Erdoğan xaricdə oxuyan gəncləri “Qərbin könüllü casusları” adlandırıb
“The Telegraph” qəzetinin yazdığına görə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Qərbdə təhsil alan gənclər vətənə “könüllü casuslar” kimi qayıdırlar.
Məqalədə dərhal qeyd olunur ki, prezidentin özünün üç övladı ABŞ-da təhsil alıb.
New York-da keçirilən tədbirdə Türkiyə lideri deyib ki, “Qərbə oxumaq üçün göndərilənlər oradan öz mədəniyyət və kimliklərini itirirərək və yalnız Qərb mədəniyyətinin daşıyıcıları olaraq qayıdırlar”.
“Ölkənin problemlərini çözəcəkləri üçün gözlədiklərimiz oradan Qərbin könüllü casusları kimi qayıdırlar,” deyib Erdoğan.
“The Telegraph” yazır ki, 4 övlad atası olan prezidentin uşaqlarından üçü Amerika universitetlərində təhsil alıb.
Onun qızı Esra və oğlu Bilal ali təhsillərini Indiana Universitetində alıblar. Erdoğanın daha bir qızı Sümeyya magistr dərəcəsinə elə həmin universitetin İctimai və Ətraf Mühit İşləri fakültəsində sahiblənib.
“The Telegraph” yazır ki, cənab Erdoğan 2014-cü ildə Indiana Universitetinin rektorunu İstanbulda qəbul edib və bundan başqa Türkiyə lideri öz xanımı Emine ilə həmin universitetin Indiana ştatının Bloomington şəhərindəki yataqxanasına baş çəkib.
“The Telegraph” yazır ki, prezidentin qızları başlarını bağlayırlar. Bəzi məlumatlara görə, onların Türkiyədə təhsil almaq istəməməsinə səbəb ölkə universitetlərində 2010-cu ilədək baş örtüyünün qadağan edilməsi olub.
Bilal da öz magistr təhsilini Harvard Universitetinin nüfuzlu John F Kennedy hökumət məktəbində alıb. Bu da məlumdur ki, o, John Hopkins Universitetində elmi dərəcə almaq üçün oxuyurdu, lakin bu təhsilini başa vurub-vurmadığı bəlli deyil.
Məqalədə deyilir ki, Erdoğanın bir çox vəzifəli kabinet üzvləri də Qərbdə təhsil alıblar.
Özünün nitqində cənab Erdoğan gileylənib ki, yüz illərlə türk gənclər xaricə təhsil almaq üçün göndərilib, lakin oradan Qərb ideyaları ilə qayıdıblar.
“Öz xalqına yuxarıdan aşağı baxanlar, öz dəyərlərinə nifrət edənlər bilsinlər ki, bizim düşmənlərimiz də bizə dırnaqarası ziyalılarımızın vurduğu ziyanı vura bilməyiblər” – deyib Erdoğan.
“The Telegraph” yazır ki, Erdoğanın bu bəyanatları sosial mediada bəzi türklərin hiddətinə səbəb olub. Onlar prezidenti riyakarlıqda ittiham ediblər.
Isa Gokturk YILMAZ adlı istifadəçi yazıb ki, “Erdoğan bu gün bizim parlaq beyinlərimizin xaricə gedərək ordan casus kimi qayıtdıqlarını deyib. Onun 4 övladı da ABŞ və Britaniyada oxuyub”.
Has Avrat adlı başqa bir Tvitter istifadəçisi isə yazır ki, “deməli onun qızı Sümeyya da casusdur”.
Məqalədə deyilir ki, Erdoğan bundan əvvəl də Qərbi və xüsusilə də Avropa İttifaqını kəskin tənqid atəşinə tutub.