İki gün öncə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 36-cı qurultayı keçirildi. “Ədalət və cəsarət” şüarı ilə keçirilən qurultayda partiya başqanlığına iki namizəd olub. Başqanlıq uğrunda Kamal Kılıçdaroğlu ilə Muharrem İnce mübarizə aparıb. Səsvermənin sonunda Kamal Kılıçdaroğlu 790 səs alaraq yenidən CHP başqanı seçilib.
Modern.az xəbər verir ki, qurultayda diqqət çəkan məqamlardan biri keçmiş səfir Əhməd Ünal Çeviközün CHP Məclis üzvlüyünə seçilməsidir. O Ünal Çeviköz ki, vaxtilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Əhməd Ünal Çeviköz Türkiyə Xarici İşlər Nazirliyininin son dövrlərdəki ən önəmli simalarından hesab edilirdi.
Təəssüf ki, 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz ermənilərə simpatiya bəsləyən siyasi fiqurlar sırasında yer alır.
2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Məlum protokolları hazırlayarkən Əhməd Ünal Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.
Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi.
Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Fransa, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonradan nə Türkiyə, nə də Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi.
Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz 2001-2004 illərdə Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb.
Əhməd Ünal Çeviköz vaxtilə diplomatiya sahəsində çalışıdığından siyasi partiya üzvü ola bilməzdi
Çeviköz təqaüdə çıxandan sonra xarici siyasətə dair analizlərilə mediada çıxış etməyə başlayıb.
Bununla yanaşı o, bir siyasi araşdırmalar institutu da yaratdı – Ankara Politikalar Mərkəzi.
Sabiq diplomat son illər TV-lərdə diplomatik təhlilçi kimi şərhlərlə də çıxış edir.
Maraqlıdır ki, o, bu yaxinlarda “Qalatasaray” futbol klubunda seçkili quruma da gətirilmişdi.
İndi CHP Məclisi üzvlüyünə seçilməsindən sonra Əhməd Ünal Çeviközün başkan müavinliyinə gətirilməsi də ehtimal olunur
Bu arada Türkiyədə Ünal Çeviközün CHP rəhbərliyinə gətirilməsi “sürpriz” olaraq dəyərləndirilib.