Ermənistanda anti-rus ovqatını Sergey Lavrov qızışdırır?

0
3452

Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanda qızışdırılan anti Rusiya ovqatının arxasında Xarici işlər naziri Sergey Lavrovun dayandığı ehtimal edilir. Sergey Lavrovun bu yolla Rusiyaya təzyiq göstərmək və Dağlıq Qarabağ münaqişənin həllində Moskvanı Yerevanın xeyrinə qəti addım atmağa məcbur etmək istədiyi barədə şübhələr mövcuddur. Nikol Paşinyanla Sergey Lavrov arasında gizli şəkildə həyata keçirilən işbirliyində isə  Rusiya Xarici İşlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın vasitəçilik funksiyasını həyata keçirdiyi barədə də müxtəlif söz-söhbətlər gəzir.

Ermənistanda Rusiya əleyhinə düşmənçilik hissləri artmaqda və və rusofobiya dalğası get-gedə pik həddinə çatmaqdadır. Baş verən bütün bu hadisələrdə isə Baş nazir Nikol Paşinyanın xüsusi rol oynadığı və onun ölkədə anti-rus ovqatını qızışdırdığı vurğulanır. Amma Ermənistanda qızşdırılan anti-rus ovqatının arxasında yalnız Paşinyanın komandasının dayandığını ehtimal etmək və bunu onun Soros fondundan aldığı hansısa təlimatla həyata keçirdiyini fikirləşmək də sadəcə olaraq sadəlövhlük demək olardı. Çünki  Ermənistanda hazırda qızışdırılan anti-rus ovqatının arxasında yaxşı təşkilatlanmış və bu prosesi pərdəarxasından idarə edən gizli qurumun dayandığı ilk baxışdan hiss edilir. Bundan məqsədin isə bu yolla Rusiya rəhbərliyinə təzyiq göstərmək, Ermənistanın bölgədə Kreml üçün strateji önəm daşıdığını növbəti dəfə “sübuta” yetirmək və bu yolla Qarabağ münaqişəsinin həllində  Yerevanı qəti şəkilkdə dəstəkləmək, Putini Azərbaycan əleyhinə addımlar atmağa məcbur etmək olduğu iddia edilir. Yeri gəlmişkən onu da deyək ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistan belə bir taktikadan dəfələrlə istifadə edərək Azərbaycan ərazilərinin işğal edilməsində Rusiyanın hərbi dəstəyini alaraq istədiklərinə nail ola bilmişlər. Heç kimə sirr deyil ki, 1992-1993-cü illərdə baş verən Dağlıq Qarabağ münaqişəsi zamanı rus hərbçilər Kremlin qeyri-rəsmi razılığı əsasında Ermənistan tərəfində Azərbaycana qarşı döyüşlərdə iştirak etmişlər. Bu da nəticədə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altına düşməsinə gətirib çıxarıb.   Rus hərbçilərinin Kremlin qeyri-rəsmi razılığı əsasında 1992-1993-cü illərdə Ermənistan tərəfində Qarabağ döyüşlərində iştirak etdiyini Rusiyanın Ermənistandakı 102-ci bazasının keçmiş rəhbəri Andrey Ruzinskinin açıqlamaları da bir daha təsdiq etməkdədir. Onun  Qarabağ müharibəsi zamanı xidmətləriylə bağlı xatirələrini əks etdirən və Rusiya mediasında ötən il yayılan fikirləri sosial şəbəkələrdə geniş ajiotaja səbəb olub. Ruzinski məşhur açıqlamasında deyir:

“Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində döyüşürdü. Bu əclaflar bizim kürəyimiz arxasında gizlənirdilər. Azərbaycanlılar uzaqda görünən kimi dərhal silahı atıb, geriyə qaçırdılar. Nəyisə tutan kimi qaçıb, qışqırırdılar ki, erməni torpağını “dəmir aşotların” hesabına azad etmişik.

Xidmət bitdi, doğma Stavropola qayıtdım. Biz orada onların yerinə vuruşduğumuz zaman onların burada sahiblik edib, Ermənistanın böyüklüyü haqqında bağırdıqlarını gördüm”.

