Ermənistan Rusiyanı aldadıb  

0
685

 

Noyabrın 24-də  6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avriopa Birliyi arasında “Şərq Tərəfdaşlığı” Sammiti keçirildi. Sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı.  Bu hadisə Avrasiya İttifaqının aparıcı ölkəsi Rusiyanın qəzəbinə səbəb olub.

Bəs belə olan halda işğalçı ölkə ilə təşkilat arasında bağlanan saziş Rusiya ilə münsibətlərin  zəifləməsinə gətirib çıxara bilərmi? Avropa Birliyi ilə saziş Ermənistana nə qazandıracaq?

Məsələ ilə bağlı politoloq Eldar Namazov  Modern.az saytına açıqlama verib.

O bildirib ki, Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişə artıq Rusiya narazılığını bildirməyə başlayıb.

“Bu barədə narazılıqlar Rusiya mətbuatında, politoloqlarının şərhlərində səsləndirilir. Bildirirlər ki, Ermənistan Rusiyanı aldadıb, Qərblə inteqrasiya yollarını müəyyənləşdirir. Hesab edirəm ki, narazılıq getdikcə güclənəcək. Çünki iki stulda oturmaq mümkün deyil. Ermənistan gec-tez ya Avropa Birliyi ilə imzaladığı sazişi dondurmalı olacaq, ya da Rusiyayla konfliktə getməli olacaq. Hər iki hal da Ermənistan üçün ciddi zərbə olacaq”.
Politoloq deyib ki, ermənilər bu sazişi daha çox simvolik addım kimi qiymətləndirirlər.

“Çünki sazişdə tərəfdaşlıq sərhədləri çərçivəsində azad ticarət zonasının yaradılması ilə bağlı olan vacib bir blok Rusiyanı qıcıqlandırmamaq üçün aradan götürüldü.  Avrasiya İttifaqı iqtisadi qurumdur, ona görə də Ermənistan Avropa Birliyi ilə əlaqədə iqtisadi məsələləri kölgədə qoydu.
Ermənistanın Avropa Birliyi ilə imzaladığı saziş daha çox lazım olan anda Rusiya ilə əlaqələri kəsib, Avropaya tez inteqrasiya yolunu tutmaq üçün körpü rolunu oynayır. Hətta bunu erməni ekspertlər də gizlətmirlər. Rusiya da Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişi kənardan çox ciddi şəkildə izləyir. Hesab edirəm ki, bu sazişlə bağlı siyasi çəkişmələr hələ qarşıdadır. Ermənistanın saziş çərçivəsində hər bir addımı Moskva tərəfindən ciddi izlənəcək. Hər dəfə götür-qoy edəcəklər ki, bu xəyanətdir, ya yox. Ona görə də imzalanmış bu sazişin aqibəti hələ ki çox müəmmalıdır”.

 

 

BIR CAVAB BURAXIN