Ermənistanın yazadək vaxtı qalıb – 9 fevraldan sonra…

0
452

Azərbaycanda erkən seçkilərdən sonra 5 il heç bir seçki gözlənilmir; bütün “kozırlar” Bakının əlində; erməni siyasətçisindən panika: “İlham Əliyevin müharibə elan etməsi Ermənistanın fəlakətli çöküşü ilə bitəcək…”

Faşist əlaltısı Qaregein Njde ilə bağlı Azərbaycanın diplomatik uğuru düşmən ölkədə əsas müzakirə mövzularından biri olaraq qalır. Prezident İlham Əliyevin MDB dövlət başçılarının Aşqabad sammitində qaldırdığı təşəbbüsün nəticəsi olaraq, Rusiyanın Armavir şəhərində ictimaiyyətin təzyiqi altında Njdenin xatirə lövhəsinin sökülməsini ermənilər heç cür “həzm edə” bilmirlər. Hətta buna qarşılıq İrəvanda Çar Rusiyasının səfiri olmuş Qriboyodevun heykəli təhqir edilib. 

Düşmən tərəf, eyni zamanda, bərk məyus və narahatdır. Həm də ona görə ki, erməni toplumunda aşağıdan-yuxarı, iqtidarlı-müxalifətli nasist və terrorçulara gizli rəğbətin ortaya çıxması Ermənistanın dünyadakı yalançı tolerant və müasirlik imicinə növbəti zərbə vurub. Artıq Rusiya ictimaiyyətinin də qoşulduğu proses və mübarizə davam edir, çünki İrəvanda hələ Njdenin 6 metrlik heykəli durur.

***

Qarabağla bağlı təbliğat cəbhəsində də vəziyyət İrəvanın xeyrinə deyil. Paşinyanın ortaya atdığı və Ermənistanı işğalçı yarlığından qurtarmağa yönəlik məkrli “3 tərəf” konsepsiyası, erməni kökənli Sergey Lavrovun səylərinə rəğmən, fiaskoya uğrayıb. Daha bir mühüm məqam: Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu Moskva səfərindən sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova öz şefi Sergey Lavrovun Qarabağla bağlı İrəvanda söylədiyi məlum fikrinə Azərbaycanın xeyrinə düzəliş elədi ki, bunu da təsadüfün ayağına yazmaq olmaz.

Zaxarova demişdi ki, Rusiyanın rəsmi mövqeyi mövcud danışıqlar formatın saxlanmasından ibarətdir və yalnız iki dövlətə (Azərbaycana və Ermənistana) aiddir – ta ona qədər ki, tərəflər başqa bir formatı məqbul sayacaq. O, eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının öz yurd yerlərinə qayıtmasının vacibliyini vurğulamışdı. 

Bundan az sonra Slovakiyanın paytaxtı Bratislavada rəsmi Bakı uzun zamandan bəri ilk dəfə olaraq, Dağlıq Qarabağ məsələsində “net” bir mövqe sərgilədi, özünün yekun və prinsipial mövqeyini ortaya qoydu. ATƏT yanında daimi nümayəndəliyimiz təşkilata Azərbaycanın mövqeyini əks etdirən yazılı sənəd təqdim elədi. Orada aydın şəkildə göstərilir ki, münaqişənin həlli mərhələli şəkildə, yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın azərbaycanlı icmasının da maraqları təmin olunmaqla nizamlana, bölgəyə yalnız Azərbaycan tərkibində, Azərbaycan Konstitusiyası və qanunları əsasında özünüidarə statusu verilə bilər.

Bunun bir anlamı da odur ki, Dağlıq Qarabağda qanunsuz referendum söhbəti yığışdırılır və erməni tərəfi əgər təqdim edilən bu ədalətli və yekun həll formulunu qəbul eləməsə, enində-sonunda müharibəyə tuş gələcək…

***

İşğalçı ölkənin son zamanlar diplomatik və təbliğat cəbhələrində Azərbaycan qarşısında bu cür ard-arda uğursuzluqlara tuş gəlməsini indi erməni siyasi xadimləri və analitikləri tərəfindən də açıq şəkildə etiraf edilir.

