Faiq Ələkbərli: “… Yalnız Azərbaycan deyil, Türkiyə türkləri də xilas oldu”

0
940

“Çox mürəkkəb və gərgin bir dövrdə azadlığa qovuşan Quzey Azərbaycan xalqının, yenicə yaranmış dövlətini-Azərbaycan Cümhuriyyətini qoruyub saxlamaq üçün hərbi yardıma kəskin ehtiyac var idi. Çünki Çar Rusiyası dövründə Azərbaycan türkləri hərbi xidmətə aparılmadığı, yalnız könüllü şəkildə çar ordusuna getmiş azsaylı zabitlərə malik olduğu üçün ciddi əskəri qüvvə problemi yaşayırdı. Məhz belə bir vacib anda Azərbaycan Cümhuriyyəti hökuməti eyni soykökə və dinə sahib olduqları Osmanlı dövlətinə, onun baş naziri Tələt paşaya hərbi yardım üçün müraciət etdilər.

Nağı Şeyxzamanlı (Keykurum) xatirələrində yazır ki, Azərbaycana hərbi yardım göstərilməsi üçün Azərbaycan hökuməti adına Nəsib bəy Yusifbəyli onu Osmanlıya rəsmi nümayəndə kimi göndərib. N.Şeyxzamanlı qeyd edir ki, Ənvər Paşa ilə danışıqlar apararaq onu Trablüsqərb də hərbi xidmət göstərən Nuru Paşanın Azərbaycan göndərməsinə razı sala bilmişdi. Bütün hallarda bu bir həqiqətdir ki, Tələt Paşanın göstərişi ilə hərbi nazir Ənvər Paşa Azərbaycana hərbi yardım məsələsində müstəsna rol oynamışdı. Həmin dövrdə Osmanlı dövlətinin əsas liderləri olan Tələt Paşa və Ənvər Paşanın əməyi sayəsində Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda 4 iyun 1918-ci il tarixində hərbi müqavilə bağlandı. Hərbi müqaviləni Azərbaycan Cümhuriyyəti adına Azərbaycan Milli Şurasının sədri, dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə, xarici işlər naziri Məhəmməd Həsən Hacınski, Türkiyə tərəfindən isə xarici işlər naziri Xəlil bəy və Quzey Qafqaz cəbhəsinin baş komandanı Vehib paşa imzaladılar. Həmin müqavilənin 4-cü maddəsi əsasında Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın başçılığı ilə Türk qoşunlarının bir alayı Quzey Azərbaycana yardıma göndərildi. Bu anlamda Azərbaycan Cümhuriyyətinin torpaqlarının böyük qisminin düşmən qüvvələri tərəfindən təmizlənməsində, xüsusilə də yeni Türk dövlətinin öz müstəqilliyini qoruyub saxlamasında Ənvər Paşanın da misilsiz xidmətləri olmuşdur”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakının erməni-daşnak, bolşeviklərdən azad edilməsinin 100 illiyi münasibəti ilə Olaylar.az-a bəzi tarixi faktları açıqlayıb.

Nuru Paşanın başçılıq etdiyi Türk alayı Qacarlar dövlətinə aid Güney Azərbaycandan, yəni Təbriz, Qaradağ yolu ilə  keçərək Quzey Azərbaycan-Zəngəzura və sonra da Gəncəyə gəldiyini qeyd edən Faiq Ələkbərli bildirir ki, Güney Azərbaycanın, o cümlədən Urmiya və Salmasın erməni və aysorlardan ibarət “xristian ordusu”ndan qurtulmasında da Osmanlı Türk qoşunları mühüm rol oynayıb. “Məhz Osmanlı ordusunun 4-cü korpusunun qəhrəmanlıqları nətisəcində 1918-ci ilin yaz-yay aylarında Urmiya və Salmas, eləcə də digər Güney Azərbaycan kəndlərilə şəhərləri birləşmiş erməni-aysori ordusundan azad edildilər. Hər halda Quzey Azərbaycan kimi Güney Azərbaycanın da türk-müsəlman əhalisinin erməni-aysori hərbi birləşmələri, ya da “xristian ordusu” tərəfindən tamamilə məhv edilməsindən qurtarılmasında Osmanlı dövləti, Osmanlı-Türk əsgəri fövqəladə rol oynamışdır.

