Ermənistan bunun cavabını layiqincə alacaq – Polkovnik

0
600

Azərbaycan Respublikası beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam qətiyyətlə riayət edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə deyil, məhz sülh vasitəsilə həll olunmasını dəstəkləyir.

Bu fikri Ermənistan tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumata münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik, Əzizağa Qənizadə AzərTac-a açıqlamasında deyib.

 

Əzizağa Qənizadə qeyd edib ki, Azərbaycanın bu səylərinə baxmayaraq, Ermənistanın hərbi rəhbərliyi guya bizim tərəfimizdən oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və onları itkilərə məruz qoyması barədə növbəti dəfə böhtan xarakterli məlumatlar yayıb. Azərbaycana qarşı söylənən bu ittihamlar tamamilə yanlışdır və həqiqətə uyğun deyil. Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini dəfələrlə pozur və cəbhə bölgəsində yaşayan əhalini hədəfə alır. Atəşkəs rejiminin pozulması halları ya Ermənistan hərbi rəhbərliyinin göstərişi əsasında planlı şəkildə həyata keçirilir, ya Ermənistan silahlı qüvvələrində nizam-intizamın aşağı səviyyədə olmasının nəticəsidir, ya da ki, gecə saatlarında düşmən əsgərləri vahimə içində olduğuna görə bu hallar baş verir.

 

“Bu, onu göstərir ki, bu ilin aprelində cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının uğurla alınması qarşı tərəf üçün dərs olmayıb və onlar bundan nəticə çıxarmayıblar. Ermənistan silahlı qüvvələri törədə biləcəyi istənilən təxribatın cavabını layiqincə alacaq və onlara qarşı Silahlı Qüvvələrimiz tərəfindən daha sərt tədbirlər görüləcək”, – deyə Ə.Qənizadə qeyd edib.

Axar.az

BIR CAVAB BURAXIN