Fərdi yaşayış evlərinin istismara qəbulu  mövzususu müzakirə edilib

0
700

 

 

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Fərdi yaşayış evlərinin istismara qəbulu: problemlər və onların həll yolları” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır.

AR Əmlak Məsələləri Dövlət Komitəsi, AR İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyi, müxtəlif rayon icra hakimiyyətləri və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə ictimai birliyinin icraçı direktoru Rəna Səfərəliyeva edib. O, son dövrlərdə ölkə üzrə dövlət qeydiyyatına alınmayan fərdi yaşayış evlərinin sayının kəskin artışı ölkə üzrə sosial problemə çevrildiyini bildirib. Sözügedən vəziyyətin yaranmasının əsas səbəblərindən biri kimi, tikintisi başa çatmış fərdi yaşayış evlərinin  müxtəlif əsaslarla istismara qəbul edilməməsi vurğulanıb. Səfərəliyeva dövlət orqanları tərəfindən bu sahədə problemlərin tez bir zamanda həll edilməsi üçün bu tədbirdə qeyd olunan tövsiyələrin nəzərə alınmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin müdiri Oqtay Həsənov fərdi yaşayış evlərinin dövlət qeydiyyatı sahəsində son dövrlərdə hökumət tərəfindən görülmüş işlər barədə məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb.

Tədbirin davamında “Şəffaflıq Azərbaycan” təşkilatının ekspert hüquqşünası Hafiz Həsənov ilkin olaraq təşkilat tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində bu günə kimi təqdim edilmiş tövsiyələrin icra vəziyyəti ilə bağlı məlumat verib. Daha sonra o, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması üçün onun tikintisi və istismara qəbuluna dair vətəndaşların üzləşdikləri problemlər barədə ətraflı danışmış və onların həll edilməsi üçün hazırlanmış tövsiyələri tədbir iştirakçılarına çatdırmışdır.

Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.

BIR CAVAB BURAXIN