Rəsmi Yerevan həm də İranla sərhəddə “vergi cənnəti” yaradır
Qars-Axalkalaki dəmiryolunun tikilməsindən sonra Yerevan Ermənistan və Türkiyə arasında bu xəttlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq.
Bu barədə AzadlıqRadiosunun erməni xidmətinin sualının cavabında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyan danışıb. O istisna etməyib ki, daşınmalarla, məsələn, Gürcüstan dəmiryolu şirkəti məşğul ola bilər.
“Bu istiqamətdə danışıqlar aparılacaq. Nəticələr barədə sizi məlumatlandıracağıq. Ermənistanın başqa dövlətlərlə ticarət dövriyyəsini artmasına yardım göstərə bilən istənilən saziş, razılaşma, əmin olun, müzakirə edilir”, – nazir deyib.
Türkiyə Ermənistanın ən iri tərəfdaşlarından biridir
Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyə-Ermənistan arasında ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu, 2015-ci ilin eyni dövri ilə müqayisədə 17 faiz çoxdur. Bu göstəricilərə görə, Türkiyə Ermənistanın 7-ci ən iri ticarət tərəfdaşıdır. Çox maraqlıdır ki, erməni-türk ticarəti, az qala, əsrin dördə biri qədər bir müddətdə sərhədlərin bağlı olması fonunda gerçəkləşib. Ankara Qarabağ münaqişəsinə görə 1993-cü ilin aprelində Ermənistanla sərhədi bağlayıb.
Azərbaycan, faktiki olaraq, Qars-Gümri-Tiflis dəmiryolunu əvəzləyəcək bu yolun çəkilməsində maraqlıdır. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolunun tikintisinin böyük hissəsini Azərbaycan maliyyələşdirir.
“İran şirkətləri artıq buna maraq göstərir”
Ermənistan hökuməti İranla da əlaqələri dərinləşdirməyə can atır, belə ki, bu ilin sonunda qonşu ölkə ilə sərhəddə “azad iqtisadi zona” yaratmaq niyyətindədir.
İqtisadi inkişaf və investisiya nazirinin müavini Hovannes Azizian-ın sözlərinə görə, azad ticarət zonası İran sərhədinin bir neçə kilometrliyində yerləşən Syunik əyalətinin kiçik şəhəri olan Agarakda yaradılacaq.
“Bu, turizmə şərait yaratmaq və hər hansı gömrük öhdəliyi olmadan adamları mal almağa həvəsləndirmək üçün vacibdir”, – Hovannes Azizian müxbirlərə deyib. “Biz həmçinin gözləyirik ki, İran tərəfi azad ticarət zonasında Avrasiya İqtisadi Birliyi və Avropa kimi digər bazarlar üçün məhsul hazırlanmasına maraq göstərəcək”, – nazir müavini əlavə edib.
Hovannes Azizian vurğulayıb ki, onlar bunun zonanın təşkilatçıları və benefisiarları üçün mənfəətli müəssisəyə çevriləcəyinə inanırlar.
Vergi cənnəti yaradılması planı ilə bağlı rəsmi Yerevan hələ avqustda açıqlama yaymışdı. O vaxt baş nazir Hovik Abrahamian demişdi ki, İran biznesmenləri burda sənaye sahəsində şirkətlər qura biləcəklər və öz məhsullarını Rusiya və digər Avrasiya ölkələrinə rüsumsuz göndərə biləcəklər.
“Artıq maraq var”
Hovannes Azizian-ın sözlərinə görə, bəzi İran şirkətləri artıq bu zonaya maraq göstərib. Nazir müavini ümid edir ki, bu layihə Ermənistanın İranla ticarət əlaqəsini daha da gücləndirəcək. 2016-cı ilin yanvar-noyabr aylarında İranla ticarət dövriyyəsi 220 milyon dollar civarında olub.
Hər iki ölkə rəsmilərinin nikbin bəyanatlarına baxmayaraq, İrana sanksiyaların 2015-ci ildə qaldırılması, hələ ki, ikitərəfli ticarət həcminə müsbət təsir etməyib. Hovannes Azizian bildirib ki, bunun əsas səbəblərindən biri Ermənistan və İran arasındakı bank əməliyyatlarında uzun sürən məhdudiyyətlərdir.
“Əgər iki şirkət bir-birinə pul göndərə bilmirsə, bu, onların iş görməyini çətinləşdirir. Ümid edirik ki, bu problem də öz həllini tapacaq”, – deyən nazir müavini əlavə edib ki, onda Ermənistanın İrana ixracı 30 faiz qalxardı. Hovannes Azizian ona da ümid edir ki, İran hökuməti Ermənistan malına aşağı idxal rüsumları tətbiq edəcək.
Ermənistan İrana elektrik enerjisi ixrac etməklə yanaşı, ət, şirələr və şirniyyat məhsulları da göndərir.
Ötən il İran prezidenti Hassan Rouhani Ermənistana səfəri zamanı bildirmişdi ki, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsini istərdi: “Biz yaxın aylarda, illərdə Ermənistan-İran əlaqələrinin bütün imkanlarının istifadəsi üçün hər şey edəcəyik”.