Fəzail İbrahimli harda səhv edib? 04.06.2016 09:18

0
701

1 iyun Uşaqların Beynəlaxal Müdafiəsi Günündə Cəlilabad rayonunda 10-11 yaşlarında bir uşaq çörək oğurladığına görə polis tərəfindən saxlanılıb və qoluna qandal vurulub. Tam səmimi deyirəm, bu son illərdə eşitdiyim ən ağır xəbərdir. Əminəm ki, vicdanı olan hər kəsi bu xəbər sarsıdıb. Həmin uşaq iyunun 1-də deyil, başqa bir gün oğurluq etsəydi bəlkə də bunu normal qəbul etmək olardı. Həmin uşaq çörək əvəzinə şokalad, yaxud da oyuncaq oğurlasaydı bunu da normal qəbul etmək olardı. Amma bir uşağın uşaqlar günündə çörək oğurlaması qədər dəhşətli heç nə ola bilməz.

Uşağın qolu qandallı şəkildə polis maşınına mindirildiyi anı əks etdirən şəkillər 2 gündür mətbuatda və sosial şəbəkələrdə paylaşılır. Hadisəyə münasibət bildirənlərin böyük əksəriyyəti polisi uşağın qoluna qandal taxmasına görə qınayırlar. Hesab edirəm ki, qınamaqda da haqlıdırlar. Çünki saxlanılan şəxs uşaqdır, üstəlik də ağır cinayət üstündə saxlanılmayıb. Ancaq sən demə bu hərəkətinə görə polisə haqq qazandıranlar da var. Üstəlik bu şəxs Cəlilabad sakinlərini Milli Məclisdə təmsil edən Fəzail İbrahimlidir.

Fəzail İbrahimli deyib ki, uşağı hansısa şəkildə tənbeh etmək mütləqdir. Düz deyirsiniz Fəzail müəllim. Əlbəttə uşaq oğurluq edibsə tənbeh olunmalıdır. Bunu heç kim inkar etmir. Amma küçədə, hər kəsin gözü qarşısında 11 yaşlı uşağın qoluna qandal taxaraq polis maşının mindirmək tənbeh üsulu deyil. Fəzail İbrahimli siz alimsiniz, professorsunuz, eyni zamanda da Cəlilabad sakinlərini Milli Məclisdə təmsil edən deputatsınız. Ən azından sadaladığım bu statuslarınıza görə, polisə haqq qazandırmamalıydınız. Nə olursa-olsun uşaq uşaqdır. Onunla böyük insanlarla davrandığımız kimi davranmamalıyıq.

Fəzail İbrahimli deyib ki, bu məsələ mediada həddindən artıq “şişirdilib”. Düz deyirsiniz, həqiqətən də bu məsələ media tərəfindən geniş şəkildə tirajlanıb. Çünki 11 yaşlı bir uşaq Uşaqların Beynəlaxal Müdafiəsi Günündə çörək oğurlayıb. O uşaq dediyim kimi şkolad, yaxud da oyuncaq oğurlasaydı bu mövzu bu qədər aktuallaşmazdı.

Fəzail İbrahimli deyib ki, Cəlilabadda ağlı kəsməyən körpə çörək oğurlayıb deyə bu qədər səs-küymü salmaq lazımdır? Bəli, Fəzail müəllim, bunu da düz deyirsiniz. Səs-küy salmaq lazımdır. Həm da var gücümüzlə. Çünki ağlı kəsməyən körpəni çörək oğurladığına görə qandallamaq olmaz.

Fəzail İbrahimli deyib ki, uşağın çörək oğurlamağını sensasiya edib “ay aman Cəlilabadda aclıqdır, camaat çörək oğurlayır” deyirlər: “Biz hamımız uşaq olmuşuq. Kimsə bağdan alma, armud oğurlayıb”. Bunu da düz deyirsiniz Fəzail müəllim biz hamımız uşaq olmuşuq, bağdan alma da, armud da oğurlamışıq. Amma buna görə heç kim bizim qolumuzu qandallamayıb axı…

Fəzail İbrahimli deyib ki, çörək oğurlayan uşaq bütün Cəlilabadın adına ləkə gətirib: “Rayonda əksər adamlar namaz qılır, ibadətlə məşğul olur”. Düz deyirsiniz, Fəzail müəllim, Cəlilabad sakinlərinin dininə-imanına bağlı olduqlarını hər kəs bilir. Ancaq sizdən bir xahişim olacaq: dediyiniz o əksər adamların arasında çörək oğurlayan uşağın qonşuları varmı. Varsa onlara xatırladın ki, İslam peyğəmbəri “qonşusu ac olarkən özü tox yatan bizdən deyildir” söyləyib.

Fəzail İbrahimli açıqlamasının sonunda onu da deyib ki, Cəlilabadın başçısı hər 5-ci gün insanları qəbul edir: “Çörəyə ehtiyacları olmasa da müəyyən problemlərinin həllinə çalışır. Qeyri-leqal olsa da pul yardımları edilir”. Fəzail müəllim, hər şeyi “düz” desənizdə burada səhv etmiziniz. İcra hakimiyyəti xeyriyyə təşkilatı, başçı da xeyriyyəçi deyil. İcra hakimiyyətlərinin, başçıların insanlara pul yardımı etmək funksiyaları və səlahiyyətləri yoxdur. Onlar dövlətdən maaş alan, bizneslə məşğul olmaları qanunla qadağan edilən məmurlardır. Yox əgər dediyiniz kimi bunu qeyri-leqal yolla edirsə, o zaman bilməlisiniz ki, insanlara verdiyi pulları da qeyri-leqal yolla əldə edir…

BIR CAVAB BURAXIN