Nuru Paşanın başçılıq etdiyi Türk alayı Gəncə şəhərinə daxil olduqdan az sonra onunla mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxdı ki, bu da ciddi böhrana səbəb oldu. 1918-ci ilin iyunun ortalarında meydana çıxan bu böhranla bağlı bir neçə versiya vardır. Bəzi tədqiqatçılar hesab edirlər ki, siyasi böhranın yaranmasının əsas səbəbkarı “ittihadçılar”-“ilhaqçılar”, yəni Osmanlı dövlətinə birləşmə tərəfdarları olmuşlar. Hətta, o da iddia olunur ki, gənc Azərbaycan Cümhuriyyətinin Osmanlı dövlətinə birləşdirlməsi məsələsində Azərbaycan türk mütəfəkkiri Əhməd bəy Ağaoğlu da maraqlı olmuşdur. Belə ki, 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Türk alayının tərkibində Gəncəyə gələn Ə.Ağaoğlu onun “siyasi müşaviri” kimi İslam-Türk birliyi ideyasına uyğun olaraq, müstəqil Türk dövlətlərinin yaranmasının əleyhinə çıxmış, Azərbaycanın Türkiyəyə birləşməsini tələb edən “ilahaqçılar”ın əsas ideoloqlarından biri olmuşdur.

1936-cı ildə qələmə aldığı “Azərbaycan Milli Hərəkatı kitabında Mirzə Bala Məhəmmədzadə də yazırdı ki, Nuru paşanın səlahiyyətli “siyasi müşaviri” Ə.Ağaoğlu onunla danışıqlar aparmağa gələn Milli Şuranın nümayəndələrinə (M.Ə.Rəsulzadə, F.Xoyski və M.H.Hacınski) xalqın onları istəmədiyini, bu səbəbdən onların hökumətinə qarşı xalqın üsyan edəcəyi təqdirdə tərəfsiz qalacaqlarını bildirmişdi. Ə.Ağaoğlu siyasi böhrandan çıxış yolu kimi təklif etmişdir ki, Milli Şura ləğv olunsun və Nuru paşanın özü bir hökumət qursun. Ancaq Milli Şura nümayəndələrinin onun bu fikirlərinə etiraz etməsindən sonra Ə.Ağaoğlu razılaşmışdır ki, Milli Şura yeni hökuməti təşkil etsin və bütün hüquqlarını ona verməklə, özünü ləğv etsin. Fikrimcə, Ə.Ağaoğlunun Milli Şuraya qarşı tutduğu kəskin mövqe həm o zaman, həm də sonralar onun ayrı-ayrı müstəqil Türk dövlətlərinin deyil, vahid islam-türk dövləti ideyasının tərəfdarı olması mülahizəsinin yaranmasına səbəb olmuşdur. Ümimiyyətlə, etiraf etmək lazımdır ki, Azərbaycanın milli istiqlalı məsələsində Ə.Ağaoğlu bir qədər ziddiyyətli mövqe tutmuşdur. Belə ki, istər Nuru paşanın “siyasi müşaviri” və ilk Parlamentin millət vəkili olduğu dönəmlərdə Azərbaycanın Milli İstiqlalı bağlı fərqli mülahizələrdən çıxış etmişdir. Yalnız Azərbaycan Parlamenti fəaliyyətə başladıqdan sonra (7 dekabr 1918) millət vəkili kimi Ə.Ağaoğlu birmənalı şəkildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin dönməz təbliğatçısı olmuşdur”.

Tarixçi Ə.Ağağolu ilə müqayisədə tanınmış Azərbaycan türk mütəfəkkiri Əli bəy Hüseynzadə (Turani) məsələyə daha həssaslıqla yanaşdığını, onun Azərbaycan Cümhuriyyəti dövründə qələmə aldığı “Azərbaycanda düşündüklərim” adlı məqaləsi buna bariz nümunədir. “Belə ki, 1918-ci ildə Türkiyə hökuməti tərəfindən Ə.Ağaoğlu ilə birlikdə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi aparmaq üçün Azərbaycana gələn Ə.Hüseynzadə yazırdı: “Hilali-Əhməriyyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm”. O qeyd edirdi ki, Azərbaycan türk dövlətini çiyin-çiyinə qoruyan Türkiyə və Azərbaycan türkləri bir-birlərini mükəmməl anlayırlar: “…Çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları və İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir”. Azərbaycan və Türkiyə türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki türk millətinin bir-birinə qarışması ilə bütün türk milləti müasirləşmiş, güclənmiş və bütövləşmiş olacaqdır. Belə ki, imperializm, nasiyonalizm və sosializm cərəyanlarının faciəli fəaliyyət mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif yaxıcı, yıxıcı və əzici cərəyanların altında nə edəcəyini bilmədi, mühakiməsini itirdi. Ancaq Türkiyə türklərinin onların imdadına çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də xilas oldu”.

