Ermənilər xalq şairimizə səngərdə nə demişdi?

0
642

 

 

 

 

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.

 

Axar.az professorun xalq şairi Söhrab Tahirlə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

 

Mən də onları təmiz türkcə danışdırdım…

 

Bir gün mərhum Prezident Heydər Əliyev Söhrab Tahirə təkidlə “Yaxşı bilirəm, sən şeir alverçisi deyilsən, götür Azərbaycanın ən qədim tarixini nəzmə çək”, – deyir.

 

Şair də düz 14 ilə 62 min misralıq, 2000 səhifəlik “Ata” eposunu yazıb. Lakin vaxt uzanıb və Ulu Öndərə əsəri görmək müyəssər olmayıb. Vaxt bir də o üzdən uzanmışdı ki, şair bir dənə də olsun ərəb-fars sözü işlətməyib. Bu gün dilimizdə möhkəmlənən bir çox sözü dəyişib əsil türkcə ilə əvəzləməyə çalışıb. “Bu, necə mümkün oldu, qəribə deyilmi”, – deyə, ondan soruşanlara şair belə cavab verir:

 

– 11 min il bundan qabaq tariximizdə nə ərəb, nə də fars var idi, sözləri də yox idi dilimizdə. 800 aparıcı surətim – sərkərdələr və şahlar daxil olmaqla, hamısı o vaxt təmiz türkcə danışıb. Mən də onları təmiz türkcə danışdırdım.

 

Mən bir də qayıdıb gələcəyəm…

 

Söhrab Tahir Tacikistanda imiş: Azərbaycandan və digər ölkələrdən gələn şairlər çıxış edir. Özü bir ürək adamı olan Söhrab müəllim burada deməyə seçdiyi şeir alqış və göz yaşları ilə qarşılanır. Həmin şeirdə gənc həkim ana sağalmaz xəstəliyə düçar olub, nəhayət, müalicənin əbəs olduğunu, xəstəliyinin çox ağırlaşdığını görüb, özü dərin iztirablar içində olsa da, balaca balasını – oğlunu düşünür və onunla söhbət etməyi qərarlaşdırır: “Oğlum, mən səndən ayrılacağam yaxınlarda, öləcəyəm, məni aparacaqlar… Amma üzülməni, ağlamanı istəmirəm. Çünki mən bir də qayıdıb evə gələcəyəm, amma belə olmayacağam, istəyirəm, o zaman düşünməyəsən ki, o gələn mən deyiləm, çünki mən daha cavan olub gələcəyəm, sağlam, yanaqlarım qırmızı, saçlarım gözəl, şən, hey danışıb güləcəyəm… Sən bil ki, o mənəm, yenə gəlmişəm evimizə sənə görə… Səni döysəm də, ağlama… Mən çox dəyişiləcəyəm…”

 

Hökumət sırasından belə hıçqırıq səsləri gəlirmiş. Sabahkı tədbirdə dövlət başçısı xanımı ilə ona yaxınlaşıb “mən evdə o şeiri dedim, xanımım sizi görməyə, o şeiri özünüzdən dinləməyə gəldi”, – deyir.

 

Bu oxuduqlarım Söhrab Tahirindi…

 

Böyük şair Xəlil Rza Ulutürkün şeir məclisləri çox coşqun, hər biri bayram şənliyi kimi keçərdi. Getdiyi yas məclislərində belə təkcə onu dinləyirdilər. Beləcə, heç kim, şair dostlarından heç birisi şeir görüşlərinə şair olaraq qatılmaq istəməzdi: onsuz da, hər kəs Xəlil Rzanı dinləməyi arzulayardı, kimsəyə yer qalmazdı. Xəlil Rza bir gün Söhrab Tahiri özü ilə aparır, təbiəti etibarı ilə nikbin, həm də mehriban insan olan Söhrab razılaşır. Gedirlər görüşə: salon müntəzir,  aşıb-daşır. Xəlil Rza tribunaya qalxır, bir şeir deyir əzbərdən, alqışlanır, təkrar birini, sonra digərini, salonu ələ almaq mümkün deyil: hamını bir həyəcan sarıb. Bu anlara ya salon de, ya da fırtınalı dəniz, fərq etməz. 5-6 şeirdən sonra yenə qopan alqışlar səngiyəndə Xəlil Rza “Bu oxuduqlarım Söhrab Tahirindir, indi sizə öz şeirlərimi oxuyacağam”, – deyir. Belə böyüklük vardı onda.

