Enerji içkilərinin reklamı qadağan edilə bilər

0
662

Enerji içkilərindən istifadə edənlərin sayı günbəgün artmaqdadır. Universitetdə, məktəblərdə açıq-aşkar satılan bu içkilərdən nəinki gənclər,hətta yeniyetmə və uşaqlar da istifadə edir.

Deyilənlərə görə, yay aylarında bu içkilərdən istifadə etməklə, sərinlənmək və yorğunluğu aradan qaldırmaq olur. Ancaq hətta qış aylarında belə, kifayət qədər bu içkilərdən istifadə hallarına rast gəlinir.

Enerji içkilərinin insan orqanizminə mənfi təsiri barəsində kifayət qədər yazılar dərc edilib. Ancaq hələ də bəzi yarışların, proqramların sponsoru kimi enerji içkilərinin adları qeyd olunur. Daha bir təəssüfedici məqam ondan ibarətdir ki, insanlara bu içkilərin ziyanından danışanda, “ gündə yeni bir şey çıxarırlar” deyib vəziyyətin necə ciddi olduğunun fərqinə varmırlar. Amma sonda fəsadlar ortaya çıxır.

Enerji içkilərinin reklamlarının fəaliyyətinin dayandırılması ilə bağlı Milli Məclisdə məsələnin qaldırılması ilə bağlı məlumat vermişdik. Lakin belə reklamlar hələ də yayımlanmaqdadır. Məktəblərimizdə də vəziyyət acınacaqlıdır.

Cumhuriyyet.net xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirdi ki, enerji içkilərinin reklamının dayandırılması ilə Milli Məclisdə yenidən məsələyə baxılacaq: “ Bu bir gün ərzində həll edilən problem deyil. Amma bu məsələ ilə bağlı işlər gedir.Yaz sessiyası başlayanda biz bir daha bu məsələyə qayıdacağıq. Enerji içkilərinin reklamının dayandırılması gündəmə gəlib,mətbuat və ictimaiyyət bu prosesi dəstəkləyir. Enerji içkilərinin insan orqanizminə, xüsusilə yeniyetmə və uşaqların orqanizminə mənfi təsir etdiyi barədə hər kəs məlumatlıdır. Bunu onun satışı ilə məşğul olanlar da bilir. Yaz sessiyası zamanı bu məsələni bir daha müzakirə edəcəyik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, enerji içkilərinin satışına məhdudiyyət qoyulması vacibdir: “Məktəblərdə enerji içkilərinin satışının dayandırılması ilə bağlı yeni,çox əhəmiyyətli standartlar hazırlanır.Yeni standartın tələblərinə görə,Azərbaycanda məktəblərdə enerji içkilərinin satışı qadağan olunur. Ancaq hal-hazırda 70% məktəblərin bufetlərində, ən əsas rayonlarda enerji içkilərinin satışını müşahidə edirik. Çünki məktəb bufetlərində belə içkilərin satışına direktorlar əksər hallarda icazə verir”.

Eyyub Hüseynov qeyd etdi ki, enerji içkiləri demək olar, hər yerə “ ayaq açıb”.

“Bu isə yolverilməzdir. Hətta Azərbaycanda keçirilən velosiped yarışına “ Red Bull”un sponsorluq etdiyini görəndə məəttəl qaldım. Və təşkilatçılara iradımı bildirdim ki, bu, biabırçılıqdır. Bu, insanların sağlığına ziyan verən bir içkidir”.

Eyyub Hüseynovun sözlərinə görə, enerji içkilərinin insan orqanizmə kifayət qədər mənfi təsiri var: “Bu içkilərdən istifadə edərkən insan bədəni sərinləşir, bədənə enerji yayılır. Bu içkilərdən istifadə edən gənc və uşaqlarda ani ölüm hadisələri ola bilər. Buna görə hər kəsi belə içkilərdən uzaq olmağa səsləyirəm. Bu məsələylə bağlı iş aparılmalıdır,həm məktəblərdə, həm başqa yerlərdə”.

BIR CAVAB BURAXIN