Gürcüstanın NATO-ya üzvlük məsələsinin gündəmə gəlməsi və adı çəkilən ölkənin bu quruma qəbul edilməsinin reallığa çevrilməsi yolunda atılan addımlar deyəsən Rusiyanın quberniyalarından birinə çevrilərək de-fakto müstəqilliyini itirən Ermənistanı da “iştaha”ya gətirib. Hər halda son dövrlərdə Ermənistandakı Yerevanla Avropa Birliyi (AB) arasında Şərq tərəfdaşlığı proqramı çərçivəsində assosiativ üzvlük barədə aparılan danışıqların intensivləşməsini təsadüfi hesab etmək olmaz. Eyni zamanda həm AB, həm də Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiyanın iştirak etdiyi Avrasiya iqtisadi birliyi ilə əməkdaşlıq etməyə çalışan Ermənistan bununla da iki stulda əyləşməyə can atır. Bu müstəvidə də Ermənistanla AB arasında bu ilin noyabr ayında assosiativ üzvlük barədə anlaşma imzalanması planlaşdırılıb. 2013-cü ildə olduğu kimi Rusiyanın Ermənistana belə bir addım atmağa icazə verib-verməyəcəyi məlum olmasa da, Moskvanın bu məsələyə münasibətdə susması Yerevanı daha da cəsarətləndirib. Belə ki, Gürcüstan-NATO münasibətlərində yeni dönəmin başlaması Yerevanda NATO səslərinn eşidilməsi ilə müşahidə edilməkdədir. Bunu ötən gün Regional Araşdırmalar Mərkəzinin baş analitiki politoloq David Şahnazaryanın mətbuata açıqlamasında Ermənistanın tez və ya gec NATO-ya üzv olacağı barədə mətbuata verdiyi açıqlama da sübut etməkdədir. Yerevanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: Bu günkü çağırışlar və bölgədə inkişaf” çıxışında Şahnazaryan: “Mən şübhə etmirəm ki, Ermənistan KTMT-dən ( Kolllektiv Təhlükəsizli Müqaviləsi Təşkilatı) çıxaraq NATO-ya üzv olacaq”,-deyib.
1994-1995-ci illərdə Ermənistan Dövlət Təhlükəsizlik naziri vəzifəsində işləyən David Şahnazaryanın bu açıqlamasını təsadüfi hesab etmək olmaz. Hər halda Şahnazaryanın bu açıqlamasının politoloq Sarqis Artsruni tərəfindən dəstəklənməsi də Ermənistanda Rusiyadan üz döndərmə meyllərinin artdığını və fürsət düşən kimi Yerevanın Moskvaya arxa çevirərək Qərblə bazarlaşa biləcəyini göstərməkdədir. Bu baxımdan Artsruninin Ermənistana ən böyük təhlükənin Rusiyadan gəldiyini və bunu ölkəni idarə edənlərin və müxalifətin də anladığını, ancaq dillərinə gətirməyə qorxduqlarını söyləməsi Yerevanın NATO-ya münasibətdə pərdə arxasından yeni oyunlara hazırlaşdığını və istənilən an Rusiyaya xəyanət edə biləcəyi ehtimalını ortaya çıxarıb. Artsruni Ermənistan rəhbərliyinin bu məsələdə olduca incə, ehtiyatlı və eyni zamanda beynəlxalq aləmdə əmələ gələn vəziyyətə uyğun olaraq çevik siyasət yeritməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, Qərb Ermənistanın indiki vəziyyətini başa düşərək onu tədricən NATO-ya üzvlüyə hazılaşdırmağa üstünlük verir.
Bəs Ermənistanın NATO-ya üzvlüyü mümkündürmü və ümumiyyətlə Rusiya buna imkan verə bilərmi? Bununla əlaqədar hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov“Yeniavaz.com”-a açıqlamasında Ermənistanın tarix boyu olduğu kimi istənilən an ağalarına xəyanət etməyə, ona arxadan zərbə vurmağa hazır olduqlarını söylədi: “Ermənistanın NATO-ya üzv olması barədə Şahnazaryan və Artsruninin dediklərinə gəlincə, nəinki indiki məqamda, hətta yaxın illərdə belə bu mümkün deyil. Çünki Ermənistan NATO-ya qarşı çevrilən KTMT-nin üzvüdür. Digər tərəfdən də Ermənistanla Rusiya arasında imzalanan anlaşmaya əsasən rus əsgərləri 2049-cu ilə kimi bu ölkədə qalacaqlar. Bu o deməkdir ki, ən azından 2049-cu ilə kimi Ermənistanın NATO-ya üzv olma imkanları yoxdur”.
Hərbi ekspertin fikrincə, bütün bunlar prezident Sarkisyanın Brüsselə səfəri ərəfəsində verilən və guya Ermənistanın NATO-ya yaxınlaşmasını göstərməyə xidmət edən siyasi gedişdən başqa bir şey deyil. Üzeyir Cəfərov Ermənistanın bu yolla NATO-dan nə isə qoparmağa çalışdığını qeyd etdi: “Yerevanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: Bu günkü çağırışlar və bölgədə inkişaf” adlı konfransda NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın çıxışı da Ermənistanı Rusiyadan qoparmağa yönəlib. Ermənistan da bundan istifadə etməyə və NATO-dan da nə isə qoparmağa cəhd edir. Bununla da Ermənistan ikili oyunlar oynayır. Əgər Ermənistan rəsmiləri NATO-ya üzv olmaq barədə bir kəlmə desələr, o biri gün Rusiya orada hakimiyəti dəyişəcək. Ermənistan rəhbərliyində də bunu yaxşı bilirlər. Ona görə də indiki vəziyyətdə Ermənistan NATO ilə ikil oyunlar oynayır. Bunun axırı isə yaxşı olmayacaq. Amma o da aydındır ki, Rusiya bir az zəifləyən kimi Ermənistan dərhal bundan istifadə etməyə, öz ağasına xaincəsinə arxadan zərbə vurmağa çalışacaq. Yəni ağasına xəyanətkarlıq ermənilərin tarix boyu qanında olub və Rusiya bunu anlayanda çox gec olacaq”.
Əziz Mustafa