Virtualaz.org-un redaksiyasına Yerevandan məktub yazan 49 yaşlı erməni qadın Süzan Vladimirovna Caginyan bildirir ki, bütün SSRİ-də anadan olmuş şəxslər kimi, o da layiqli təhsilə və ali təhsilə malikdir. Pedaqoq, jurnalist və musiqiçidir. 18 yaşından 2010-cu ilə kimi Ermənistan vətəndaşı olub. Vətəndaşlığını dəyişməyib və heç zaman 6 aydan artıq müddətə ölkəsini tərk etməyib. Lakin 2000-ci ildən başlayaraq Ermənistanda baş verənləri qələmə almaqda çətinlik çəkir. Özünün dediyi kimi, burada “sözlər acizdir”.
Süzan Caginyan ölkəsindəki vəziyyət barədə yazır: “Yalan, korrupsiya, qanunların tamamilə saya alınmaması, siyasi problemlərin həlli kimi insan qətlləri, Qarabağ marginalları və cinayətkarları tərəfindən hakimiyyətin zəbtinə etiraz edənlərin yox edilməsi və bu kimi bir çox cinayətlər ölkədə normal hala çevrilib”.
Bütün bu baş verənlərin özündən də yan keçmədiyini bildirən Caginyan bu cinayətkarlarla barışmaz mübarizə apardığını yazır.
“1996-cı ildə Ermənistan hökumətinin qərarı ilə mənə verilən mənzildə yaşayıram, lakin o vaxtdan bəri müxalifətçi yazılarıma cəza tədbiri kimi, şəhər meri və bütün səlahiyyətli orqanlar mənə bu mənzilə aid order verməkdən imtina edilər.
2008-ci ildə, nəhayət, mənzilə dair mülkiyyət hüququmu rəsmiləşdirmək qərarına gəldim, lakin meriya tərəfindən, demək olar ki, zorakılığa məruz qaldım. Qanunlardan yaxşı baş çıxardığımı görən merin hüquqşünası məni yumruqlamağa və söyməyə başladı. Mən polisə müraciət etdim. Lakin günahkar özümü çıxardılar – guya ki, mən hüquqşünasa hücum etmişəm. İdarənin işçiləri də məhkəmədə üzümə durdular. Mən xuliqanlıqda ittiham olundum.
Bundan sonra müstəntiq məni axtarışa verdi. Ertəsi gün məni öz evimdə “tapdılar”. Bu artıq 2009-cu ildə baş verirdi. Bundan sonra baş verənlər məntiqdən kənara çıxır və dəhşətli yuxunu xatırladır.
Onillər boyu mənə iş yeri tapılmayan bir ölkədə pasport masasına yaxınlaşaraq, xahiş etdim ki, ölkədən çıxmağım üçün viza verilsin və məlum oldu ki, mən… ölmüşəm. Hakim qərar çıxarıb ki, 2010-cu ildən bəri mən həyatda yoxam. Qərarın sonunda isə yazılıb ki, bu qərara ram olmayacağım təqdirdə, qərar məcburən yerinə yetirilməlidir. Həmin vaxt keçirdiyim hissləri izah etmək mümkün deyil.
Sən demə, 2009-cu ildə mənim itkin düşməyim barədə qərar verilibmiş Halbuki, mən cəmi yarım il Moskvada olmuşam, sonradan qeydiyyatdan keçərək ölkəmə qayıtmışam və heç bir yerə çıxmadan evimdə oturmuşam. Bu azmış kimi, 2009-cu ildə pasportumun istifadə müddəti bitdiyindən, onun müddətini 2014-cü ilə kimi uzatmışam”.
Daha sonra Süzan Caginyan yazır: “Bundan sonra məni mənzilə dair hüquqlarımdan məhrum etdilər. Daxili işlər nazirinə və baş prokurora müraciətlərim cavabsız qaldı. Elə təəssürat yaranırdı ki, diri ola-ola ölü sayılmaq adidən adi işdir. Heç kimə maraqlı deyildi ki. mən Ermənistan boyda bir həbsxanada məhkum olunmuşam. Məhkəmə də hüquqlarımı bərpa etməkdən imtina etdi. Televiziyaya müraciət etdim ki, bu məsələ ictimailəşsin. Daha sonra müxalifətçi hərəkata qoşuldum. Bir sıra aksiyalarda iştirakımdan sonra məni həbs etdilər və terrorçuluqda ittiham olundum. Mənə 1 il müddətinə həbs cəzası verildi”.
“Bu gün mən artıq bu ölkənin vətəndaşı olmaq istəmirəm. Lakin mən vətənpərvər olmaqda davam edirəm və onu “Qarabağdan gəlmələr”in ümidinə qoymaq istəmirəm. Mənə. sadəcə olaraq, səmimi dəstək lazımdır. Bütün ölkə işğalçıların tapdağı altında inləyir, amma mənim başıma gələnlər bir insan, bir tale və ələlxüsus bir qadın üçün həddən çoxdur”, – Süzan Caginyan yazır.