Faiq Ələkbərli bildirir ki, Ə.Hüseynzadə Azərbaycan milli məfkurəsinin gerçəkliyə çevrilərək onun əsasında siyasi və hüquqi cəhətdən müstəqil Azərbaycan Cümhuriyyətinin yarandığını görərək, iki müstəqil türk dövlətindən (Azərbaycan və Türkiyədən) və onların bir-birinə dayaq olmasından bəhs etdib. “Doğrudur, T.Svyatoçovski yazır ki, həmin dövrdə Ə.Hüseynzadə Cənubi Qafqaz bölgəsi üçün üç seçənəkdən: 1) Qafqaz Federasiyasından; 2) müstəqil türk, gürcü və erməni dövlətlərindən; və 3) Qafqaz türklərinin Türkiyəyə birləşməsindən bəhs etmişdir. Fikrimizcə, bu seçənəklər arasında Ə.Hüseynzadə Azərbaycan Cümhuriyyətinin müstəqil bir türk dövləti kimi var olmasını daha vacib hesab etmişdir.

Xüsusilə ilk dövrlərdə, Azərbaycan Cümhuriyyəti adlı müstəqil bir türk dövlətinin müstəqilliyi bəyan olunmasına baxmayaraq istər daxildə, istərsə də onun xaricində onu azadlığını tanımaq istəməyən xeyli sayda qüvvələr (bolşeviklər, “ittihadçılar”-“ilhaqçılar” və b.) var idi. Milli istiqlalın əleyhinə olan bolşeviklər və “ittihadçılar”-“ilhaqçılar” (dini qüvvələr) müvafiq olaraq Azərbaycanı Rusiyadan və Osmanıldan ayrı təsəvvür etmirdilər. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycanın bir hissəsi bolşeviklərin əlində olduğu halda, digər hissəsi isə faktiki olaraq Azərbaycandakı Osmanlı dövlətinin qoşunlarının komandanı Nuru paşanın və onun ətrafına toplanmış Azərbaycanın Türkiyəyə birləşməsinin tərəfdardlarının təsiri altında idi”.

“Ancaq tarixçı alim Aydın Balayevin fikrincə, həmin dövrdə Nuru Paşanın “ilhaqçılar”ın təsiri altında olması ilə bağlı bəzi müəlliflərin qeydləri doğru deyildir: “Fikrimizcə, Nuru paşanın”ilhaqçılar”a dəstəyi Türkiyənin hakim dairlərinin o dövrdə türk xalqları, o cümlədən Azərbaycana münasibətdə yeritdikləri siyasətin mahiyyətindən irəli gəlirdi”. Bu fikirlə razılaşaraq hesab edirik ki, bunu, “ilhaqçılar” da yaxşı bilir və bu amildən istifadə etməyə çalışırdılar. A.Balayevin də qeyd etdiyi kimi, əsas özəyini Azərbaycanın burjua-mülkədar və dini dairələrinin nümayəndələri təşkil edən “ilahqçılar”ı, Azərbaycanın müstəqilliyi ideyasından daha çox, Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın ölkənin siyasi sistemində köklü demokratik dəyişikliklər həyata keçirmək planları narahat edirdi: “Milli Şuranın təxirə salmadan ölkədə geniş demokratik azadlıqları gerçəkləşdirmək, dini dövlətdən ayırmaq, aqrar sahədə islahatlar həyata keçirmək, qadınlara kişilərlə bərabər hüquqlar vermək planlarını həmin dairələr öz imtiyazlarının toxunulmazlığı üçün təhlükə hesab edirdilər””.

Ardı var

BIR CAVAB BURAXIN