Arazinfo.com xəbər verir ki, 21-22 sentyabr 2019-cu il tarixlərində Qırğızıstanın Bişkek şəhərində Y.Balasaqunlu adına Milli Qırğız Universitetində Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə “Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” VII Beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Beynəlxalq elmi-praktiki konfransda Türk xalqlarının (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Yakutiya, Başqırdıstan, Altay, Kalmıkiya, Xakasiya və b.) alimləri ilə yanaşı, digər millətlərin nümayəndələri də qatılıblar.
Həmin beynəlxalq elmi-praktiki konfransda Azərbaycanı təmsil edən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) bizə verdiyi açıqlamasında bildirib ki, “Tanrıçılıq fəlsəfəsi: tarix və müasirlik” adlı məruzəsində Tanrıçılıq fəlsəfəsinin mahiyyətindən bəhs edib. Onun sözlərinə görə, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” anlayışına nadir hallarda rast gəlmək mümkündür: “Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb başqa xalqların dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Halbuki Türk fəlsəfəsi Tanrıçılıq fəlsəfi təlimi kimi ayrıca bir özünəməxsusluğa malikdir. Başqa sözlə, qədim dövrlərdən etibarən Tanrıçılıq fəlsəfəsi Türk fəlsəfəsinin nüvəsini təşkil etmişdir və etməyə də davam edir”.
F.Ələkbərli onu da əlavə edib ki, əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göy Tanrı) fəlsəfəsi ilə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olması qətiyyən şübhə doğurmamalıdır: “Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçayarasında mövcud olmuş Şumer sivilizasiyasının varlığı da Turan-Türk kosmoqoniyasının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Şumerlərdə və digər Turan qövmlərdə görünən Göy Tanrı dininin digər dinlərdən daha əski olması, üstəlik onlara təsir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır”.
Konfransda Tanrıçılıqla bağlı kitablar və məqalələr yazmış bir çox tanınmış elm adamları (prof. Rafael Bezertinov, prof. Serik Rustambekov, dos. Lena Federova, prof. Talantaaalı Bakçiev, prof. Amangəldi Narımbayeva, Siqin Menghe, Daşnyam Luvsandambın, Özgür Barış Etli, Sartkojaulı Karjaubay, f.e.d. Larisa Anjiqanov və b.) məruzələr etmişlər!
Konfrans çərçivəsində Tanrıçılıqla bağlı bir neçə praktiki ayinlər də icra olunmuşdur.
Konfransın sonunda qərara alınmışdır ki, növbəti elmi-praktiki tədbir Azərbaycanda keçirilsin. Eyni zamanda növbəti beynəlxalq konfransa qədər Tanrıçılıq dini-fəlsəfi təliminin Türk-Monqol xalqlarının mədəni irsi kimi UNESKO tərəfindən tanınması üçün onlara müraciət edilsin.