Elnur Allahverdiyev: “Kremlin gerçək məqsədi Qarabağda sülh missiyası deyil

0
1781

“QHT sektoru təmsilçilərinin və ekoloqların Laçın yolunda keçirdikləri aksiya tək Rusiya sülhməramlılarının komandanı Volkovun onların qarşısına çıxması tələbi ilə bitməməlidir. Problem şəxslərdə deyil, ümumi siyasətdədir. Bu gün Volkovdur, sabah başqasını göndərəcəklər. Əsas tələb bu olmalıdır: Rusiya 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Xankəndidə Azərbaycan bayrağı dalğalanmalıdır, separatçıların liderləri həbs edilməli, Moskvadan göndərilən Vardanyan kimiləri ərazimizi tərk etməlidir!”.

Qanunla.Az xəbər verir ki, bu sözləri milli QHT nümayəndələrimiz və ekoloqlarımızın Şuşada keçirdikləri aksiyasını şərh edərkən millət vəkili Elnur Allahverdiyev deyib.

E.Allahverdiyev hesab edir ki, sözügedən aksiya tək vətəndaş cəmiyyəti təmsilçiləri deyil, hər bir azərbaycanlının narazılıq və narahatlığının göstəricisidir. “Bütün problemlərin mənşəyində Rusiya sülhməramlılarının fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyidir. Elə bil gəliblər burada özlərinə yeni yaşayış məskəni salmağa. Ermənilərin xoşuna gəlmək istəyirlər, getsinlər bunu Ermənistanda etsinlər. Kimsə eşidibmi indiyədək Ermənistanın Gümrü şəhərindəki rus hərbi bazasının hərbçisi hansısa erməni ailəsinə bayram hədiyyəsi aparıb, yaxud kiminsə yükünü daşıyıb? Qarabağdakı rus hərbçiləri doğum evlərinə də səfərlər təşkil edirlər. Bunlar buraya nə məqsədlə gəliblər?” – deyə deputat sual verir.

Millət vəkili əmindir ki, Rusiya sülhməramlı kontingenti özünü daha neytral və ciddi aparsaydı, üçtərəfli bəyanatdan irəli gələn vəzifələrini yerinə yetirmiş olardı: “Aydındır ki, onlar da Moskvadan gələn təlimatlara uyğun faəliyyət göstərirlər. Bunu Volkov da dedi, yaxasını kənara çəkmək istədi. Bu onu göstərir ki, Kremlin gerçək məqsədi Qarabağda sülh missiyası deyil, burada qalıb möhkəmlənməkdir. Moskvada Yerevanın sürətlə Qərbə doğru qaçdığını görürlər və açığı, Ukraynadakı hadisələrdən sonra bunun qarşısını almağa taqətləri yoxdur. Yeganə çıxış yolu beləcə ermənilərin başına sığal çəkməkdir ki, bəlkə nəisə alındı. Xankəndidəkilərin də bu sığal ürəyincədir”.

E.Allahverdiyevin fikrincə, vətəndaş cəmiyyəti sektorunun bu addımı tədqirəlayiqdir və məqsədə nail oluncaya qədər davam etməlidir. “Bu, əsl vətənpərvərlik nümunəsidir. Xalqımız onlarla fəxr edir. Ancaq soyuqqanlılığımızı itirməməliyik, ehtiyatlı davranmalıyıq. Qoy dünya görsün ki, biz nə hərbi gücə əl atırıq, nə də ermənilərin hay-küy qaldırdıqları kimi “soyqırımı” törədirik. Azərbaycan cəmiyyəti, əliyalın vətəndaşlar necə ki, 30 illik erməni işğalından bezmişdilər, indi də Rusiya kontingentinin 2 illik özbaşınalığından cana gəliblər. Fikirmcə, heç 3 ili gözləmək lazım deyil, bunların missiyasının aktuallığı məsələsini qaldırmaq lazımdır” – deyə millət vəkili bildirib.

Deputat hesab edir ki, Qərb, xüsusilə də Avropa vəziyyəti yaxından izləməli və nəticə çıxarmalıdır: “Avropanın beynəlxalq təşkilatları QHT-lərlə, vətəndaş cəmiyyəti ilə işləməyi sevir. Buyursunlar maraqlansınlar görək, qeyri-hökumət sektoru nədən narahatdır, aksiyanın məqsədi nədir? Qərb Ukraynada Rusiyanı işğalçı hesab etmir? Rusiya kontingentinin fəaliyyətinə, daha doğrusu, Moskvanın buradakı siyasətinə də qiymət versinlər. Bir yerdə işğalçı olan, digər yerdə sülhməramlı ola bilər?”