 

Kranlardan süd, bal axır…

 

Təbrizdə qurulan Demokratik Milli Hökumət onu 1946-cı ilin aprelində Bakıya oxumağa göndərir. Şair o günləri belə xatırlayır:

 

– Qatarla yol gəlirdik, sovet təbliğatçıları orada demişdilər ki, Bakıda evlərdə üç kran var, açırsan birindən süd, birindən su, digərindən pivə və ya bal gəlir. Toyuqlar harada gəldi yumurtlayır, baxan yoxdur. Amma elə ki, qatarımız sərhədi keçirik, Culfada vaqonun yanı ilə uşaqlar “çörək, çörək”, – deyə qışqırıb qaçırlar. Əvvəl elə bildik, bu, bir quramadır, bizi yoxlayırlar. Lakin onların halına dözməyib onlara çörək atdıq, yumru, koppuş Təbriz çörəklərimiz vardı. Pəncərələrdən atdıq və uşaqların bir an içində onları necə didişdirib yemələri, gördüklərimiz bizi sarsıtdı. Elə sərhəddəcə kranlardan süd-bal gəlməyəcəyini dərk etdik.

 

Bura sənin yerin deyil…

 

Qarabağ müharibəsi başlayan vaxtlar idi. Şair Söhrab Tahir ön cəbhəyə, birbaş səngərlərə – əsgərlərlə görüşə gedir. Onun ön xəttə gəldiyini düşmən mövqeyindən də görürlər. Başında qaragül papaq, əynində böyük, isti palto olan yaşlı şair sadəlövhcəsinə düz yolla, gizlənmədən, qorunmadan gedir. Ermənilər öz səngərlərindən bağırışır: “Molla, ay molla, qayıt get, bura sənin yerin deyil”.

 

Nə bilim, sən Söhrabsan?

 

Cənubi Azərbaycanda Demokratik Hökumət qurularkən 16 yaşında olan Söhrab Tahiri oxumaq üçün Bakıya göndərirlər. Şah qoşunları hücum edib Təbrizdə Milli Hökuməti yıxdıqdan sonra o da bir çoxları kimi geri dönə bilməyib Sovet Azərbaycanında qalmalı olur. Təbii ki, o tayda yaxınlarının onun öldü-qaldısından xəbəri olmur. Məktublaşmaq da yasaq. Nəhayət, 20 ildən sonra hökumət izn verir, o, evlərinə zəng edir. Ana bu səadətə birdən-birə inana bilmir, səsi titrəyə-titrəyə “nədən bilim, sən Söhrabsan”, – soruşur. Nə deyəcəyini kəsdirə bilməyən şair üzündəki mis pul böyüklüyündə xala işarə ilə “ana, sənin üzündəki xaldan eynilə mənim üzümdə də var”, – deyir.

 

Məşədi xanım…

 

Söhrab Tahirin xanımı rus qızı idi: təbiətən baməzə adam olan şair arvadına “Meşat xanım”, – deyirdi. Şairin ağzından bu ifadəni götürən yaxın dostları da onu beləcə adlandırırdı. Xanım isə o taylı olan ərinin onu çox hörmətkar bir tövrlə anmasından məmnunluq keçirirdi. Bəs necə? Məşədi xanım! Xanım belə şərəfli tituldan çox razı qalırdı. Əslində isə şairin xanımı çox qısqanc olduğundan onun hər bir hərəkətini izləyir, sərbəstliyinə darılaraq hər bir işinə qarışırdı. Böyük sənətkar isə onu sadəcə “Meşat xanım”, yəni “mane (meşat) olan” adlandırırdı.

 

BIR CAVAB BURAXIN