Famil Məmmədov Saxalində üzüm becərir

0
752
 

Rusiyanın sərt iqlimi ilə tanınan Saxalin vilayətində üzüm yetişdirmək? Bu, yəqin ki, vilayətin yerli sakinləri üçün zarafat görünə bilərdi. Ancaq azərbaycanlı Famil Məmmədov Saxalindəki həyətyanı sahəsində əkdiyi üzümlərin meyvəsindən artıq üçüncü ildir bəhrələnir. Üstəlik o, həyətyanı sahəsində çiyələk, kartof, hətta gilas da yetişdirir.

Saxalinin azərbaycanlı sakininin bu qeyri-adi bacarığı haqda NTV telekanalı reportaj hazırlayıb. Yerli sakinlər onun həyətyanı sahəsində üzüm yetişdirmək ideyasına skeptik yanaşıblar, çünki Saxalində illik orta temperatur 3 dərəcədən çox deyil, günəş şüaları da az düşür.

Lakin ixtisasca aqronom olan və özünün dediyi kimi Azərbaycanın üzümçülük rayonunda yaşamış Famil Məmmədov sərt iqlimə meydan oxuyub. Azərbaycandan apardığı üzüm tinglərini həyətyanı sahəsində düzəltdiyi parnikdə əkib, onlara qulluq edib və artıq üçüncü ildir ki, nəvələrini becərdiyi ağ, qara üzümlə bəsləyir. Familin bağı məhsul verəndən bəri onun ailəsi bazardan meyvə-tərəvəz almır, azərbaycanlı ailə Çindən gətirilən meyvələrdən yemir.

Famil Məmmədov əmin edir ki, bağında heç kim kimyəvi kübrədən istifadə etmir. Deyir ki, Saxalin torpağı münbitdir, orada nə əksən bitir. Sadəcə olaraq bitkiyə düzgün qulluq lazımdır. İndi F.Məmmədov bu bağçılıq təcrübəsini “Uzaq Şərq hektarı” proqramı çərçivəsində sakinlərə pulsuz verilən torpaq sahəsində genişləndirmək niyyətindədir. Yerli hakimiyyət də ona kömək etməyə hazır olduğunu bildirir.

Virtualaz.org

BIR CAVAB BURAXIN