“Bratislava görüşündən sonra təşəbbüs artıq bütünlüklə Azərbaycana keçib”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Yerevan today” nəşrinə Ermənistandakı “Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan Bakının İrəvana qarşı siyasi-diplomatik hücumlarını şərh edərkən bildirib.

ermənistan müharibə ile ilgili görsel sonucu

Çalabyan deyib: “Əvvəlcə Azərbaycan özünün hərbi büdcəsini növbəti il üçün 21% artırdığını bəyan etdi (2020-ci il üçün 2.27 milyard dollar). Bakı həmçinin bəyan etdi ki, onun 1 milyard dollarına əsasən də Rusiyadan iri həcmdə yeni və ən müasir silahlar almağı nəzərdə tutur. Bratislavadakı danışıqlar ərəfəsində isə Azərbaycan öz rəsmi mövqeyini açıqlayaraq bildirdi ki, danışıqların hədəfi erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasıdır və ”Arsax” (Qarabağ – “YM”) məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Qarabağın azərbaycanlı icmasının maraqları nəzərə alınmaqla həllini tapa bilər. Bakı eyni zamanda, müxtəlif təbliğati fəndlərdən istifadə eləməklə Ermənistan qarşı genişmiqyaslı psixoloji hücuma keçdi. İrəvanda Qriboyedevin abidəsinin mənasız yerə təhqir edilməsi göstərdi ki, bu hücumların bir çoxu həddən artıq uğurlu olub”.

Onun sözlərinə görə, Azərbaycanın növbəti hücum strategiyası fonunda Ermənistanın reaksiyası ən azı, qəribə görünür: “Birincisi, gələn il üçün Ermənistanın hərbi büdcəsində faktiki artım yoxdur (625 milyon dollar) və biz bu göstəriciyə görə Azərbaycandan 3 dəfədən çox (2.27 milyard dollar) geri qalırıq. Gələn il bu fərq daha da böyüyəcək. Bizim üçün 2017-2019-ci illər üzrə silah tədarükü planı tezliklə bitəcək, yeni planlar haqda isə heç nə deyilmir”.

ermənistan müharibə ile ilgili görsel sonucu

Erməni siyasətçi daha sonra xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibə zamanı (söhbət aparıcı Stiven Sakurun müəllifi olduğu “Hard Talk” verilişindən gedir – “YM”) rüsvayçı vəziyyətə düşməsini və nazirin Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi cinayətlər törətməsini etiraf etməsini, həmçinin bir sıra başqa səhvlər etdiyini yada salıb. Bütövlükdə Nikol Paşinyan və komandasının Dağlıq Qarabağla bağlı siyasətinin tamamən fərsiz adlandırıb: “Ona görə ki, Nikol Paşinyandan ötrü özünün sürüşkən hakimiyyətini qorumaq daha vacibdir, nəinki Qarabağ məsələsi ilə məşğul olmaq. ”Arsax (Qarabağ – “YM”) Ermənistanındır və nöqtə” tipli təxribatçı bəyanatlarla isə o, Ermənistanın qeyri-konstruktiv mövqeyini bütün dünyaya nümayiş etdirir və bununla da Azərbaycan prezidenti İlham Əliyevə beynəlxalq birliyin tam dəstəyi altında azadlıq müharibəsinə başlamaq üçün hədiyyə edir. Hansı müharibə ki, ən yaxşı halda labüd olaraq, işğal altındakı torpaqların (Dağlıq Qarabağ ətrafındakı 7 rayon nəzərdə tutulur – “YM”) verilməsi ilə bitəcək”.

ermənistan müharibə ile ilgili görsel sonucu

Çalabyan ardınca vurğulayıb ki, Azərbaycan hakimiyyəti Ermənistan hökumətinin Qarabağ məsələsində dəqiq mövqeyinin olmadığını və Rusiya ilə münasibətlərdə ziddiyyətlərin yaşandığını yaxşı bilir. “Üstəgəl, ABŞ-la əlaqələr, faktiki, donub və Ermənistanla Qarabağ arasında çoxlu fikir ayrılığı var, bütövlükdə ölkədə siyasi gərginlik artmaqdadır. Elə bir vəziyyətdə İlham Əliyevin müharibə elan eləməsi Ermənistanın fəlakətli çöküşünün başlanğıcı olacaq. Odur ki, bizim çox az vaxtımız qalıb. Daha dəqiqi, yaza kimi”, – deyə o sonda panik tonda həmvətənlərini xəbərdar edib…

Panikaya əsaslar isə yetərincədir. Həm də o səbəbə ki, gələn il fevralın 9-da Azərbaycanda erkən parlament seçkiləri keçiriləcək və bundan sonra 5 il ərazində ölkədə heç bir iri seçki gözlənilmir (Növbəti parlament və prezident seçkiləri 2025-də olacaq). Demək, seçkilərdən dolayı daxili siyasi təlatüm də gözlənilmir və bütün diqqəti, gücü artıq cəbhəyə, hərbi həll variantına yönəltmək, səfərbər eləmək olar. Təbii ki, onadək işğalçı tərəf daşı ətəyindən tökməzsə…

“Yeni Müsavat”ın analitik xidməti