Ermənistanın təxribatları və yalanları

0
587

 

Son vaxtlar Ermənistan ordusu qoşunların təmas xəttində dəfələrlə atəşkəsi pozsa da, hər dəfə bunun günahını Azərbaycanın üzərinə atmağa cəhd edib və həmişə olduğu kimi yenə də özünü genosidə məruz qalmış məzlım millət kimi göstərməkdə davam edib. Bu baxımdan həmsədrlərin Azərbaycana səfəri ərəfəsində Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsində atəşkəsi pozaraq Azərbaycan əsgərini öldürməsi və buna görə də layiqli cavab alaraq 4 nəfər əsgər itirməsi diqqəti cəlb etdi. Amma həmişə olduğu kimi Ermənistan bu məsələ ətrafında hay-küy qaldıraraq Azərbaycanı atəşkəsi pozmaqda, erməni əsgərlərini öldürməkdə günahlandırmağa başlayaraq buna görə həmsədrləri ölkəmizə qarşı sərt addımlar atmağa çağırdı. Lakin ortada atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğunu göstərən fakt vardı və həmsədrlər özləri istəməsələr də belə bununla barışmalı oldular. Bununla da Ermənistanın həmsədrləri Azərbaycan əleyhinə təhrik etmə cəhdləri boşa çıxdı. Ermənistanın cəbhədə hər vasitə ilə təxribatlar törətmə cəhdləri ötən gün baş verən hadisə ilə də üzə çıxdı. Belə ki, qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən və bu zaman ələ keçirilən erməni hərbçi Zaven Karapetyanla bağlı gündəmə gələn məsələ qarşı tərəfi zənnimcə şoka salıb. Ermənistan müdafiə nazirliyi yenə də adəti üzrə Azərbaycanı yalan məlumat yaymaqda “günahlandıraraq” belə bir hadisənin baş vermədiyini iddia etdi. Hətta Ermənistan müdafiə nazirliyi Azərbaycanı qara piarda belə günahlandırmağa, guya hansısa ələ keçirlən təxribat qrupunun üzvündən söhbət belə gedə bilməyəcəyini, qarşı tərəfin kiməsə erməni əsgər paltarı geyindirərək mətbuat önünə çıxaracağını gündəmə gətirdi. Yalnız Azərbaycan müdafiə nazirliyi tərəfindən ələ keçirilən erməni təxribat qrupunun üzvünün görüntülərinin yayılmasından sonra qarşı tərəf bu dəfə nala-mıxa vurmağa başladı. Əvvəlcə erməni tərəf təxribatçının anadan olduğu və yaşadığı Dovex kəndində belə bir adamın olmadığını sübut etməyə cəhd etdi. Halbuki Zaven Karapetyan açıq şəkildə etiraf edib ki, pul müqablində Ermənistan müdafiə nazirliyi tərəfindən döyüş növbətçiliyinə cəlb olunub. Sonra isə bir qrup yoldaşı ilə Azərbaycan əsgərlərini öldürmək üçün döyüş mövqelərimizə üz tutublar. Amma müqavimətə rast gələrək iki nəfər yaralı ilə geri çəkilməli olublar. O isə qaça bilmədiyindən gizlənib və bu zaman Azərbaycan hərbçiləri tərəfindən həbs edilib. Yalnız ələ keçirilən təxribatçının açıqlamasından sonra Ermənistan müdafiə nazirliyi fakt qarşısında qalsa da, yenə belə bir əsgərinin olmadığını bildirib. Öz növbəsində Ermənistan daxili işlər nazrliyi Zaven Karapetyan haqqında Azərbaycan tərəfindən yayılan məlumatları təsdiqləsə də, onun guya ağıldan zəif olduğunu, buna görə orduya çağrılmadığını, son vaxtlar muzdla naxıra getdiyini bildirib. Amma yenə də erməni tərəfinin yalanları sərhəd bilmir. Hərbi kəşfiyyatçı geyimində olan Zaven Karapetyan heç də ağıldan kəmə, naxır otarana oxşamır. İlk baxışdan da o peşəkar təxribatçını xatırladır. Bir də adama deyərlər bu “dəlinin” və ya məzlum naxırçının hərbi formada əldə silah Azərbaycanın döyüş mövqeləri yaxınlığında nə işi vardı? Yəni fiziki baxımdan tamamilə sağlm olan və ağıldan zəifliyi hiss edilməyən təxribatçı ilə bağlı deyilənlər qarşı tərəfi külünc vəziyyətdə qoyub.

Eyni sözləri bu gecə qoşunların təmas xəttində vurulan ermənilərin pilotsuz uçan aparatı barədə də demək olar. Ermənistan müdafiə nazirliyi yenə də həyasızcasına pilotsuz uçan aparatlarının vurulmadığını, bunu Azərbaycanın yalanı olduğunu söyləməkdən çəkinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Araz çayında erməni təxribat qrupu tərəfindən ağaca bağlanan və bərk toxunuşdan işə düşərək partlayışa səbəb olacaq mərmi barədəki məlumatları da də qarşı tərəf yalan, uydurma adlandırmışdı. Ancaq təxribatçı qrupun üzvünün həbs edilməsi ilə münaqişə bölgəsində Ermənistanın təxribatla məşğul olduğu düşünülmüş şəkildə də vəziyyəti gərginləşdirməkdə olduğu bir daha təsdiq edilmiş olub. Necə deyərlər, Ermənistanın təxribatları və yalanları onun özünün əleyhinə çevrilərək atəşkəsin pozulmasında kimin günahkar olduğunu bir daha üzə çıxarmaqdadır. Əslində bu fakt zənnimcə həm də atəkəsi pozmağın ğünahını Azərbaycanın üzərinə qoymağa cəhd edən ATƏT MQ həmsədrləri üçün də bir utanc yeri olmalıdır. Hər halda təxribatçının ələ keçirilməsi Azərbaycanın əlinə qarşı tərəfin yalanlarını ifşa etmək, atəşkəsin pozulmasına görə günahkarın kim olduğunu sübut etmək üçün olduqca güclü fakt verib…

Əziz Mustafa

BIR CAVAB BURAXIN