Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi seçilməsi Ermənistanda birmənalı qarşılanmayıb. “Yeniavaz.com”un 1in.am-a istinadən verdiyi məlumata görə, Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan Xaçaturovun KTMT-yə Baş katib seçilməsinin ölkəsinin maraqlarına cavab vermədiyini söyləyib. Onun sözlərinə görə, Xaçaturov KTMT daxilində Belarus və Qazaxıstanla olan problemləri yoluna qoymaq üçün tərəflərə sərf edən edən şəxsdir: ” Əlbəttə ən pisi odur ki, yenə də Ermənistanın problemindən digər ölkələrlə münasibətlərin aydınlaşdırılması üçün istifadə edirlər. Digər tərəfdən də Xaçaturov aprel müharibəsi zamanı özünü heç də yaxşı tərəfdən göstərmədi. Onun özünü KTMT Baş katibi kimi necə aparacağıni söyləmək çətindir. Ancaq o da aydındır ki, Xaçaturov Rusiyanın maraqlarını müdafiə edəcək”.
Ekspert belə hesab edir ki, Ermənistan yenə də onun üçün vacib olan məsələdə müstəqilliyini itirir və böyük təhlükə vəd edən oyuna cəlb edilir. Bununla belə Manvel Sarkisyan Xaçaturovun bu vəzifəyə təyin edilməsinin Azərbaycanla razılaşdırıldığı barədə deyilənlərin də doğru olmadığını söyləyib.