“Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı”

0
1091

“Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı”

Xəbər verdiyimiz kimi, Türkiyədə Beynəlxalq Alanya Film Festivalı baş tutub.

Arazinfo.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, festivalda iştirak edən iki məşhur sima: xalq artisti Fəxrəddin Manafov və əməkdar artist Mehriban Zəki maraqlı açıqlamaları ilə yadda qalıb. 

M. Zəki festivalın açılışında mahnı oxuması barədə suallara cavab verib. Aktrisa deyib ki, o,mahnı oxumaqla yanaşı bağlama da ifa edir:

“Təbii ki, gənclər mənim mahnı ifa etdiyimi bilmir. Ancaq yaşlı nəsil və öz nəslimin nümayəndələri bu istedadımdan xəbərdardır. Mən yalnız mahnı oxumuram, belə deyim, bağlama çalıb özüm-özümü müşayiət edərək oxumuşam. Türk dövlətlərinin sammitlərində Dədə Qorqud, Nəsimi, Yunis Əmrə, Ramiz Rövşəndən və başqalarının  şeirlərini oxumuşam. Bəzən isə həmin şeirlərə özüm musiqi bəstələmişəm. Məmnunam ki, siz də bu gün bunun şahidi olardız”.

Əməkdar artist “Aktrisa olmasaydız, bu yolu davam etdirərdiz?” sualına belə cavab verib:

“Yox, ola bilməzdi. İlk və içindən gələn sənətim aktyorluqdur. Aktyor olan şəxsin hər şey əlindən gəlməlidir. Burada Ukrayna, Belarus, Rusiyadan gələn sənətçilər lazım gələrsə, ifa edirlər, hər şeyi bacarırlar. Düşünürəm ki, bu, qeyri-adi bir şey deyil. Aktyorun bacara biləcəyi ünsürlərdən biridir”.

M. Zəki festival barədə də fikirlərini bölüşüb, həmkarı Fəxrəddin Manafovu “Azərbaycan kinosunun dağı” adlandırıb:

“Bu festival birinci dəfədi təşkil olunub. Əvvəl Qızıl Qala adıyla başlamışdı, indi isə daha çox dövlətin nümayəndələri iştirak edir. Azərbaycanda 4 çox gözəl filmi ilə qatılıb. Fəxrəddin Manafov heç bir filmi ilə festivala qatılmayıb. Bildiyiniz kimi, Manafov keçmiş Sovet ölkələri arasında çox tanınır. Alanyada belə onu tanıyırlar. Küçədə onu görüb yaxınlaşırlar, deyirlər ki, gəlin şəkil çəkdirək. Fəxrəddin müəllim kinomuzun zirvəsidir, dağıdır. Ona görə, onun burada olması bizə, digər aktyorlara böyük bir dəstəkdir”.

Aktrisa Manafovla  yeni layihədə yer alacağını söyləyib: “Ola bilər, belə düşüncələr var. Dəqiq olmadığı üçün üzərində işlər gedir. Cızma-qaradır”.

Zəki həmçinin, xalq artistinin xanımı, keçmiş diktor Vahidə ( Vera) Manafova barədə açıqlama verib:

“Vahidə xanım çox gözəl və savadlı bir qadındır. Sovetlər dönəmində diktor kimi çalışıb. Həddindən artıq istedadlı bir xanımdır. Sadəcə olaraq Fəxrəddin müəllim Slovakiyaya köçəndə xanımını da apardı. Uzun müddət Azərbaycandan, televiziyadan ayrı düşdü. Sonra isə bildiyim qədər həvəsi olmadı, efirə qayıtmadı”.

Fəxrəddin Manafov festivala həmkarlarına dəstək üçün gəldiyini bildirib:

“2015-ci ildə ilk dəfə Alanyaya gəldim. Həmin vaxt burada festival keçirilirdi. Bu işlə məşğul olanlar xəbər tutdular ki, mən burdayam. Dəvət elədilər, biz festivala getdik. Qonaq kimi iştirak etdik. Cəmi iki dövlət: Rusiya və Türkiyə festivalda iştirak edirdi. Səhnədə çıxış edəndə Azərbaycanın burada niyə iştirak etmədiyini soruşdum. Başqa gün bu söhbət ətrafında müzakirə etdik, planlar qurduq. Artıq biz bu festivaldayıq”.

Manafov Mehriban Zəkinin rol aldığı filmi rus dilinə xanımının tərcümə etdiyini söyləyib:

“Demək olar ki, festivala dəstək üçün qatılmışam. Vahidə xanım Azərbaycandan gələn 4 filmi izləyib. Hətta o, “İçəri şəhər” filmini rus dilinə tərcümə edib”.

Xalq artisti həmkarının yeni layihədə iştirak edəcəkləri barədə verdiyi açıqlamaya da münasibət bildirib: “Mənim xəbərim yoxdur, ilk dəfə eşidirəm. Alınsa, çox gözəl olardı”.

BIR CAVAB BURAXIN