Ermənistanda hər 40 işsizə, Azərbaycanda isə hər 3 işsizə 1 vakant iş yeri düşür

0
743
Allahverdi Cəfərov

Azərbaycan iqtisadi fəal əhalinin 0,7%-i və ya 33 min 800 nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Bu barədə məlumat Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin cari ilin may ayının əvvəlinə olan statistik göstəricilərində yer alıb. Komitənin məlumatına görə, işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı baxımından ən yaxşı vəziyyət Qazaxıstan və Azərbaycanda qeydə alınıb. Qazaxıstanda da iqtisadi fəal əhalinin 0,8%-i və ya 74,7 min nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Birliyə üzv olan ölkələr arasında işsizlərin sayına görə ən acınacaqlı vəziyyət Ermənistanda qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 80,7 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 6,2%-ni təşkil edir.

MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə bildirək ki, Azərbaycan və Qazaxıstandan sonra ən aşağı işsizlik səviyyəsi Belarus və Rusiyada qeydə alınıb. Belə ki, Belarusda iqtisadi fəal əhalinin 1,2%-i və ya 53,8 min nəfəri, Rusiyada isə 1,4%-i və ya 1 milyon 55,6 min nəfəri işsiz kimi qeydiyyata alınıblar. Bunlardan başqa Moldovada iqtisadi fəal əhalinin 2,5%-i və ya 30,5 min nəfəri, Tacikistanda 2,4% və ya 54,5 min nəfəri, Ukraynada 2,1% və ya 434,7 min nəfər, Qırğızıstanda isə 2,3%-i və ya 58,8 min nəfəri rəsmi şəkildə işsiz hesab olunur.

Ermənistanda vakant iş yerlərinin sayı Azərbaycanla müqayisədə təxminən 6 dəfə azdır

MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqlamasında üzv ölkələrdə müvafiq dövlət orqanları tərəfindən elan olunan vakant iş yerlərinin sayı barədə məlumat da yer alıb. Ermənistanda vakant iş yerlərinin sayı Azərbaycanla müqayisədə təxminən 6 dəfə azdır. Belə ki, Azərbaycanda 11,6 min, Ermənistanda isə cəmi 2 min vakant iş yeri elan olunub. Məlumat üçün xatırladaq ki, bu rəsmi dövlət orqanları tərəfindən elan olunan vakant iş yerləridir.

Ümumiyyətlə rəsmi şəkildə qeydiyyatda olan işçilərin sayını nəzərə alsaq ən çox vakant iş yeri Rusiyadadır. Rusiyada vakant iş yerlərinin sayı işsizlərin sayından çoxdur. 1 milyon 55,6 min nəfər rəsmi işsizin olduğu Rusiyada 1 milyon 231 min vakant iş yeri mövcuddur. Belarusda isə vakant iş yerlərinin sayı işsizlərin sayından 1,5 dəfə azdır. Ölkəmizdə 33,8 min nəfər rəsmi işsiz və 11,6 min vakant iş yerinin olduğunu nəzərə alsaq vakant iş yerlərinin sayı işsizlərin sayından cəmi 2,9 dəfə azdır. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstərici 40 dəfəyə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistanda təxminən hər 40 işsizə 1, Azərbaycanda isə təxminən hər 3 işsizə 1 vakant iş yeri düşür.

Komitənin məlumatında həmçinin qeyd olunur ki, son bir il ərzində rəsmi şəkildə qeydiyyatda olan işsizlərin sayı yalnız Tacikistan və Ukraynada azalıb. Ötən bir il ərzində Tacikistanda qeydiyyatda olan işsizlərin sayı 2,3%, Ukraynada isə 10,6% aşağı düşüb. Digər MDB ölkələrində isə işsizlərin sayında artım baş verib. Ən yüksək artım Belarusda və Moldovada qeydə alınıb. Müvafiq dövlət orqanlarında qeydiyyatda olan işsizlərin sayı Belarusda 24%, Moldovada isə 21,5% artıb. Bu göstərici MDB-yə üzv olan digər ölkələrdə – Azərbaycanda 15,9%, Ermənistanda 8,7%, Qazaxıstanda 17,2%, Rusiyada 3,8%, Qırğızıstanda isə 0,2% olub.

MDB ölkələrində işsizlik səviyyəsi:

rəsmi işsizlər iqtisadi fəal əhaliyə nisbəti rəsmi vakant iş yerləri
AZƏRBAYCAN 33,8 min nəfər 0,7 % 11,6 min yer
Ermənistan 80,7 min nəfər 6,2 % 2 min yer
Belarus 53,8 min nəfər 1,2 % 32,8 min yer
Qazaxıstan 74,7 min nəfər 0,8 % 22,9 min yer
Qırğızıstan 58,8 min nəfər 2,3 % 6,1 min yer
Moldova 30,5 min nəfər 2,5 % 7,5 min yer
Rusiya 1055,6 min nəfər 1,4 % 1231 min yer
Tacikistan 54,5 min nəfər 2,4 % 7 min yer
Ukrayna 434,7 min nəfər 2,1 % 39,6 min yer

Mənbə: MDB Dövlətlərarası Statistıka Komitəsi

Oxundu: 26

BIR CAVAB BURAXIN