“Ermənilər buna görə heçnə qazanmadı” – Erməni KİV

0
706

Böyüt”Rusiya Dövlət Dumasına seçkilərdə iştirak edəcək siyasi partiyalar siyahılarını dərc edib. Proporsional sistem üzrə və birmandatlı majoritar dairələrdə 20-yə yaxın erməninin namizədliyi irəli sürülüb. Onların şansları yüksək qiymətləndirilir. Məsələ bundadır ki, deputatlığa potensial namizədlər erməni diasporuna nə qədər fayda verəcək və ümumiyyətlə Rusiya parlamentində ermənilərin maraqlarına xidmət edəcəkmi?” APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Novoye vremya” nəşrində dərc olunan məqalədə deyilir.
“İlk növbədə qeyd edək ki, erməni diasporunun strukturları (nadir istisnaları nəzərə almasaq) erməni əsilli namizədlərin irəli sürülməsində hər hansı rol oynamayıb. Etnik ermənilər seçkilərdə icmasını yox, siyasi partiyasını təmsil edəcək. Müvafiq olaraq, onlardan bir çox şeyi tələb etmək çətin olacaq. Buna baxmayaraq, inanmaq istərdik ki, onlar milliyyətini yada salacaq və tarixi yurdunun maraqlarını müdafiə edəcək”, – məqalənin müəllifi Artyom Yerkanyan yazır.
Onun sözlərinə görə, ən az erməni namizəd hakim “Vahid Rusiya” partiyasının düşərgəsindədir: “Burada ermənilərin Rusiyadakı sayca beşinci etnik azlıq olması nəzərə alınmalıdır. Axı Rusiyada yaşayan ermənilərin sayı müxtəlif hesablamalara əsasən ölkə əhalisinin 1,5-3%-ni təşkil edir. Hakim partiyadan cəmi bir erməninin namizədliyi (Xakasiyadan) irəli sürülüb ki, bu da Artur Çilingərovdur. Artıq indidən demək olar ki, Çilingərov deputat seçilib. Çilingərov Rusiya tarixində dalbadal 4 dəfə Dövlət Dumasının vitse-spikeri seçilən yeganə şəxsdir. Lakin Çilingərovu Ermənistanın maraqlarını müdafiə edən şəxs kimi qələmə vermək çətindir. Son illər ərzində o nədənsə həmyerlilərindən kənar qalmağa üstünlük verirdi. Aprel ayında Azərbaycanla Ermənistan arasında baş verən dördgünlük müharibə zamanı isə erməni jurnalistin sualını cavablandıran Çilingərov qəfildən bildirib ki, o, Rusiya siyasətçisidir və Ermənistanın problemlərinə reaksiya vermək məcburiyyətində deyil”.
Rusiya kommunistləri isə erməni elektoratının və onların arzularının üstündən xətt çəkib. Belə ki, Rusiya Federasiyasının Kommunist Partiyasının federal siyahısında bir erməni namizədə rast gəlmək mümkün deyil. Buna qəzəblənən müəllif məsələyə sarkazmla yanaşır: “Bu da beynəlmiləl kommunizm”.
“Liberal-demokratlar partiyasının siyahısında isə ermənilər var, lakin onların deputat olmaq şansı böyük deyil. Bundan başqa, lazımi sayda səs yığanların deputat olacağı da fakt deyil. Ötən seçkidə lazım olan səs baryerini aşan erməni əsilli biznesmenlər Suren Nacaryan və Armen Şaginyan deputat ola bilmədi. Sədr Vladimir Jirinosvki başda olmaqla partiya rəhbərliyi buna imkan vermədi. Onlara qarşı ikinci, Ermənistan vətəndaşlığının olması ittihamı irəli sürüldü. Təbii ki, seçkiqabağı kampaniyaya xərclənən pulları onlara heç kim qaytarmadı”, – deyə müəllif bildirir.
Erməni diasporu ən çox “Yabloko” partiyasından irəli sürülən namizədlərə ümid bağlayır. Məsələn, Krasnodardan namizədliyi irəli sürülmüş milyoner Artyom Tarasov erməni əsillidir. Həştərxandan isə Sergey Qevorkyan liderlik edir. Müəllif qeyd edir ki, “Yabloko” partiyasının Dövlət Dumasından çəkisi o qədər də böyük deyil, ona görə, adıçəkilən şəxslərə də ümid bəsləmək düzgün olmaz.
“Rusiyadakı ermənilərin potensialını layiqincə qiymətləndirən yeganə partiya “Ədalətli Rusiya”dır. Partiyanın real namizədlərindən altısı ermənidir. Onlardan biri jurnalist Roman Babayandır (bu şəxs Azərbaycan XİN-in “qara siyahısı”ndadır). Politoloq Semyon Baqdasarovun yenidən deputat olacağı da heç kəsdə şübhə doğurmur. Daha bir namizəd Ohanes Ohanyandır ki, bu şəxs ermənilərin maraqlarına biganə qalır. Erməni diasporu onun 5 illik deputat fəaliyyətindən demək olar ki, heç nə əldə etməyib”.
Məqaləyə yekun vuraraq müəllif bildirir ki, ümumilikdə erməni diasporu erməni əsilli deputatların fəaliyyətindən heç nə qazanmayıb: “Budəfəki seçkilərdən sonra Dövlət Dumasında ən pis halda 3, ən yaxşı halda 6 erməni deputat olacaq. Bu azdı, ya çox? İndiki Dumada bir erməni var. Bundan öncəki Dumada 4 erməni əyləşirdi. Bir şey dəqiqdir ki, indiyədək Dumada ermənilərin olmasından ermənilər heç bir şey əldə etməyib”.

BIR CAVAB BURAXIN