Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir

0
1735

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir

2022-ci ilin Sentyabrın 12-14 tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında, müraciətlərində daim bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı, dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışmasına baxmayaraq Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır.

Ermənistan istənilən təxribatın ona baha başa gələcəyini çox yaxşı bilir. Belə də oldu onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə v hədəflərə nail olundu.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır

Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də artıq reallıq dünyanın gözü qarşısındadır. Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Zəfərmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Azərbaycan qalib tərəfdir. Torpaqlarımız öz tarixi sahibindədir. İşğaldan azad edilmiş ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün infrastruktur yenilənir, təkmilləşdirilir. Bu torpaqlarda dünya standartlarına cavab verən üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun dünyaya hava qapısını açıb. Bu, Azərbaycanın bu ərazilərimizdə bütün işləri beynəlxalq səviyyədə həyata keçirdiyini, təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atdığını göstərir. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusu növbəti təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.

Otuz il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə 44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə xatırladılacaq. Bu gün Azərbaycan qalib ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı cənab İlham Əliyev bəyan edir ki, əgər biz 10 noyabr Bəyanatının bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini

 

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir

Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. Cənab Prezidentimizin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında da qeyd olunur ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında irəli sürülən təklif və təşəbbüslər Türk dünyasının inkişafına böyük töhfələr verəcəkdir. Həmçinin cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Buna görə də Təşkilata üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daima diqqət mərkəzində saxlanmalıdır. Xüsusilə gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanlarının olmaması günümüzün əsas problemlərindən biridir. Əlbəttə ki, bu məsələ də təşkilatın gündəliyində olmalıdır. Öz növbəsində Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə hər zaman xüsusi diqqət yetirir. Cənab Prezidentimizin dediyi kimi, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərini bundan sonra da davam etdirəcək.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır

Məqsədli şəkildə ermənistan silahlı qüvvələrinin son dövrlərdə dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şanlı ordumuzun təxribata verdiyi cavabı nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və düşmən daha böyük itkilərə məruz qalacaq. Qırx dörd günlük Vətən müharibəsinin reallıqlarından biri bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, istifadə edilən silahlar bütün məqamlara aydınlıq gətirdi. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Digər tərəfdən, işğalçı dövlət illərdir qurduğu həmin istehkamlarla sübut etdirdi ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində deyil. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm bu torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.

Rauf Məlikov- Zərdab Peşə liseyinin direktoru

 

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Belə ki, hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycan və Özbəkistan Prezidentlərinin qarşlıqlı səfərlərində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri önə çəkilib. Səfərlər zamanı keçiriləcək görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər. Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini diqqət mərkəzində olub.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru