiyon başqaları deyəndə Rusiyanı, onun müdafiə etdiyi Əsəd rejimini, həmçinin İranı nəzərdə tutub. Fiyon NATO-ya münasibətdə də Rusiya tərəfdarı kimi çıxış edir və bunu ölkəsinin maraqlarının müdafiəsi ilə əlaqələndirir. Bir sözlə Fiyoun siyasi baxışları eyni ilə Trampı xatırladır. Əksər siyasi müşahişdəçilər tərəfindən Fransanın Trampı adlandırılan Fiyonun gələn il keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Rusiyanın Qərbdən təcridinin aradan qaldırılması istiqamətində önəmli addımlar atacağı ehtimal edilir.
Əziz Mustafa