Etibar Məmmədovla bağlı 16 ilin sirri açıldı

0
652

Azərbaycanda seçkilərə və seçkilər zamanı siyasi proseslərə xarici müdaxilələr mövzusunda siyasi partiyaların keçirdiyi dəyirmi masada maraqlı açıqlamalardan birini deputat Qüdrət Həsənquliyev verib. O qeyd edib ki, seçkilərə xaricdən müdaxilələr əvvəllər də olub. Məsələn, 2003-cü il prezident seçkilərində AMİP lideri Etibar Məmmədovun prezidentliyə namizəd olmasını xaricdən istəmişdilər. Deputat bu fikirləri hazırda xaricdə yaşayan keçmiş AXCP fəalı Qorxmaz Əsgərovun bu yaxınlarda dediklərinə istinadən dilə gətirdiyini vurğulayıb. E.Məmmədovun namizəd olmasını ABŞ Milli Demokratiya İnstitutunun istədiyi iddia edilir.

Bu iddialarla bağlı AMİP katibi Əli Orucov “Yeni Müsavat”a açıqlama verib. Ə.Orucov bildirdi ki, 2003-cü ildə Etibar Məmmədovun prezidentliyə namizəd olmasının xaricdən istənilməsi ilə bağlı səsləndirilən iddialar tamamilə əsasız və uydurmadır. Etibar Məmmədov 2003-cü ilədək prezidentliyə iki dəfə 1992 və 1998-ci illərdə namizəd irəli sürülüb. Nə həmin seçkilərdə, nə də 2003-cü ildə AMİP liderinin namizəd olmasında hər hansı xarici qüvvənin istəyi, təsiri olmayıb: “Etibar Məmmədov 1992-ci il seçkilərində mərhum prezident Əbülfəz Elçibəyin rəqibi olsa da seçki marafonunda axıradək getməyib və namizədliyini geri götürüb. 1998-ci il prezident seçkilərində isə hətta bizə münasibəti heç də yaxşı olmayanlar da etiraf etdilər ki, təxminən 1 milyondan çox Azərbaycan seçicisi Etibar Məmmədova səs vermişdi. 2003-cü ildə də Etibar Məmmədovun namizədliyinin irəli sürülməsi zərurətdən doğmuşdu. Ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanmışdı. Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlinmişdi. Sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu. Lakin seçki dönəmində iqtidarın təhriki və daxili siyasi yanlışlıqlarla Müsavat başqanı İsa Qəmbər bu razılaşmanı pozdu. Səsverməyə sayilı günlər qalmış ABŞ-da olan ADP sədri Rəsul Quliyev də razılaşmadan imtina edərək ”Bizim Azərbaycan” seçki blokunun namizədi İsa Qəmbəri dəstəklədi. Sonralar Rəsul Quliyev aldadıldığını və Etibar Məmmədovun namizədliyini deyil, İsa Qəmbərin namizədliyini dəstəklədiyinin səhv addım olduğunu etiraf etdi, peşmançılığını açıq şəkildə bəyan etdi”.

Əli Orucov ile ilgili görsel sonucu

Ə.Orucovun sözlərinə görə, namizədlər öz aralarında onu da razılaşdırmışdılar ki, namizədliyi qeydiyyata alınmayan Rəsul Quliyevin namizədliyinin qeydiyyata alınması üçün birgə mübarizə aparıb təzyiq göstərilsin: “Həmçinin namizədlər ayrılmış efir vaxtından yararlanıb qərarlarını son efir vaxtında xalqa elan etsin. Həmçinin qarşılıqlı əks-təbliğat aparılmasın, seçki komissiyalarında komissiya üzvləri koordinasiyalı fəaliyyət göstərsin və sair. AMİP-dən başqa digər iki partiya Rəsul Quliyevin qeydiyyatı ilə bağlı ADP-nin etiraz aksiyalarına qoşulmadı. Proses iştirakçlarının hamısı şükür ki, sağdırlar. Özləri də yəqin həmin dövrə bir daha aydınlıq gətirə bilərlər. Buna baxmayaraq, Etibar Məmmədov böyüklük göstərib öz iddiasından bir addım geri çəkilərək müəyyən şərtlər daxilində İsa Qəmbərin vahid namizəd kimi dəstəklənməsinə razılıq verdi. Hətta bununla bağlı tanınmış hüquqşünas Fuad Ağayev və Qulamhüseyn Əlibəyliyə sazişin sərtlərini hazırlamaq da həvalə olundu. Lakin İsa Qəmbər oktyabrın 9-da müttəfiqlərini də məlumatlandırmadan həm əldə edilmiş razılaşmanı pozdu, həm də müxalifətin vahid namizəd kimi seçkilərdə iştirakına imkan vermədi”.

AMİP rəsmisi qeyd etdi ki, 2003-cü ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq institutlar da, hətta bir sıra nüfuzlu ölkələrin səfirlikləri də müxalifətin vahid namizədlə seçkilərdə iştirakına çalışırdı: “Amma təəssüf ki, yuxarıda xatırlatdığım məsələlər ucbatından bu alınmadı və nəticəsi də göz qabağındadır. Ola bilsin, Qüdrət Həsənquliyev və  Qorxmaz Əsgərov həmin proseslərdən məlumatsızdırlar, ya da bunu ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırırlar”.E
“Yeni Müsavat”