Ermənistandan yan keçən növbəti beynəlxalq dəhliz işə düşür

0
628
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyədən keçərək Avropaya açılan “Lazurit” beynəlxalq nəqliyyat dəhlizi ilə bu ilin oktyabrında Əfqanıstandan gələn yüklərin ilk daşınması həyata keçiriləcək.
Bu barədə Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin yaydığı bəyanatda bildirilib. Bununla da, Azərbaycanın iştirakı ilə Ermənistandan yan keçən növbəti beynəlxalq nəqliyyat dəhlizi gələn ay fəaliyyətə başlayacaq. Azərbaycanın tranzit imkanları daha da genişlənəcək, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə daşınan yüklərin həcmi artacaq.

Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin tranzit və ticarət infrastrukturu üzrə direktoru Yəhya Ahlaki bildirib ki, yüklərin ilk daşınması sınaq xarakteri daşıyacaq və xalçalar və qiymətli daşlardan ibarət iki ədəd konteynerdən ibarət olacaq. Əfqan yükləri Akina və Turqundi limanlarından yola düşərək dəmiryolu ilə Türkmənistanın Türkmənbaşı limanına, oradan Xəzər dənizi vasitəsilə BakıBeynəlxalq Ələt limanına, daha sonra dəmiryolu vasitəsilə Gürcüstan və Türkiyəyə, son olaraq da Avropada Hollandiyaya çatdırılacaq.

Ahlakinin sözlərinə görə, pilot mərhələsi “Lazurit” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə yüklərin göndərilməsi zamanı çətinlikləri aşkar etməyə və onların aradan qaldırılması üçün zəruri addımlar atmağa imkan verəcək. Əfqan rəsmisi həmçinin, 2 milyard dollar dəyərindəki “Lazurit” beynəlxalq nəqliyyat dəhlizinin regionun iqtisadi inteqrasiyasını genişləndirəcəyini və iştirakçı ölkələr, o cümlədən Mərkəzi Asiya ilə Avropa arasındakı ticarət mübadiləsinin həcmini artıracağını deyib.

Beynəlxalq Ticarət Palatasının direktoru Əbdül Qədir Bahmandan sitat gətirən Əfqanıstanın “TOLOnews” agentliyi isə bildirir ki, “Lazurit” beynəlxalq nəqliyyat dəhlizi yüklərin idxalı və ixracı üzrə əməliyyatların daha tez, ucuz və təhlükəsiz başa gəlməsinə yardım edəcək. Bu layihə iştirakçı ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsinə də kömək edəcək.

Qeyd edək ki, 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda Əfqanıstanın iqtisadi inkişafına həsr olunan VII Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lazurit” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalayıblar. Bu dəhliz vasitəsilə Əfqanıstandan yüklərin Cənubi Qafqaz vasitəsilə Avropaya çatdırılması nəzərdə tutulur. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit qiymətli daşının rənginə (göy rəngə çalır – red.) uyğun götürüb. Hazırda bu layihə Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək “Yeni İpək Yolu”nun davamı kimi qiymətləndirilir. Azvision.az

BIR CAVAB BURAXIN