“Emin Hüseynov məndən onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib” – İlham Əliyev

0
581

“Emin Hüseynov məndən onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib” – İlham Əliyev

“Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.
O bildirib ki, buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq: “Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar. Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir”.

Dövlət başçısı qeyd edib ki, burada qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var: “Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır. Bildirilir ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan.

Daha bir məsələ, guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır”.

 

BIR CAVAB BURAXIN