Ruzinski həmçinin erməniləri qorxaq da adlandırıb:

“Onlar qorxaqdırlar. Ermənilərin qəhrəmanlığı haqqında özlərinin nə danışdıqlarını bilmirəm. 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməninin olmayacaqdı. Rusiya olmasaydı, ümumiyyətlə Ermənistan olmayacaqdı”. (Mənbə Arazinfo.com saytı, 30 iyul, 2020-ci il. http://www.arazinfo.com/gumrud%c9%99ki-bazanin-sabiq-r%c9%99hb%c9%99ri-%c9%99claf-qorxaq-erm%c9%99nil%c9%99r/)

Cənab Rusinskinin bu açıqlaması əslində faktiki olaraq Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan deyil, Rusiya tərəfindən işğal edildiyini bir daha təsdiq edir. Bununla kifayətlənməyən Ermənistan o dövrdə baş nazir işləyən Çernomırdini müxtəlif yollarla ələ alaraq onu Ermənistanin Rusiya üçün taleyüklü müttəfiq olduğuna inandıra və bu yolla 1994-1996-cı illərdə ermənilərə 1 milyard dollar silah verilməsi üçün prezident Yeltsini razı sala bilməsinə nail oldular. Ümumiyyətlə ermənilər Azərbaycana qarşı Rusiyanı Ermənistanı müdafiə etməyə məcbur etmək üçün dəfələrlə analoji taktikadan istifadə edərək istədiklərinə nail olublar. Bu işdə isə Rusiyanın ali orqanlarıda işləyən yüksək səviyyəli ermənilərdən istifadə edilib. Məhz onların əli ilə də hər dəfə Ermənistanda anti-rus ovqatının körükləndiyi barədə şübhələr mövcuddur. Hazırda Ermənistanda özünün yüksək həddinə çatan anti-rus ovqatının arxasında da Soros fondu tərəfindən idarə olunan Paşinyanla bərabər Rusiyanın ali dairələrində yüksək vəzifələr tutan ermənilərin, o cümlədən Rusiya Xarici işlər nazirliyini az qala Ermənistanın analoji qurumunun filialına çevirən Sergey Lavrovun və komandasının dayandığı barədə çoxsaylı ehtimallar səsləndirilməkdədir. Yeri gəlmişkən onu da deyək ki, Sergey Lavrov sözdə Paşinyanın siyasətini sərt şəkildə tənqid etsə də, onun qeyri-rəsmi şəkildə Nikol Paşinyanı müdafiə etdiyi çoxlarına sirr deyil. Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya əleyhinə çıxış edib və bu, Moskvada qəzəblə qarşılanıb. Hər dəfə də Sergey Lavrov Paşinyanı Putinin qəzəbindən qoruyaraq onun hakimiyyətdə qalmasını təmin edə bilib. Kuluarlarda gəzən söhbətlərə görə Sergey Lavrov Paşinyana qarşı Rusiya tərəfindən atıla biləcək sərt addımların Azərbaycanın xeyrinə işləyə biləcəyinə və bunun Rusiya üçün yaxşı heç nə vəd etməyəcəyinə prezident Vladimir Putini inandıra bilib. Yenə də məsələ ilə bağlı gedən söz-söhbətlərə inansaq hazırda Ermənistanda qızışdırılan anti-rus ovqatının da arxasında Rusiyanın ali dairələrində yüksək vəzifələr tutan ermənilərin dayandığını və onların bu yolla Qarabağ münaqişəsində Ermənistanı birmənalı şəkildə müdafiə etmək üçün  Rusiyaya təzyiq göstərmək olduğunu söyləmək olar.  Bu baxımdan Nikol Paşinyanla Sergey Lavrov arasında gizli şəkildə həyata keçirilən işbirliyində   Rusiya Xarici İşlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın vasitəçilik funksiyasını həyata keçirdiyi barədə müxtəlif söz-söhbət gəzir. Bütün bunlar hələlik rəsmi şəkildə təsdiqini tapmasa da, necə deyərlər ocaq yanmasa tüstü çıxmaz… Amma Ermənistanda və ondan kənardakı güclər anti-rus ovqatını qızışdırmaqla çətin ki, Putin və onun komandasını Azərbaycan əleyhinə addımlar atmağa məcbur edə bilsinlər. Çünki Qarabağ döyüşlərində rus hərbçilərin torpaqlarımızın  işğal edilməsində Ermənistan tərəfində iştirak etmələrinə baxmayaraq Azərbaycanla Rusiya arasında dostluq və müttəfiqlik əlaqələri mövcuddur. Bu dostluq və müttəfiqlik əlaqələrini isə nə Ermənistandakı, nə də ondan kənardakı düşmən güclər sarsıda bilməyəcək.

Əziz Mustafa

Arazinfo.com