“Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb. Məsələnin mərhələli həllinə gəlincə, onun əsasını, dəfələrlə deyildiyi kimi, ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin və bu planı reallaşdırmasının Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi təşkil etməlidir”.
Virtualaz.org bildirir ki, Ermənistanın xarici işlər naziri Ervard Nalbandyan bunu dövlət informasiya agentliyi armenpress-in suallarını cavablandırarkən deyib.
E.Nalbandyan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov heç vaxt heç bir danışıqda iştirak etməyib: “Bu mənada Sankt-Peterburq sammiti də istisna deyildi. Son görüşdə o yalnız işçi naharda iştirak edib, orada isə ancaq ATƏT-in ofisinin səlahiyyətinin genişləndirilməsi və təhqiqat mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub”.
Virtualaz.org xatırladır ki, bu gün Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlamışdı.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər”.