Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanian dekabrın 20-də özünün yeni “Facebook” səhifəsində böyük siyasətə gəlmək niyyətini açıqlayıb.
“Dövlətimizin və ordumuzun qurucularından biri olaraq, son 17 il ərzində isə “DQR” (özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurum) və Ermənistanın müdafiə idarələrinə rəhbərlik etmiş adam kimi mən bu gün ölkədə baş verən hərbi-siyasi hadisələri laqeyd müşahidəçi kimi izləyə bilmərəm”, – deyə Ohanian yazıb.
“MİLLİ İDEYA NAMİNƏ”
Seyran Ohanian 2008-ci ildən 2016-cı ilədək Ermənistanın müdafiə naziri vəzifəsini tutub. 2016-cı ilin sentyabrında yeni hökumətin yarananda Ohanian onun tərkibinə daxil olmayıb. O, həmçinin ona təklif edilən digər vəzifələrdən də imtina edib. Bəzi təhlilçilər onun bu addımını Dağlıq Qarabağda baş vermiş aprel döyüşləri ilə əlaqələndirirlər.
Ohanian qeyd edib ki, ölkənin daxili siyasi həyatında dəyişikliklərə nail olmaq üçün öz təcrübəsini, bilik və səylərini müstəqil tətbiq etmək qərarına gəlib. Buna görə də nazir vəzifəsindən rahatlıqla ayrılıb və ona təklif olunan postlardan imtina edib.
“Mən …dövlətin təhlükəsizliyi, milli ideya naminə siyasi, özəlliklə də seçki proseslərinə fəal qatılmaq qərarına gəlmişəm. Mənim üçün siyasi proseslərdə iştirak yekun məqsəd deyil, Vətənə xidmətin gerçəkləşməsidir”, – deyə Ohanian bildirib.
MƏSLƏHƏTLƏŞMƏLƏR APARIR
Keçmiş nazir qarşıdan gələn siyasi proseslərin vacibliyini nəzərə alaraq, bir sıra siyasi qüvvələr, ictimai qurumlar, tanınmış ictimai xadimlər və ziyalıların nümayəndələri ilə məsləhətləşmələrə başladğını deyib.
“Məqsədim düşüncələrimi paylaşan insanların qrupunu yaratmaqla 2017-ci ilin parlament seçkilərində fəal iştirak etməkdir”, – deyə Ohanian vurğulayıb.
Keçmiş nazir həmçinin “ölkədə siyasi və iqtiadi sistemin yeni keyfiyyətinin formalaşdırılması üzrə realist proqram ortaya qoymaqdan ötrü siyasi iştirakın ən məhsuldar formatının axtarışında olduğunu” söyləyib.
Seyran Ohanian tezliklə öz siyasi fəaliyyətində əsas götürəcəyi proqram və nizamnamələrini təqdim edəcəyini bildirib.